“Əvvəl ev veriləcək dedilər, sonra imtina etdilər” — Açıqlama

“Avqustun 16-da Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə şəxsən görüşdüm. Anamla birlikdə qəbulunda olduq. Bizə söz verdi ki, 1 otaqlı ev veriləcək. Üstündən 15 gün keçəndən sonra isə mənə dedilər ki, “sənə mənzil verilməyəcək”.

Bu şikayətlə “Qafqazinfo”ya Füzuli rayonu, Seyidmahmudlu kəndindən məcburi köçkün İbişov Orxan Nurəddin oğlu müraciət edib. 

Vətəndaş iddia edir ki, ona ev veriləcəyi deyilsə də, indi imtina olunur: “2 ildən çoxdur ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə ərizələr, məktublar yazaraq müraciətlər edirəm. Lakin bizə ev verilmir. Evdə yataq xəstəsi olan anam var. Özüm də günü 10 manata fəhləlik edirəm. Yaşadığımız kirayə evdən də çıxarırlar. Aldığımız qaçqın pulu heç anamın dərmanlarına da çatmır. Bizə deyirlər “gedin, kəndinizdə yaşayın”. Orada daş üstündə daş yoxdur. Torpaqda minalar var. Biz indi hara gedək, harada yaşayaq?”

Məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, vətəndaşa Füzuli rayonu ərazisində yerləşən qəsəbədən mənzil təklif olunub, lakin o təklifdən imtina edib: “Füzuli rayonundan məcburi köçkün İbişov Orxan Nurəddin oğlu 16 avqust 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaş qəbulunda iştirak edib. Qəbul zamanı komitə sədri komitənin boş mənzil fonduna uyğun olaraq vətəndaşın yeni yaşayış sahəsi ilə təmin edilməsi üçün aidiyyəti üzrə tapşırıq verib. Dövlət Komitəsində fəaliyyət göstərən komissiya tərəfindən araşdırılma aparılıb və Bakı şəhəri ərazisində vətəndaşın ailə tərkibinə uyğun mənzil olmadığı müəyyən edilib. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, eyni zamanda respublikanın digər şəhər və rayonlarında məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir.

İbişov Orxan Nurəddin oğluna verilən rəsmi cavabda bu məsələ qeyd olunub, ona Füzuli rayonu ərazisində yerləşən qəsəbədən mənzil təklif olunub, lakin o təklifdən imtina edib. Vətəndaşa Bakı şəhəri ərazisində onun ailə tərkibinə uyğun boş mənzil fondu yaranacağı halda müraciətinə yenidən baxılacağı bildirilib”.

Lamiyə Məmmədova


Share: