Xəzər dənizinin sahillərindən başlayıb Talış dağlarının qoynuna doğru uzanan Astara rayonu sanki təbiətin ən incə duyğularla çəkilmiş bir tablosudur.
Burada səhərlər duman dağların sinəsinə sığınıb sakitcə yayılır, yaşıllığın min bir çaları günəş şüalarına qarışaraq əsrarəngiz bir gözəllik yaradır. Çayların zümzüməsi, torpağın bərəkəti, limon və çayın ətri ilə dolu bu diyar insana həm rahatlıq, həm də ilham bəxş edir. Bu torpaqda təbiət sadəcə gözəllik deyil, həm də ruhun qidasıdır. İnsanın iç dünyasını oyadan, onu yaradıcılığa səsləyən bir qüvvədir.
Belə bir mühitdə dünyaya göz açan Elmir Mədətoğlu üçün musiqiyə gələn yol da təsadüfi deyildi. Onun sənət yolu gərgin zəhmətin, daxili inamın və həyatın sınaqlarından keçərək formalaşan bir taleyin nəticəsidir. Bu yol bəzən çətin, bəzən keşməkeşli olsa da, nəticədə uğura və dinləyici sevgisinə aparıb çıxarıb.
Astaranın Siyəkü kəndində ziyalı ailəsində böyüyən Elmir Mədətoğlu hələ uşaqlıqdan musiqiyə xüsusi maraq göstərib. Məktəb illərində bu maraq daha da dərinləşib və zamanla onun həyatının ayrılmaz hissəsinə çevrilib. Təhsilini başa vurduqdan sonra isə pedaqoji mühitdə fəaliyyətə başlayaraq psixoloq kimi çalışmağa üstünlük versə də musiqyə olan sevgsi bir an belə onu tərk etməyib. Elmir Mədətoğlu işlədiyi kollektivdə böyük hörmət və rəğbət qazanıb; şagirdlər və müəllimlər onu səmimiyyəti, diqqətcilliyi və insanlara yanaşmadakı həssaslığı ilə sevirlər.
Onun peşəkar keyfiyyətlərindən biri də yüksək müşahidə qabiliyyətidir. Elmir Mədətoğlunun nəzərindən demək olar ki, heç nə yayınmır. O, ən xırda detallara belə diqqət yetirməyi bacarır, insanların daxili halını, narahatlıqlarını vaxtında duya bilir. Bu xüsusiyyət onu həm peşəkar psixoloq kimi fərqləndirir, həm də cəmiyyət içində etibarlı bir insan kimi tanıdır.
Eyni zamanda o, yalnız məktəb mühiti ilə kifayətlənmir, Astara rayonunun ictimai həyatında da fəal iştirak edir. Müxtəlif tədbirlərdə, mədəni proseslərdə, ictimai təşəbbüslərdə yaxından iştirak etməsi onun cəmiyyətə bağlılığını və sosial məsuliyyət hissini aydın şəkildə göstərir. Bu fəallıq onun sənətinə də sirayət edir. Yazdığı musiqilərdə həyatın canlı ritmi, insanların duyğuları və ictimai ovqat hiss olunur.
Onun bəstələrində həyatın özü danışır. Sevinc və kədər, insan taleləri, vətən sevgisi və sadə insanların duyğuları bu mahnılarda öz əksini tapır. Elmir Mədətoğlu yüzlərlə mahnının müəllifi kimi tanınır və bu əsərlər müxtəlif ifaçıların repertuarında özünə yer tapıb. Onun bəstələri dinləyicilər tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, uzunömürlü olması ilə də fərqlənir. Bu mahnılar təkcə Azərbaycanda deyil, xaricdə yaşayan soydaşlarımız arasında da sevilərək ifa olunur.
Onun yaradıcılığı ilə yanaşı, insani keyfiyyətləri də diqqətəlayiqdir. Elmir Mədətoğlu sadəliyi və səmimiyyəti ilə seçilən bir insandır. Onunla tez-tez telefon əlaqələrimiz olur, ara-sıra isə görüşmək imkanı da yaranır. Bu ünsiyyətlər zamanı onun sənətə olan bağlılığı və insanlara münasibətdəki içdənliyi daha aydın hiss olunur.

Yaradıcılıq əməkdaşlığımız da bu münasibətlərin təbii davamıdır. Mənim “Qonşular” adlı şeirimə bəstələdiyi musiqi bu əməkdaşlığın səmimi nümunələrindəndir. Mahnını tanınmış istedadlı müğənni Elşad Qarayev yüksək səviyyədə ifa edərək əsərə xüsusi ruh verib. Bu fakt bir daha sübut edir ki, Elmir Mədətoğlu sözə həssas yanaşan, onu musiqi ilə ahəngdar şəkildə birləşdirən sənətkarlardandır.
Onun həyat və yaradıcılıq yolu göstərir ki, həqiqi uğur yalnız istedadla deyil, həm də zəhmət, sədaqət və insanlıqla qazanılır. Elmir Mədətoğlu məhz bu keyfiyyətləri ilə yadda qalan və yaradıcılığı ilə yaşayan sənətkarlardandır.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















