“Əvvəl-axır boz qələbə çalırsa indən belə bütün rənglərə keçmiş olsun!..”- Aydan Ay…

Aydan AY
İz (Esse)
Kimin ki, gözlərində gül bağçası var onlar qəfil düşən leysana da öyrəncəli olurlar… Yəni bütün fəsilləri içinə çəkmiş gözləri ilə öz bağçalarını ovudurlar. 
Düşünürsən ki, bir əlçim nəfəsin var, sən bir topa buludsan o bağçada.Yağmasan torpağın quruyacaq, yağsan gözlərində bir gül ləçəyi keçmişin qoxusu kimi, izi kimi üşüyəcək sənin üçün…Sən də onun üçün.
 
Keçmişin izi… 
Bütün fəsilləri içinə çəkmiş gözlərinə düşsə indi nələr dəyişər, əzizim… 
Məsələn, qapın döyülər, açarsan görərsən hələ bağrında həsrət yox ikən sənə can atan əli çörəkli, üzü qürublu, gözləri təlaşlı atan…
Keçmişin izi düşmüşkən gözlərinə, görürsən ki, qocaman adamlar alnının qırışıyla belə körpədi hələ.
Görürsən ki, məharət pencərəndən ta təpədə duran günəşi görməkdə deyil, qəlpə -qəlpə bir ürəyin içində günəşi tapıb qucub öpməkdədi…
Görürsən ki, ömrün içindəki ən incə cizgilər sənin içinlə, sənin köçünlə həmahəngdi…
Və beləcə bütün doğma yuxuların, bütün doğma qoxuların keçmiş.
Sənsə keçmişdən iz…
Öz kölgəsini rəngləyən, yad kölgədə görünməyən izlər kimi şəffaf, təmiz.
Keçmişin izi bir adamın gözlərindəki hürr qəhqəhələr kimi, arzulanan elə hey arzulanan səhərlər kimi…
Sən bu izi toz basmış şəkillərin üzərindən, güzgülərdən köçürərsən gözlərinə…
Dinər, deyər ki, daha gəncliyi yansıtmır güzgülər…Çünki indi bütün güzgülər çılpaqdı. Soyunub əynindən səni…
Ha axtarsan tapmazsan saçlarının gəncliyini…
O iz birdən elə itər ki, dilə tutsan açammazsan gözlərinin dilini…
O iz birdən elə itər ki, kimsə bilməz vaxtı ilə gözlərinin təbiətcə min çalarda dindiyini, içində böyüyən yuxuların nəğmələrini…
Və bütün səsləri, gəncliyi, toxunuşları, addımları boz rəng əlindən tutub aparan zaman bilə-bilə, istəyərək öz səsini unudursan.
 
Əvvəl-axır boz qələbə çalırsa indən belə bütün rənglərə keçmiş olsun!..
Müstəqil.Az
Share: