Hataydan qalan dərs… Türkiyə zəlzələsinin 3-cü ildönümü- Xatirə Xatun yazdı

Hataydan qalan dərs… Türkiyə zəlzələsinin 3-cü ildönümü- Xatirə Xatun yazdı

Türkiyənin Hatay bölgəsində baş vermiş zəlzələdən üç il ötür. Zaman öz işini görür: yaralar qismən sağalır, şəhərlər yenidən qurulur, küçələrə səs-küy qayıdır. Amma dağıntıların altından çıxan bir şey var ki, onu nə zaman silə bilir, nə də yaddaş: insanın öz acizliyi ilə üz-üzə qalması.

O gün torpaq yalnız binaları yox, illərlə içimizdə yığdığımız arxayınlığı da dağıtdı. “Möhkəm” sandığımız divarlar kimi, “təhlükəsiz” sandığımız həyat da bir anın içində çökdü. Zəlzələ insana göstərdi ki, nə qədər hesab aparsaq da, son söz bizə məxsus deyil. Bu dərk – qorxulu olduğu qədər də ayıldıcıdır.
Hatay faciəsi bizə həyatın nə qədər ertələnməz olduğunu anlatdı. Sevdiklərimizə demədiyimiz sözlər, yarımçıq qalan görüşlər, sabaha saxladığımız yaxşılıqlar… Bir gecənin içində “sonra” anlayışı mənasını itirdi. Həyatın ən böyük yanlışı onu həmişə gələcək zamanla danışmaqdır.

O gün insanın insana nə qədər möhtac olduğu da bütün çılpaqlığı ilə üzə çıxdı. Xilas edən texnika yox, çox vaxt bir insanın əli, nəfəsi, səsi oldu. Millət, din, mövqe fərqləri dağıntıların altında qaldı; üzə çıxan tək şey insanlıq idi. Bir parça çörək, bir stəkan su, bir qucaq – bəzən bütöv bir həyat demək imiş.
Zəlzələdə itirilən hər can bizə səssiz bir vəsiyyət buraxdı: həyat bizə aid deyil, bizə əmanətdir. Bu əmanəti kinlə, laqeydliklə, biganəliklə yaşamaq onu itirmək qədər ağır günahdır.
Hatay faciəsi bizə vəzifənin, şöhrətin, var-dövlətin nə qədər əhəmiyyətsiz ola biləcəyini göstərdi. Bir gün əvvəl kirayə pulunu qaldıran ev sahibi həmin gecənin o kirayənişinlərlə eyni ocağın başında keçirdilər. Dağıntılar altından çıxarılan qızıllar, qaş-daşlar var – dövlətin nə qədər vəfasız, etibarsız olduğunun bariz nümunəsidir…

Üç il keçdi. Amma xatırlamaq hələ də borcdur.
Unutmaq – yalnız yaddaş itkisi deyil, vicdan itkisi deməkdir. Hatay zəlzələsi bizə bir mənəvi həqiqəti açdı: insan olmaq, fəlakətdən sonra da insan qala bilməkdir. Əgər bu dərsi unutmamışıqsa, deməli, dağıntıların altından təkcə ölənlər yox, həm də hər kəsi oyada biləcək bir həqiqət çıxıb.

Bütün zəlzələ qurbanlarına Allahdan rəhmət, qalanlara səbr diləyirəm

 

Xatirə Xatun

Share: