17 dekabr Şəhid Vüsal Kamran oğlu Kazımovun doğum günüdür…

17 dekabr Lənkəran Dövlət Universitetinin (LDU) fəxr və qürur duyduğu şəhid məzunu Vüsal Kamran oğlu Kazımovun doğum günüdür…
Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş, rayonun Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil almışdır. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirmişdir.
2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavriat səviyyədə təhsil almışdır. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışmışdır.
Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlamışdır. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdir.
Qeyd edək ki, Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımovun oğludur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi 2 yaşı var, böyük qızı Nuray isə 8 yaşındadır…
Allah rəhmət eləsin!

Share: