Ərkin mənə çatır, yenə sınaq ver… – Fuad Biləsuvarlı

 

Allah, hüzurunda yalansızam mən

Başı kəsilməli dərdə bıçaq ver,
Yolum qaranlıqdı, işıq, çıraq ver.
Ərkin mənə çatır, yenə sınaq ver,
Allah, hüzurunda yalansızam mən.

Hərdən səbrimi də kəsir qəzəbim,
Xıncım-xıncım edir məni əsəbim.
Mənfi cəhətimi deyim ya Rəbbim,
Özümə həddən çox inamsızam mən.

Göstər, nəyi harda səhv eləmişəm,
İcazən olmadan kef eləmişəm?
Sayəndə zirvələr dəf eləmişəm,
Bəndələrin heç nə, adamsızam mən.

Məsləhət sənindir, belə bəxt yazdın,
Göydən başım üstən daşları saldın.
Bir atam var idi onu da aldın,
On ildən çoxdu ki, atamsızam mən.

Bəndələrdən mənə səfil deyən var,
Diqqətli bəndənə qafil deyən var.
Yiyəsiz və yaxud əfəl deyən var,
Onların dərsin ver, imkansızam mən.

Başı kəsilməli dərdə bıçaq ver,
Yolum qaranlıqdı, işıq, çıraq ver.
Ərkin mənə çatır, yenə sınaq ver,
Allah, hüzurunda yalansızam mən.

Müəllif: Fuad Biləsuvarlı

15 dekabr

Share: