BİZ ƏBƏDİ ŞƏHİDİK!

Biz – düşməni dost bilib
Dostlarını tükədən…
Biz – ümidi kəsilib
Parçalanan bir vətən…
 
Keçmişini tərs yozub
Öz başını aldadan.
Hər addımda uduzub
Dadlı aşı yal dadan.
 
Dostun qəlbini qıran,
Yadı bağışlayan – biz!
“Millət” deyib bağıran,
Milləti dışlayan biz!
 
Hər dəfə qucaq açan
Onu vuran birinə.
Düzün önündən qaçan,
Söz danışmaq yerinə;
 
Qorxusundan haqq deyən,
Haqdan qorxan zahidik!
Sədaqətə and içən,
Xəyanətə şahidik!
Biz ömürlük köləyik!
Biz əbədi şəhidik!
Afaq ŞIXLI
 
31.03.18.

Share: