Əvvəl fotoda dörd nəfər idilər… — Videoreportaj

Kim deyirsə ki, ən ağır acı qırx gün çəkir, yalandır. Aytəkin xanımın gözlərindən çıxaraq yanaqlarından aşağı süzülən mayeni görəndə anlayırsan ki, bu, təkcə sıradan bir su damcısı deyil, kədərin, iztirabın ürəkdə buxarlanıb göz yaşına çevrilməsidir. Və bu məqamda onu da anlamağa çalışırsan ki, dünyada suyun tükəndiyi bir anda, ana bu qədər ehtiyat göz yaşını necə saxlayıb… Sonra Aytəkin ananı dinlədikcə özündə qətiləşdirirsən: acının yeddisi, qırxı, ili olmur…

Bu dəfə “Qafqazinfo” sonuncu təbəssümü şəkillərdə qalan Nağıyevlər ailəsinin qonağı olur.

Ailənin son təbəssümü də övladları Elfaq Nağıyevin şəhidiyindən öncəyə – 3 il əvvələ təsadüf edir. Onda fotoda 4 nəfər idilər – ata Azad, ana Aytəkin, oğulları Elfaq və Elvan… İndi ailə talbosu sadəcə, Elfaqın məzarı başında tamamlanır…

Əslən Gədəbəydən olan gizir Elfaq Nağıyev Vətən müharibəsinin 25-ci günü Xocavənd istiqamətində şəhid olub. Bu, Elfaqın nişanlanmasından iki ay sonraya təsadüf edib. 

Elfaq 2016-cı ildə feysbuk hesabında paylaşım edərək “Kaş mənim də cənazəmin üstündə atam deyə Vətən sağ olsun…” sözlərini yazıb. Nə qədər kədərli olsa da, onun bu arzusunu atası 4 il sonra məzarı başında yerinə yetirib. Azad dayı hönkürə-hönkürə “Vətən sağ olsun!” deyib. 

Emin Səfərov

Video, fotolar: Pərvin Zeynal


Share: