12 yaşlı oğlanın atasının iddiaları ilə bağlı — Rəsmi açıqlama

Sabirabad rayonunun kəndlərindən birində 12 yaşlı oğlanın cinsi zorakılığa məruz qalması barədə məlumat yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, azyaşlının atası iddia edib ki, oğluna qonşuluqda yaşayan 4 nəfər seksual xarakterli zorakılıq ediblər.

Onun sözlərinə görə, özü Rusiyada fəhlə işləyib, həyat yoldaşı isə kənd təsərrüfatı sahəsində günəmuzd çalışıb. Daha sonra oğluna qarşı edilmiş hərəkətlərdən xəbər tutduğunu deyən şəxs Rusiyadan Azərbaycana qayıdıb və baş verənlər barədə polisə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov saytımıza açıqlamasında bunları deyib: “Sentyabrın 1-də azyaşlının valideyni övladına qarşı hüquqazidd hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub.

Hazırda RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Vətəndaşın səsləndirdiyi digər iddialar isə həqiqəti əks etdirmir”.


Share: