Əməkdar artist Firuzə İbadova doğum günü ərəfəsində solo konserti

Bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında Əməkdar artist Firuzə İbadovanın solo konserti keçirilib. Tam 35 il sonra yenidən tamaşaçıları ilə görüşən sənətkar bu konserti sənətinin ikinci baharı adlandırıb. Firuzə xanım görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi, “Dan ulduzu” ansamblının solisti, peşəkar səhnə təcrübəsi olan ifaçıdır.

Həmin konsert proqramı ilə bağlı sənətkara yaxınlığı ilə seçilən tanınmış şair və bəstəçi Aysel Kərim təəssüratlarını Müstəqil.Az ilə bölüşüb:

“Maraqlı olan odur ki, fevralın 2-də, Gənclər gününə təsadüf edən solo  konsertdə “Arşın mal alan” operettasının səhnəcikləri də nümayiş olunub. Səhnəciklərdən birində yer alan Firuzə xanımın özünəməxsus yaratdığı obrazda aktrisalıq bacarığının olduğu diqqətlərdən yayınmayıb. Sözün əsl mənasında sənət üçün və səhnə üçün doğulan Firuzə İbadovanın xoş günündə onu tək qoymayan, dəstəyə gələn sənət doslarından Cavanşir Məmmədov, Gülyaz Məmmədova, Aybəniz Haşımova, Aygün Bayramova, Aygün Bəylər kimi sənətkarların adlarını vurğulaya bilərik. Millət vəkilləri, səfirliklərin nümayəndələri də iştirakları ilə sənətkarın hesabat tədbirinə xüsusi rəng qatıblar.” Qeyd etmək yerinə düşər ki, Firuzə xanımın solo konsertində Azərbaycanın klassik  bəstəkarların mahnıları ilə yanaşı gənc ictimai xadim Aysel Kərimin söz və musiqi müəllifi olduğu “Gətir baharı” adlı mahnıya da xüsusi yer ayrılıb.

 

Aysel Kərim bu haqda saytımıza və digər KİV-nə müsahibə verərək konsertlə bağlı  hisslərini bölüşüb. O, Firuzə xanımın konsert gecəsinin öz həyatında unudulmazlıq qazandığını və ömür boyu o anları xoş təəssurat kimi xatırlayacağını bildirib.

Qeyd etmək yerinə düşər ki, bu gün əvəzolunmaz sənətkarımız Firuzə xanımın həm də doğum günüdür. Bu səbəbdən onu ürəkdən təbrik edirik. Firuzə xanıma can sağlığı, mənalı uzun ömür diləyirik. O, həm gözəl ana, həm gözəl nənə, həm də gözəl müəllimədir. Tanrı onu Azərbaycan musiqi mədəniyyətinə çox görməsin, deyirək əlavə etmək istəyirik ki, sənətkarların yaşı olmur. Onlar hər zaman duyğularının, sənət zəfərlərinin, həyatla bütünləşən sevgilərinin yaşındadır. Bu yaş heç bir rəqəmlə saya gəlməz. Çünki sənət xadimləri əsrlər sonra da xatırlanırsa demək ki, onlar dünya durduqca yaşayır və ölməzliyə qovuşurlar.
Müstəqil.az

Share: