“525-ci qəzet”in 30 illik yubileyi qeyd edilib

“525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir”.

“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunan “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, “525-ci qəzet” Azərbaycanda müstəqillik dövrünün ən davamlı müstəqil mətbuat orqanıdır:

“Bu qəzet 30 ildir, öz aydın yolunu davam edir. Müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir. Onun özünəməxsus siması var. Qəzet çoxprofilli orqandır. Azsaylı mətbuatdır ki, bütün sahələri özündə əks etdirmək imkanı var. “525-ci qəzet” flaqmandır və müasir jurnalistika məktəbidir”.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov qeyd edib ki, sözügedən qəzet cəmiyyətdə baş verənlərə operativ reaksiya verib:

“Nə qədər qəzet gəlib-gedib. Uğur qazanan və qazanmayanlar olub. Amma bu qəzet hörmət qazananlardan və oxunanlardandır”.

Daha sonra digər qonaqların iştirakı ilə qəzetin mətbuatdakı rolu və əhəmiyyəti barədə müzakirə aparılıb.

Sonda İ.Həbibbəyli qəzetin baş redaktoru Rəşad Məcidə “Şuşa qalası” rəsm əsərini hədiyyə edib.

Share: