Heydər Əliyev nə etdi?.. O, dövlət halına gətirdi…

İqbal Ağazadə yazır…

… Hər bir xalqın taleyində, tarixində şəxsiyyətlərin əvəzedilməz rolu olur. Xalqın, dövlətin tarixini də onlar yazır, yazdırır.
Çox uzaqdan başlamaq istəməzdim. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla xalqımızın və dövlətimizin çağdaş dünyada yeri və adı fərqli yazılmağa başlaylb. Bu günü və onu elan edən şəxsiyyətləri kimsə ölkəmizin adından və tarixindən silə bilməz.
Başda qurucu babamız Məhəmməd Əmin Rəsulzadə olmaqla o böyük insanlar Azərbaycanımızın adını dünya dövlətləri sırasına yazdırıblar. Hər birinin ruhu qarşısında baş əyir və M. Ə. Rəsulzadəni də qurucu babamız deyə yad edirik.
Lakin tale elə gətirdi ki, dünyanın tanıdığı bu Cümhuriyyət cəmi 23 ay yaşadı. Rusiya özgürlüyümüzü əlimizdən aldı…
1988-ci ildə SSRİ-də yaranan münbit siyasi abi-hava milli-azadlıq hərəkatının başlanması üçün şərait yaratdı. Azərbaycan da ilk dövrdə, baxmayaraq ki, erməni separatçılığına qarşı meydanlara çıxdı, lakin sonra mübarizə azadlıq savaşına çevrildi.
Şübhəsiz bu dövrə mərhum Əbülfəz Elçibəy liderlik etdi.
Mücadilə ( Bütün müttəfiq Respublikaların birgə mübarizəsilə) SSRİ-nin dağılmasıyla sonunclandı və Azərbaycan müstəqil oldu.
Milli azadlıq hərəkatının lideri və iştirakçıları hakimiyyətə gəlsələr də, cəmi bir ildən sonra ölkədəki hərbi qiyam və xaos səbəbiylə o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən rəhmətlik Heydər Əliyevi paytaxta dəvət edərək iqtidarı ona təhvil verdilər…
1993-cü ilin 15 iyunu mərhum H. Əliyevin hakimiyyətə yenidən gəlişi günü oldu. ( Çox sonra həmin tarix Milli Məclisdə Qurtuluş günü kimi rəsmiləşdirildi).
Bu gün rəhmətlik H. Əliyevin anadan olmasının 100 illiyidir. Bu yazını da məhz onun 100 illiyinə həsr edirəm.
Azərbaycan tarixinin düz 23 ili bu insanın birbaşa hakimiyyıti dövrünə təsadüf edir. 13 il SSRİ zamanında, 10 il müstəqillik dönəmində ölkəmizə H. Əliyev rəhbərlik edib.
SSRİ dönəmində sıravi Azərbaycan vətəndaşları onunla qürur duyurdular, xüsusilə Moskvada SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işlədiyi dönəmdə hər kəs onun adını fəxrlə çəkirdi. Azərbaycandan mərkəzdə təmsil olunan ikinci şəxs idi. ( İlk dəfə N. Nərimanov mərkəzi hakimiyyətdə qısa müddətdə çalışmışdır)
Lakin mərhum H. Əliyevin nüfuzu və 5 illik fəaliyyəti azərbaycanlılar üçün xüsusi əhəmiyyətə malik idi.
1987-ci ildə başlanılan yenidənqurma işləri adı altında M. Qorbaçov nüfuzlu partiya işçilərini vəzifədən azad etməklə onların keçmiş fəaliyyətini təftişə başladı. Beləliklə də, H. Əliyev də daxil nüfuzlu partiya rəhbərlərini vətəndaşların gözündən salmağa çalışdılar.
Lakin 1993-cü il iyun qiyamı zamanı həm xalqın, həm də iqtidardan devrilməyə çalışılan komandanın H. Əliyevə müraciəti ona olan etimad və inamın sarsılmadığını göstərdi.
Xalq xilaskar kimi onu gördü, iqtidar ( həm də Kommunist Partiyasına düşmən olduqlarını bəyan edənlər) son ümid yeri kimi H. Əliyevi hakimiyyətə dəvət etdi.
Heydər Əliyevin müstəqil Azırbaycana rəhbərlik dövrü başladı…
Çox sevdiyim ifadələrdən biridir – “Tarixin içində yaşadığımızdan, bəzən olanlara və tarixi şəxsiyyətlərə obyektiv qiymət verə bilmirik.”
Onları suçlayırıq, birimiz qəhrəman, birimiz avtoritar, digərimiz bacarıqsız çıxarırıq.
Çünki onlar Liderdir və bizlər onlardan umuruq, onları güclü, bəzən hətta hər şeyə qadir kimi bilirik.
Heydər Əliyev də ən çox umulan, gözlənti olan lider idi.
Biz H. Əliyevdən həm itirilmiş Qarabağın geri qaytarılmasını, 1 milyona yaxın məcburi köçkünün yerləşdirilməsi və təminatını, həm demokratik cəmiyyət qurulmasını, həm sosial vəziyyətin düzəldilməsini, həm ədalətli cəmiyyətin yaradılmasını gözləyirdik. Həm də cəmi on illik hakimiyyəti dönəmində…
Mən hələ silahlı qruplaşmaların ləğvi, etnik- separatçılığın aradan qaldırılması, Rusiya, İran kimi dövlətlərin təhdidi, Qərbin tələbləri, ölkə resuslarından pay umanların maraqlarının təminatı, daxili qarşıdurmaların aradan qaldırılması kimi məsələləri demirəm…
Umurduq, çünki onu çox böyük və hər şeyə qadir bir lider hesab edirdik.
Nələrsə olmayanda və ya uzananda, ümidlərimizin puç olduğunu görüb tənqid də edirdik, hətta ən amansız formadan belə çəkinmirdik.
H. Əliyev nə etdi?
Dünən hər tərəfdən tənqid etdiyimiz insanın fəaliyyətinə bu gündən baxanda çox şey etdiyini səmimi etiraf etməliyik.
H. Əliyev ilk konstitusiyanı qəbul etdi, ( Dəyişdirilməsi üçün açıq maddələr olsa da) etnik-milli separatçılığın qarşısını aldı, Azərbaycanın federallaşmasına imkan vermədi, Rusiya, İran təhdidini durdurdu.
Ölkə daxilində təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhdid olan silahlı qruplaşmaları dağıtdı və güc müstəvisində, qeyri-konstitusion yolla hakimiyyətə gəlişin bütün yollarını qapatdı.
Ölkənin Avropa coğrafiyasına aid olduğunu bir siyasi kurs kimi ortaya qoydu və Avropa Şurasına üzv etdi.
Böyük neft kontraktlarını bağlayaraq həm ölkənin gələcək iqtisadi təminatını əldə etdi, həm də iqtisadi imkanlarımızdan pay uman ölkələrlə uzlaşma saxladı.
Parlamentə ilk seçkilər keçirildi, ölüm hökmünün aradan qaldlrılması üçün müsbət mövqe sərgilədi, bələdiyyə institutu yaratdı.
Bir sözlə , dövlət dövlət halına gəldi…
Umduqlarımızın bir xeylisi də gerçəkləşmədi. Xəyal qırıqlığı yaşadıq. Bunun üçün üstünə getdik, tənqid etdik, bəzən ifrata vardıq.
Qarabağı işğaldan azad etmədi. Biz tələb etdik, sanki bilərəkdən almır kimi davrandıq.
Qəbul etmək istəmədik ki, zərrə qədər imkanı olsaydı dərhal azad edib də bu tarixi şansı və qəhrəmanlığı kiməsə verməz, ən azı öz adına yazardı.
Amma unutduq ki, bu qədər basqılara, təzyiqlərə baxmayaraq Qarabağa nə müstəqillik, nə də Ermənistana birləşmək şansı tanımadı. Savaşdı, döyüşdü, ala bilmədiyini kimsəyə də yem etmədi. Heç bu yerdən baxmaq istəmədik Qarabağ probleminə.
“Köhnə kadrları hakimiyyətə gətirir” dedik. Amma bircə dəfə məsələyə başqa pəncərədən baxmağa çalışmadıq.
Öz kadrları, tələbələri, yetişdirdiyi insanlar vəzifədə olmayanda üzünə ağ oldular, parlamentdə ayaqlarını yerə döydülər, sözünü kəsdilər. Vəzifəli şəxslər kim güclüdürsə onunla separat danışığa getdilər, vəzifələri naminə çox şeyi satdılar.
H. Əliyev bunları görə-görə başqa necə davranmalı idi ki?
H. Əliyevin 1-ci katib olarkən vəzifəyə gətirdiklərindən neçəsi mərhum Mütəllibov dönəmində ona qarşı Moskvaya donos yazırdı?
Və ya Mütəllibov hakimiyyətində olanlardan neçəsi AXC ilə gizli əməkdaşlıq edirdi?
4 iyun qiyamında qiyamçıların yanında yer alan Xalq hərəkatının nümayəndələri az idimi?
H. Əliyevə kim təminat verirdi ki, onun təyin etdikləri 3-4 oktyabrda, mart hadisələrində qarşı tərəflə separat danışığa gedib bunu satmayacaq?
Bu mənim təxminimdir, amma bəlkə də rəhmətlik H.Əliyevin gerçəkləri imiş. Tanımadığı insanlara necə güvənməli idi?
Hər bir rəhbəri, Prezidenti tənqid etməyə nə qədər desəniz səbəb tapmaq olar. Çünki hər bir vətəndaşdan və ölkənin hər bir problemindən sorumlu məhz odur.
Lakin etdiklərini inkar etmək və onu tarixdən silmək mümkünsüzdür.
Bir ölkənin bir neçə lideri ola bilərmi?
Problemləri bitib tükənməyən ölkənin çoxsaylı liderləri ola bilər.
M. Ə. Rəsulzadə Azərbaycanın xəritəsini, bayrağını, adını, parlamentini yaratdı. O qurucu liderdir.
Ə. Elçibəy müstəqillik savaşına rəhbərlik etdi. Elçibəy Xalq hərəkatlnın lideridir.
H. Əliyev Elçibəyin dəvəti, xalqın istəyilə hakimiyyətə gətirildi. Dağıdılmış, çoxsaylı problemi olan dövləti qorudu, qurdu, təhlükələrdən xilas etdi. O bir dövlət lideridir.
Hələ qaşımızda Qarabağıın tam azadlığı və demokratikləşmə kimi problemlər var.
Onları kim həll edəcək, bu yükü kim çiyinlərinə götürəcək?
Adını tarixə kim yazacaq?
(Prezident İlham Əliyev Qarabağla bağlı problemin böyük hissəsini həll edib. Dövlət sərhədlərini bağlayıb,cəmi beş rayonda suverenliyimizin bərpası və rus qoşunlarının ölkəni tərk etməsi qalıb.)
… Bu gün mərhum H. Əliyevin 100 illik yubileyidir.
Onun Azərbaycan tarixində yeri və rolu əvəzsizdir.
Müasir Azərbaycan dövlətinin qurulmasında, qorunmasında, dövlət halına gəlməsində misilsiz xidmətləri var. Haqqını verməli və daima hörmətlə yad etməliyik.
Ruhu şad olsun.
P. S. Heç kim tarixlə, tarixi şəxsiyyətlərlə vuruşmasın, məğlub olar.
H. Əliyev Azərbaycan tarixinin önəmli bir parçasıdır, yazdığı tarixlə adlnı Azərbaycan tarixinə yazıb.
Eynən M. Ə. Rəsulzadə və silahdaşları kimi…
Share: