44 GÜNLÜK SAVAŞIN 44 YAŞLI ŞƏHİDİ… – Əntiqə Qonaq yazır

44 GÜNLÜK SAVAŞIN 44 YAŞLI ŞƏHİDİ… – Əntiqə Qonaq yazır

Əslində 44 yaşına vur-tut 10 gün qalmışdı. Amma o da digər hərbçi yoldaşları ilə bərabər ad günü təntənəsində, ziyafət hayında deyildi. 25 il baş gizir kimi vicdanla, şərəflə xidmət etdiyi, hərbçi andı içərək göz bəbəyi kimi qoruduğu Vətənin düşmən işğalında qalmış ərazilərinin azad olunması əmri verilmişdi. Onlar bu əmri illərdi gözləyirdilər. Silahdaşları ilə bu barədə o qədər danışmış, götür-qoy etmişdi ki… İndi əsl məqam idi. İlqar tank taqımının komandiri kimi hamıdan irəlidə döyüşə atılır. Düşmənin ən ağır, çətin müdafiə xəttini yararaq irəli getməliydilər. Arxadan gələn ordu hissələrinə yol açmalıydılar. Amansız mübarizə gedirdi, mərmilərin torpağa düşərək göyə yüksəltdiyi toz-dumandan göz-gözü görmürdü. İlqar isə “dəmir atı ilə” atəş aça – aça heyətlə birlikdə irəliyə doğru şığıyırdı. Xeyli irəliləmişdilər. Qisas, intiqam hissi qəlblərinə hakim kəsilmişdi. Amma güllə yağışından, raket hücumlarından hər dəfə yayınmaq mümkün deyildi. Belə də oldu. Sinəsini gülləyə sipər edərək durmadan irəli şığıyan İlqarın tankına mərmi düşür və tank heyətlə birlikdə alışır. Amma onun ardıcılları, davamçıları daban-dabana onu izləyirdilər. İlqarın açdığı yolla düşmənin qərar tutduğu son nöqtəyədək getməliydilər. Getdilər də. Zəfəri qazandılar da. Oktyabrın 6-da, Müdafiə nazirliyinin Həzi Aslanov adına Ordu ideoloji və mədəniyyət mərkəzində baş gizir Hüseynli İlqar Şəmiyyət oģlunun 50 illik yubileyinə həsr olunmuş anım mərasimində döyüş yoldaşları, silahdaşları onun orduda qəhrəmanlıqla keçmiş hərbi xidmətindən, döyüş yolundan danışdılar. Təpədən dırnağa vətənpərvər, Vətən sevdalısı olan bu igidin hamıya nümunə olacaq həyat hekayəsini anlatdılar. Döyüş yoldaşlarının sözlərinə görə onlar məhz İlqarın sayəsində sağ qalıblar. Dôyüş zamanı yaralı yoldaşını dõyüş meydanından çıxarmağa müvəffəq olub. 25 iillik hərbi qulluq zamanı onunla bərabər xidmət etmiş və həm də İlqarla bir döyüşən yoldaşının sözlərinə görə o, cəngavər kimi döyüşdü və işğalda olan torpaqlara ilk ayaq basanlardan biri oldu. Onu “Tankın ürəyi” adlandırırdılar. Bunu da xüsusi qeyd etmək lazımdır ki, İlqara Allah adi ölüm yaraşdırmadı. İlqar bir neçə dəfə ölümlə pəncələşdi: ağır avtoqəza keçirdi, cərəyan vurdu, dözülməz xəstəliyə düçar oldu. Möcüzə sayəsində sağ qaldı. Lakin Vətən Uğrunda Şəhid oldu.Tanrı onu şəhidliyin ali məqamına yüksəltdi. Qəhrəmanımızı yaxından tanıyaq: “Hüseynli İlqar Şəmiyyət oğlu 06 oktyabr 1976-cı ildə Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub. Ailənin ilk evladı idi. 1982-1993-ci ildə Xudat şəhəri 2 saylı tam orta məktəbində təhsil alıb. 1994-cü ildə hərbi xidmətə çağırılıb. Qarabağ müharibəsinin getdiyi o ağır illərdə o zaman qaynar nõqtələrdən sayılan Tərtər rayonundakı N saylı hərbi hissədə 4 il hərbi xidmətdə olub. Xidmət zamanı nümunəvi əsgər kimi komandanlığın rəğbətini qazanıb. 1998-ci ildə Ordudan tərxis olunub. Amma ta uşaqlığından hərbçi olmağı, Vətənin keşiyində qeyrətlə duraraq ona xidmət etməyi arzulayan İlqar 1999-cu ildə MN-nin Tədris -Təlim mərkəzində doqquz aylıq kurs keçərək Gizir rütbəsində Gəncə şəhərinin N saylı hərbi hissəsində xidmət etməyə başlayıb. Baş gizir dõyüş maşını komandiri vəzifəsinə kimi yüksəlib. Şəmkir Aģstafa və Mingəçevirdəki N saylı hərbi hissələrdə nümunəvi xidmət edib. Yūksək insani keyfiyyətlərə malik İlqara dostları, tanışları gözəl qəlbli insan deyirdilər. Xidmət etdiyi müddətdə peşəkarlığı və bacarığı ilə seçilib, qüsursuz xidmətə gõrə dəfələrlə fəxri fərman və medallarla təltif olunub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, Azərbaycan ordusunun 100 illiyi yubiley medalları ilə və çoxlu Fəxri Fərmanla mükafatlandırılıb. “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsinə layiq görülüb. Şəhidliyindən sonra o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb. İlqar gözəl ailə başçısı idi. Vətənə əmanət etdiyi üç ciyərparasını – qızı Leylanı, əkizləri Həsən və Hüseyni anası Səməngül xanımla birlikdə sədaqətli həyat yoldaşı Vəfa xanım böyüdüb yetişdirir. Baş gizir İlqar Hüseynli şərəflə yaşadı, şərəflə də bu dünyadan kõçdü. Onu tanıyanların yaddaşında vicdanlı, namuslu, vətənpərvər və qorxmaz insan kimi qalacaq, xoş təəssüratlarla xatırlanacaq. Bacısı Aybəniz Hüseynlinin ürək yanğısıyla qələmə aldığı misralar da qəbləri hüznlə doldurur. Bu necə itkidir, bu necə acı, Kədərim qürurla durub yanaşı. Bu necə tərk etmək, necə getməkdi, Adın yaşayacaq sonsuz, əbədi.

Əntiqə Qonaq,

Əməkdar jurnalist, müharibə veteranı

Share: