Ərdoğan-Putin görüşündə sensasiya…

Türkiyə və Rusiya prezidentlərinin görüşü önəmli bir zaman kəsiyinə təsadüf edir.

Müstəqil.Az bildirir ki, Bu sözləri Axar.az-a Ərdoğan-Putin görüşü və bu fonda Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı bəzi suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib. Analitik qeyd edib ki, bu görüşün Türkiyə prezidentinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda, Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonra baş tutması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur:

 

“Belə hadisələr və görüşlər öncəsi müxtəlif ehtimalların irəli sürülməsi isə təbii qəbul olunmalıdır. Lakin bəzi həmkarlarımdan fərqli olaraq sensasion iddialarla çıxış etməyəcəyəm. Bunun üçün heç bir əsas yoxdur. Rusiyanın şərtləri barədə KİV-də yayılan məlumatlara gəldikdə, bunların yeni olmadığını düşünürəm. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda Rusiyanın ehtimal olunan şərtləri ətrafında müzakirələr aparılır. Bu məlumatların bir hissəsi ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə, digər hissəsi isə hadisələrin perspektiv inkişafının şərh olunmasına xidmət edir. Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyündən kənarda hər hansı bir formada həll olunmasına razılıq verməyəcək. Bu, müzakirəsinə ehtiyac duyulmayan bir mövqedir. Regionda baş verən proseslərin təhlili və mövcud reallıqlar Ərdoğan-Putin görüşündə münaqişənin həllinə xidmət edən hər hansı bir razılaşmanın olmayacağını deməyə əsas verir”.

 

Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir:

 

“Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür. Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi az inandırıcı görünür”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.
Aygün Yusubova

Share: