Daha heç vaxt Bakıya qar yağmayacaq? – Açıqlama

Bu qış Bakıya qarın yağmaması iqlim dəyişmələri, istiləşmə ilə bağlıdır, amma “bundan sonra Bakıya qar yağmayacaq” demək olmaz.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji təbliğat şöbəsinin müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, ümumi tendensiya istiləşməyə doğrudur:

“Planetar və qlobal miqyaslı problemdir, yalnız Azərbaycana aid deyil. Amma bir neçə gün öncə Avropada, Çində soyuqlar oldu, qar yağdı. Nə qədər adam da həlak oldu. Yəni demək olmaz ki, gələn il paytaxta qar yağmayacaq. Ötən il Bakıda ciddi soyuqlar və qar var idi. Gələn il isə qar yağa da bilər, yağmaya da. Bəlkə 10 ildən sonra ola bilsin ki, Bakıya qar yağmasın. Yaxın iki-üç ildə qar yağa bilər. Bakıya qar ümumilikdə həmişə az düşsə də, olurdu. Amma bunu o dərəcədə riskli adlandırmaq çətindir”.

Qeyd edək ki Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mətbuata açıqlamasında qış aylarında Bakıya qarın yağmamasının iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlı olduğunu deyib: “Bundan sonra belə olacaq. Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur”.

Müstəqil.Az

Share: