20 Oktyabr – Beynəlxalq Kulinariya Günü münasibətilə “Sağlam Qidalanma” mövzusunda maarifləndirici görüş keçirilib

20 Oktyabr – Beynəlxalq Kulinariya Günü münasibətilə “Sağlam Qidalanma” mövzusunda maarifləndirici görüş keçirilib

Bakı Şəhəri Gənclər və İdman İdarəsi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı (ADU TGT) nəzdində fəaliyyət göstərən Sağlamlıq və Psixologiya Klubunun birgə təşkilatçılığı ilə “Sağlam Qidalanma” adlı maarifləndirici görüş keçirilib.

20 Oktyabr – Beynəlxalq Kulinariya Günü münasibətilə təşkil olunan görüşdə sağlam qidalanma mədəniyyətinin təşviqi, düzgün qida seçimi və sağlam həyat tərzinin əhəmiyyəti diqqət mərkəzində olub.

Görüşdə təlimçi olaraq Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova gənclərlə sağlam qidalanmanın əsas prinsipləri barədə fikir mübadiləsi aparıb. Düzgün qida seçimi, balanslı menyunun hazırlanması, su qəbulunun əhəmiyyəti və gündəlik həyatda faydalı qidalanma vərdişlərinin formalaşdırılması mövzuları ətraflı müzakirə edilib.
Tədbirdə Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Nəsimi sektoru üzrə baş məsləhətçisi Şəhla Qasımova da iştirak edib.
İnteraktiv formatda keçirilən görüş zamanı gənclərin sağlam qidalanma ilə bağlı biliklərinin artırılması, qida seçimində şüurlu qərarlar verməsi və sağlam həyat tərzinə təşviq olunması istiqamətində maarifləndirici məlumatlar təqdim edilib.

Görüşün sonunda iştirakçı gənclərə Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub. Həmçinin görüşdə fəallığı ilə seçilən gənclərə Məhsəti Hüseynovanın müəllifi olduğu “İslamda qida mədəniyyəti” kitabı hədiyyə edilib.

Qeyd edək ki, Beynəlxalq Kulinariya Günü qida mədəniyyətinin, kulinariya ənənələrinin və peşəkar aşpazlıq sənətinin əhəmiyyətini vurğulayan əlamətdar gündür. Bu münasibətlə keçirilən maarifləndirici görüş gənclər arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılmasına və sağlam həyat tərzinin təşviqinə töhfə verib.

Share: