12 il sənsiz səninlə…

12 il sənsiz səninlə
Unudulmaz ömür-gün yoldaşım Aidə xanımım əziz xatirəsinə.
Esse

Əlim işə yatmır, otağım zindan,
Yollara çıxıram, yol üzü dönük.
Sənsiz bu dünyanın dənizi laldır,
Göyləri bulanıq, günəşi sönük…
Sabir Rüstəmxanlı

Əzizim Aidə, bu gün aprelin 20-dir. Sənin və mənim ömrümüzün ən əzablı günü. Səni məndən və məni məndən alan, ocağımın odunu söndürən 20 aprel. 12 il səninlə sənsiz yaşadım. Birgə həyat kitabımızın qəfil vaxtsız-vədəsiz bağlanması, məni yarı yolda qoymağın mənim də sonum oldu. Yolun yarısında tək qoydun məni. Bunun hər ili 1 əsrə bərabər oldu. Cəlaləddin Rumi demişkən “ayrılıq zamanı insanın gözünün yumub-açması müddəti il kimi gələr”. Deyirlər torpağın üzü soyuqdur, zaman ağrıları sağaldır. Belə deyilmiş. Məni sənin cismani yoxluğundan 12 il ayırsa da, gözlərim hər yerdə, hər zaman səni axtarır. Yaxşı ki, heş olmasa yuxularımda tapıram.
Əzizim Aidə, sənin cismani yoxluğun onu heç zaman yox edə bilməz. Bu dünyanın bütün naz-neməti, gərdişi sənin bir təbəssümünə dəyməzmiş. Sənsiz keçən günləri ömürdən saymıram. Çünki ayrılıq əzabı, hicran əzabı bütün acılardan betərmiş. Axı bu insanı ikiyə bölür, yarı qoyur. Mənim kimi.
Ayrılığın rəngi, dadı ölümünki kimidir. Yenə də dahi Cəlaləddin Rumiyə qayıdıram (vaxtilə yazılarımda demişdim ki, Allaha yaxın olmaq istəyirsənsə Rumini oxu): “məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım”. Bu insan mənim üçün yalnız sən ola bilərsən. Ruhunla sən məni duyursan.
Əzizim Aidə, indi mən yalnız sənli xatirələrində yaşayıram. Son nəfəsini aldığın otağa 12 ildə bir dəfə də girə bilmədim. O otağın havasını udmaq mənə hər əzabdan betərdir. O otaqlı xatirələrini yaşamaq mənə çox əzab verər. O otağı indi mənim üçün sənin məzarın əvəz edir. Yadındamı o otaqda sənin güllər, çiçəklər içində ən çox sevdiyin yasəmən gülü olardı. İndi məzarının dörd yanı çiçəkləmiş yasəmən ağaclarıdır. Üzülürəm, heyf ki, indi o yasəmənlərin birini də qoxlaya bilmirsən. O yasəmənlər indi ayrılıq qoxuyur.
Əzizim Aidə, hər bir şeyin sonu olduğu kimi ayrılığın da sonu var. Bu biz qovuşanda olacaq, son gələndə bitər. Mən yaşadığım hər zaman səni yaşadacağam. Son gələnə qədər.

Sənin Rafiqin

Share: