Bu gün XX əsr Azərbaycan ictimai-siyasi fikrinin memarlarından biri, böyük mütəfəkkir, filosof, ədəbiyyat tənqidçisi və milli ideoloji düşüncəmizin banilərindən olan Əli bəy Hüseynzadənin anadan olmasının 162-ci ildönümüdür.
Əli bəy Hüseynzadə təkcə bir alim və ziyalı deyildi. O, millətin düşüncə xəritəsini formalaşdıran, ideoloji istiqamətini müəyyənləşdirən və milli özünüdərk prosesinə yol göstərən böyük fikir adamı idi.
Azərbaycan bayrağının ideoloji müəllifi kimi Əli bəy Hüseynzadə üçrəngli bayrağımıza sadəcə rəng deyil, dərin ideoloji məna və milli gələcək baxışı bəxş etmiş, onu milli kimliyimizi və dövlətçilik iradəmizi ifadə edən ali rəmzə çevirmişdir. Şanlı bayrağımız bu gün də milli varlığımızın fəlsəfi manifesti kimi yaşayır.
Və bu gün də Azərbaycan səmasında dalğalanan bayraq eyni zamanda Əli bəy Hüseynzadənin ideyalarının canlı təcəssümüdür.
Böyük mütəfəkkiri dərin hörmət, sayğı və minnətdarlıq hissi ilə anırıq.
Ruhu şad olsun.
Samir ƏSƏDLİ



















