“Ərdoğan müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi”

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, keçmiş millət vəkili Əliməmməd Nuriyev Moderator.az-a açıqlamasında bu gün Türkiyədə keçiriləcək seçkilərlə bağlı düşüncələrini bölüşüb:

“Bu gün Türkiyədə keçirilən seçkilər dünyanın mərkəzi paytaxtları tərəfindən çox diqqətlə izlənilir. Çünki bu seçkinin nəticələri təkcə Türkiyə üçün deyil, region, Avrasiya və bütövlükdə dünya üçün çox əhəmiyyətlidir. Razılaşaq ki, 24 iyun seçkiləri bu gün və gələcəkdə baş verəcək bir çox hadisələrə həlledici təsir göstərən bir amil olacaq. Seçkiqabağı kampaniya göstərdi ki, Türkiyədə demokratik dəyərlərə mühüm qiymət verilir və çox genişmiqyaslı plüralistik bir seçki kampaniyası izlədik. Sözsüz ki, bu seçkilərin favoritləri Rəcəb Tayyib Ərdoğan və Muhərrəm İncədir. Amma mən düşünürəm ki, seçkinin taleyi birinci turda həll oluna bilər. İndi fəaliyyətdə olan prezident çox cüzi səs üstünlüyü ilə qalib gələ bilər. Amma etiraf edilməlidir ki, Muhərrəm İncə də çox uğurlu və genişmiqyaslı bir seçki kampaniyası aparmağa müvəffəq oldu.
Əslində heç Ərdoğanın özü də müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi. Ona görə də seçkiqabağı təşviqat kampaniyasının son günlərində onun ritorikasında və üslubunda da dəyişiklik müşahidə edilirdi. Amma ümid edək ki, bu seçki Türkiyədə demokratik dəyərlərin daha da qalıcı olmasını və inkişafını şərtləndirəcək. Arzu edirəm ki, bu seçkilər Türk milləti üçün uğurlu olsun. Çünki bu seçkilər həm də Türk dünyasına çox əhəmiyyətli təsir edəcək. Ümid edirəm ki, bu seçki həm Türkiyə, həm bütövlükdə Türk dünyası üçün çox xeyirli-uğurlu olacaq, əlaqələrin inkişafına, dərinləşməsinə yeni bir nizam və güc verəcək”.
Müstəqil.Az 

Share: