Ərəb şirkəti Gürcüstanda günəş elektrik stansiyası quracaq

Mərkəzi ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti Gürcüstanın Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsində yerləşən Axali Samqori kəndində 96 MVt gücündə günəş elektrik stansiyası quracaq.

Bu barədə bazar günü Gürcüstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti nazirin birinci müavini Romeo Mikautadze ilə şirkətin direktoru Məhəmməd Camel əl Ramahi arasında keçirilən görüşdən sonra məlumat verib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sözügedən şirkət bərpa olunan enerji və şəhərsalma sahəsində qlobal liderdir və dünyanın 40 ölkəsində fəaliyyət göstərir.

Layihəyə əsasən, yeni günəş elektrik stansiyasının təxmini illik istehsalı 196,7 milyon kilovatsaat təşkil edəcək. Layihənin dəyəri təxminən 87 milyon dollardır.Yeni elektrik stansiyasının tikintisi Gürcüstanın idxal olunan elektrik enerjisindən asılılığını azaltmağa, yerli mənbələri şaxələndirməyə və yeni iş yerlərinin açılmasına kömək edəcək.

Mənbə: TASS

Share: