Əli Novruzov: “Bu, mübarizədən çox fədakarlıqdır”

Kulis.az Vüqar Vanın yazıçı-tənqidçi Əli Novruzovla müsahibəsini təqdim edir.

– Yəqin ki, Yazıçılar Birliyində baş verən son hadisələri izlədin. Yazıçılar Birliyinə münasibətin necədir? Səncə Yazıçılar Birliyi olmalıdırmı və Anar sədr seçilməli idimi?

Mən oranın üzvü deyiləm, qıraq adamam. Oranın üzvü sənsən. Bu sualı, əslində, mən sənə verməliyəm (gülür).

– Mən bu gün çıxmışam.

– İş-işdən keçəndən sonra.

– Gözləyirdim ki, seçki demokratik prinsiplərə əsaslanacaq. Anar təkrar seçilməyəcək.

– Yazıçılar Birliyinin üzvləri əgər demokratik prosesdə iştirak etmək istəmirsə, heç nə etmək istəmirsə, daxildə hansısa müzakirə, hərəkət etmirsə, mənim kimi qıraqdan baxan adam nə məsləhət verə bilər? Uzağı pis, yaxşı, yaxud da biabırçı olduğunu deyəcəm. Amma qıraq adam kimi mənim ora ilə bağlı dediyim sözün də qüvvəsi yoxdur. Yazıçılar Birliyində baş verən son hadisələrdə əsas günah oranın üzvü olan gənc yazarlardadır. Belə çıxır ki, onlar yetərincə hərəkət etmədiyinə görə sədrləri 84 yaşlı bir qoca kişi oldu. Gəzə də bilmir, qolundan tutub aparırlar.

– Ümumiyyətlə, sən niyə Yazıçılar Birliyinə üzv olmursan?

– Nəyimə lazımdır? Bunun mənə nə xeyri olacaq? Bu, mənim həyatımda nəyisə dəyişəcəkmi? Bəs sən niyə üzvlükdən çıxdın?

– Demokratik prinsiplər pozulduğu üçün. 5 ay idi ki, üzv olmuşdum. Dedilər, təqaüd verəcəklər, aldandım. Amma faktiki olaraq oranın üzvü deyiləm və bu əməlimdən peşmanam. Həm də Anarın yenidən sədr seçiləcəyini gözləmirdim. Onun gördüyü iş səni də qane etmir?

– Yazıçılar Birliyində nə vaxtsa demokratik prinsip olub ki? Mən uzun müddət onların fəaliyyətini izləmişəm. Orada heç vaxt demokratik proses görməmişəm. Köhnə qaydalar necə idisə, elə də davam edirlər. Bu baxımdan Yazıçılar Birliyi mənə çox maraqsızdır.

– Yəni olmamalıdır?

– Yazıçılar Birliyi dövlətin ədəbiyyat sahəsindəki siyasətini və nəzarətini həyata keçirən qurumdur. Onu tənqid etsək də, etməsək də, problem, əslində, onda deyil. Bu qurumun məqsədinin nə olduğunu hamımız yaxşı bilirik. Yazıçılar Birliyi Azərbaycan yazıçılarının bir yerə yığışıb ədəbi mühitlə bağlı hansısa addımlar atacağı yer deyil. Ona görə artıq mənə onu tənqid etmək də maraqsız gəlir.

– Dünyada, məsələn, Avropa ölkələrində də yazıçıların birlikləri var. Bəs onlar nə edir?

– Birliklər, QHT-lər, eləcə də yaradıcı kollektivlər var. Onlar daha çox hansısa yaradıcı prinsiplər ətrafında toplaşmış eyni fikirli insanları birləşdirir. Qrant verən, yazıb-pozan insanlara maddi dəstək göndərən təşkilatlar var. Hər hansı bir ölkənin bütün yazıçılarının bir yerə yığılıb birləşdiyi təşkilat və bu təşkilatda ədəbi mühitlə bağlı hansısa qərarların qəbul olunması bir qədər absurddur. O mənada absurddur ki, biz danışanda yazıçıların individual şəxsiyyət olduğunu deyirik, onların öz dünyası var deyirik, amma sonra da hamısının bir yerə yığışıb kollektiv qərarlar verməsini gözləyirik.

– Səncə, yazıçı hər hansı bir quruma üzv olmalıdır, yoxsa tamamilə sərbəst fəaliyyət göstərməlidir?

– Necə istəyirsə, elə olmalıdır. Əgər bu, onun yaradıcı işinə mane olmursa, kömək edirsə, niyə də olmasın? Hansısa QHT-nin və ya bir ədəbi birliyin üzvü olmaq istəyirsə, buyursun. İnzivaya çəkilmiş yazıçılar var, eləcə də kollektivdə işləyən yazıçılar var. Burada mən heç bir problem görmürəm. Sadəcə bizim Yazıçılar Birliyi bir az anormal fenomendir. Bu mövzuda çox danışmasaq, gözəl olardı.

– Yaxşı. Əvvəl Azərbaycan yazıçılarına, ədəbiyyatına daha kəskin münasibətin var idi. İndi sanki bir az səngiyib. Bu nə ilə bağlıdır?

– Söhbət tənqiddən gedir?

– Bəli.

– İndi də tənqid yazıram axı.

– Sanki indi yaşa dolub müdrikləşmisən.

– Yox, tənqid yazıram. Bəlkə sən görməmisən? Son tənqidlərimdən biri Sahilə İbrahimovanın romanı haqqında idi.

– Digəri “Səs və ya qırmızı”…

– Bəli, imkan olanda, nə isə marağımı çəkəndə yazıram. Məsələ bir az başqadır. Ölkədə hansısa bir kitab hadisəsi olmur. Əvvəllər, öz miqyasımızda, balaca bir şeylər var idi, indi onlar da yoxdur. Yaxşı kitablar çıxır. Məsələn, Əli Əkbərin “Emiqrant”, Cavid Ramazanovun “Amanabənd”, Rəşad Səfərin “Keçilərin nəğmələri” romanları, Samirə Əşrəfin hekayələri, amma təəssüf ki, ölkədə hadisəyə çevrilmir. “Əvvəllər sərt tənqid yazırdım, indi yazmıram” fikri ilə razı deyiləm. Sadəcə ola bilər imicim yanlış olaraq belədir. Kənardan belə görürlər. Günel Mövludun “Düşərgə” romanı çap olunanda tənqidi məqalə yazmışam. Ondan sonra da tənqidlər yazmışam.

Diqqətimi çəkən maraqlı bir əsər olanda yazıram. Amma tutaq ki, tənqidi bir yazı yazdım. Onu harada verəcəm? Onu kim çap edəcək? Bədii-publisistik esse, hekayə, bu cür mətnlər yazan adamların öz yazılarını dərc etdirməsi üçün platforma yetəri qədər varmı? “Azlogos” var idi, indi o qədər də aktiv deyil. Alternativi nədir?

– Kulis.

– Kulis yazıçıları qane edəcək dərəcədə qonorar verirmi?

– Xeyr.

– Kulisdən başqa hansı yerlər var?

– Ədəbiyyat qəzeti.

– Forma olaraq saytlar, qəzetlər, hər şey var. Reallıqda isə yox kimidir.

­– Hətta jurnallar da var…

– Bəli. Amma yazı yazıb normal qonorar qarşılığında dərc edə bilmirsən. Yaxud da o ədəbi orqanların ətrafında özləri yazıb heç özləri də oxumayan kollektivlər yığışır. Geniş auditoriyaya çıxışı olan nüfuzlu ədəbi orqanlar yoxdur.

– Bunun səbəbi nədir? 2000-lərin ortalarında çox yaxşı mühit var idi. Yazılar yazılırdı, oxunurdu. Gündəm də ədəbiyyat gündəmi idi. İndi isə yoxdur. Hamınız qırağa çəkilmisiniz.

– Burada bütün dünya ilə bağlı ümumi problem də var. Dünya yavaş-yavaş yazılı mədəniyyətdən şifahi mədəniyyətə keçir. İndi internetə girəndə ən çox gördüyümüz kontent videodur. Bu baxımdan ola bilər ki, yazılı mətn əvvəlki qədər güclü deyil.

Digər tərəfdən, problem bir az bizimlə bağlıdır və ictimaidir. Köhnə nəslin əlində qəzetlər, jurnallar var idi. Onlar öz yazılarını dərc etdirə bilirdilər. İndi isə gənclərin əlində yazılarını dərc etdirəcək bir platforma yoxdur. Ya TikTok-a getməlidirlər, ya da…

– Səncə, getməlidirilər?

­– Buna özləri qərar verə bilərlər. Onların da özünüifadə vasitəsi olmalıdır. Köhnə nəsil daha çox publisistika ilə səs salırdı və publisistikanın yedəyində ədəbiyyatı qabağa aparırdı. İndiki nəsildə isə ədəbiyyat hələ təzə-təzə formalaşır. Bu da çətin bir dövrdür. Dünya yazılı mədəniyyətdən yenidən şifahi mədəniyyətə keçirsə, sən bir yazılı mətn adamı kimi necə bir özünüifadə vasitəsi tapıb öz mühitini formalaşdıracaqsan?

– Doğrudan, keçəcək?

– Əlbəttə. Çünki gənclər artıq əvvəlki kimi oxuya bilmir. Eyni məzmunlu bir mətn və video gördükdə ilk növbədə videoya baxırlar. Kitab çapının ixtirasından sonra şifahi dünya yavaş-yavaş yazılıya keçirdi, hər şey yazılı idi. Hətta bir növ bürokratik cəhənnəmə də gətirib çıxarmışdı. Bir xırda işi görmək üçün yüz dənə kağız yazmalı idin. Qəzetlərin milyon tirajlıq dövrləri var idi. İndi isə internetlə sanki geriyə addım ataraq yenidən şifahi mədəniyyətə qayıdırıq. Artıq şifahi söz yazılıdan öndədir. O vaxt “Deyilən söz yadigardır” kimi bir deyim var idi. Hazırda deyilən sözün zamanıdır. Meyxana həm də buna görə populyardır.

– Ədəbiyyat da ona doğru təkamül edə bilər?

– İndi dünyada yeni ədəbiyyatın necə olacağı barədə müzakirələr gedir. Hər kəsə maraqlıdır ki, yazılı mətn hansı formada özünü qoruyub saxlayacaq. Dünyada belə proseslər gedir. Bizim ədəbiyyat sahəsində baş verənlər isə bu prosesi daha da qəlizləşdirir. Alternativ və müstəqil platformalar yoxdur ki, orada bədii, publisistik mətnlər yazan adamlar parlasın. Əgər bir adamın yazısını heç yerdən oxuya bilmirsənsə, o özünü harada təsdiq etməlidir? Özü də bu təsdiq üçün həmin adam bir yox, bir neçə yerdə eyni vaxtda dərc olunmalıdır. Bir az əvvəl Kulis deyirdin, tutaq ki, bir yazıçının Kulislə əlaqəsi, münasibətləri korlandı, yazısını dərc etmək üçün başqa yer tapa biləcəkmi? Bir yazarın eyni vaxtda bir neçə fərqli yerdə dərc olunmaq seçiminin olması çox önəmlidir. Yəni mühit olmalıdır ki, adamlar özlərini göstərə bilsin. O mühitin olmamasının da bir çox səbəbləri var. Problemləri hamı danışır, artıq bilirik. Bizim ictimai-siyasi vəziyyətimiz də buna yaxşı təsir göstərmir.

– Radio, televiziya sıradan çıxdı. Səncə, kitabı da eyni aqibət gözləyirmi?

– Radio qalıb.

– Televiziya da qalıb.

Ümumiyyətlə, opera da, balet də qalıb. Mən heç bir medianın tam sıradan çıxdığını düşünmürəm. Onlar özlərinə uyğun bir yol tapır və həmin istiqamətdə addımlamağa davam edirlər. Bir zamanlar ən populyar media, məsələn, opera, balet, teatr idi. Onlar əvvəlki kimi populyar deyil, amma indi də var. Media heç vaxt tam məhv olmur. Sadəcə auditoriyası daralır.

Əslində Azərbaycanda kitab oxuyanların sayı çoxdur. Amma onlar daha çox özünüinkişaf, psixologiya, detektiv, dini ədəbiyyat, necə varlı olmaq haqqında kitablar oxuyur. Yaxşı bədii ədəbiyyat oxuyan auditoriya əvvəldən dar idi. İndi yaxşı bədii ədəbiyyat oxuyanlar da özlərinə bir “nişa” tapıb orada yaşamağa davam edəcəklər.

Bu baxımdan inanmıram ki, kitab oxumaq tam sıradan çıxsın. Kitab qalacaq, amma dövrün hakimi olmayacaq. Dövrün hakimi şifahi mətn olacaq. Məsələn, indi meyxananın ölkəmizdə insanların mədəni məşğuliyyətinə çevrildiyini görürük. Sovet dövründə də kitab oxumaq bu cür mədəni məşğuliyyət idi.

– Bu səni narahat edir?

– Yox. Bu, bir dəyişiklikdir və qarşısını almaq da olmaz.

– Uzun müddətdir sosial şəbəkələrdə yoxsan. Bu, həyatına necə təsir edir? Ümumiyyətlə, bu dövrdə sosial şəbəkələrsiz yaşamaq necədir?

– Özün də görürsən, qocalmamışam, üzümdə qırış yoxdur, saçım ağarmayıb. Sosial şəbəkələr hamısı stressdir.

– Məsələn, həyatında lazımsız informasiyalar, illuziyalar yoxdur. Necə yaşayırsan? Xoşbəxtsən?

– Siz, yeni nəsil insanlar dünyaya sosial şəbəkələrlə göz açmısınız. İndiki gənclərin hər şeyi sosial şəbəkələrdədir. Amma biz onların olmadığı bir dövrdə formalaşmışıq axı. Sosial şəbəkələr olmadan yaşamaq təcrübəmiz var.

– Bəs özünü ifadə etmək istədikdə nə edirsən? Bəyənilmək, “layk yığmaq” hissin yoxdur?

– O hissin varlığı insanı özü haqqında şübhəyə salmalıdır. Əgər kiminsə səni bəyənməyini, paylaşmağını istəyirsənsə, bəlkə də səndə hansısa psixoloji sapmalar var. Günümüzün trendi diqqətdir. Hər kəs diqqət görmək istəyir. İnsan kiminsə onu bəyənməməyindən narahat olur. Əslində insan özünün bu halından narahat olmalıdır.

Bilirsən məsələ nədir? Tutaq ki, sən oturmusan, telefonuna bildiriş gəlir. Sənin içində təşviş yaranır. Dərhal ona baxırsan. Bax, bu, artıq problemdir.

– Bəs səndəki informasiyanı insanlara çatdırmaq istəyi yoxdur?

– Yox. Çünki yeni bir şey kəşf etməmişəm. Hansısa orijinal fikrim yoxdur. Filosof, intellektual deyiləm. Niyə dünya ilə bağlı fikrilərimi car çəkməliyəm? Onlar arasında indiyə qədər deyilməyən orijinal nə var ki?

Smartfonla böyüyən indiki cavanlar üçün belə deyil. Onlar artıq diqqət mərkəzində olmağa öyrəşiblər. İstəyirlər ki, hər kəs onları müzakirə etsin. Fikirlərini orijinal hesab etdiklərinə görə də dünyaya car çəkmək istəyirlər. Mən fikirlərimin orijinal olduğuna inanmıram. Bu səbəbdən sosial şəbəkələrdə olmamaq mənə mane olmur.

– Müasir dünya yazıçısı ilə müasir Azərbaycan yazıçısı arasında nə kimi fərqlər var?

Müasir dünya yazıçısı anlayışı mənə bir qədər qəribə görünür. Dünya yazıçısı varmı?

– Müasir Avropa yazıçısını nəzərdə tuturam.

– Avropa yazıçıları ilə Azərbaycan yazıçılarını müqayisə etdikdə ortaya çox böyük fərqlər çıxır. Azərbaycan yazıçılarının imkanları sıfır dərəcəsindədir. Bizimkilərdən fərqli olaraq Avropa yazıçılarının kitablarını nəşriyyatlar qonorar müqabilində alıb çap edirlər. Bizim yazıçıların müraciət edəcəkləri rezidensiya proqramları yoxdur. Bədii əsər yazmaları üçün fərdi təqaüdlər ayrılmır. Ölkəmizdə yeni başlayan gənclər üçün yazıçılıq kursları, emalatxanalar mövcud deyil. Yaxşı yazıçı iki-üç kitab nəşr etdirəndən sonra onun qarşılığında bir dəyər almalıdır. Ya yuxarı tirajları olmalıdır, ya da mükafatlara layiq görülməlidir. Bizdə isə… Məsələn, Mirmehdi (Mirmehdi Ağaoğlu – V.V) kimi bir yazıçı başqa bir ölkədə olsa idi, artıq onun 5-10 sanballı mükafatı var idi. Hansısa bir bələdiyyənin və yaxud da fondun, lap kiçik bir kollektivin mükafatı ona verilərdi.



Bizim yazıçıların şəxsi imkanları da Avropalı həmkarlarından fərqlidir. Bəziləri istisna olmaqla bir çoxlarının heç dünya haqqında normal təsəvvürləri yoxdur. Bilmirlər ki, dünyada hansı proseslər baş verir, müasir ədəbi proseslər nə yerdədir, təmayüllər nədir. Çünki əksəriyyəti ingilis dilini bilmir. Dünyaya rus, ya da türk pəncərəsindən baxırlar. Üstəlik, başqa ölkələrdəki həmkarları ilə heç bir ünsiyyətləri yoxdur. Azərbaycanda yaşayan yazıçıların, çox uzağa getməyək, Gürcüstanda yaşayan hansı yazıçılarla əlaqələri var?! Yaxud da hansı türk yazıçıları ilə kimin ünsiyyəti, yoldaşlığı var?! Azərbaycan yazıçısı izolyasiyadadır, təcriddədir. Bu təcridi qırmaq üçün ya gərək özü cəhd etsin, ya da kimsə ona kömək etməlidir. Məsələn, dövlət.

– Yaxud da AYB.

– AYB buna kömək edə bilmir. Çünki oradakıların da dünya haqqında təsəvvürləri və əlaqələri yoxdur. Bu yaxınlarda sizin saytda köhnə nəsildən olan bir yazıçının hekayəsi çıxdı. Mən onu oxuyub dəhşətə gəldim. Onun müasir Avropa haqqında təsəvvürləri 60-cı illər sovet mətbuatında gedən materiallar əsasında qurulub və dəyişməyib. Bu adam xalq yazıçısıdır. AYB-də oturub gənclərə yol açmalıdır. Problem budur.

Üstəlik, bizim bazar da balacadır. Yazıçılara imkan vermir ki, onlar öz əməyi ilə pul qazanıb müstəqil yaşamağa davam etsinlər. Oxucu bazarı olmayan bir ölkədə yazıçı da AYB kimi qurumların qarşısında beyət etməyə məcburdur.

– Ya da başqa bir işdə işləməyə…

– Bəli. Bu işlər də müəyyən hallarda istifadəçi təlimatlı olur. Bundan sonra onu edə bilməzsən, bunu edə bilməzsən və s. Beləcə yazıçıları ələbaxan edir. Bu zaman da təəssüf ki, yaxşı bir mətn yaza bilmir.

– Onda belə çıxır ki, Azərbaycanda yazıçı olmaq uğurlu bir seçim deyil. Bir az da mübarizədir.

– Bəzi ölkələrin bazarları çox böyükdür. Orada yazıçı bir işə başlayanda yolunun uğurlu olduğunu görüb, sevdiyi işlə – yazıçılıqla məşğul olacaq. Məsələn, Amerikada belədir. Bəzi ölkələrdə isə bazar balacadır. Məsələn Norveç, İsveç, Finlandiya. Orada yazıçı bilir ki, onun satışdan əldə etdiyi gəlir ancaq sevdiyi işlə məşğul olmasına imkan verməyəcək. Orada da dövlət və qeyri-dövlət qurumları yaxşı yazıçılara həm maddi, həm də mənəvi dəstək olurlar. Çünki müasir dövlətin konsepsiyası budur ki, bizim operamız, baletimiz, teatrımız, kinomuz, ədəbiyyatımız olmalıdır.

Ona görə də bəzi ölkələrdə, məsələn, Nyu-Yorkda opera və balet teatrı kommersiya qurumudur. Amma Norveçdə opera və balet dövlətdən dəstək alır. Bu baxımdan Azərbaycanda kimsə yazıçı olmaq istəyirsə, nəzərə almalıdır ki, bizdə A variantı da, B variantı da yoxdur. Belə bir şəraitdə nə isə etmək istəmək mübarizədən daha çox fədakarlıqdır. Amma nəyin uğrunda? Bu sualın cavabı məndə yoxdur.

– Feminizm haqqında nə düşünürsən?

– Mən profeministəm, yəni qadın və kişinin bərabər şərtlərə sahib olmağının tərəfdarıyam. Bunun əksini iddia etmək də absurddur. Amma sənin bu sualı verəndə nəyi nəzərdə tutduğunu anladım. Azad dünyadır da, hər cür fikir olmalıdır.

– Bu mövzulardan yazmaq konyukturadırmı?

– Bu məsələ bizim ölkədən daha çox Avropa və Amerika ölkələrinin ictimai-siyasi gündəliyinin problemidir. Həmin ölkələrdə intellektual elita arasında, yaxud da mediada ədəbiyyat, sənət barədə danışanda düşünürlər ki, məsələlərə bu aspektdən baxılmalıdır. Öz seçimləridir. Bu baxımdan, bəli, konyukturadır. Çünki elə tələb edirlər.

Son illər ədəbi mükafatların kimlərə verildiyinə baxsan, görərsən ki, mükafatın qaliblərini müəyyən etmək üçün mətnə baxsalar da, həlledici faktor müəllifin şəxsiyyəti olur. Müəllif özünü necə təqdim edib? Onun bir fərqliliyi varmı? Bunlara diqqət edirlər. Müəllif nə qədər fərqlidirsə, ədəbi mükafat qazanmaq şansı da bir o qədər çoxdur. Kino festivallarında, ədəbiyyat müsabiqələrində, hətta siyasətdə də belədir. Ümumiyyətlə, Amerika və Avropa cəmiyyətləri qadın-kişi məsələlərində diskriminativ davrandıqlarını düşünür. İndi bunu dəyişmək istəyirlər. Dəyişmək üçün də bir ifratdan digərinə gedirlər.

Bütün hallarda konyukturadır. Amma söhbət ondan getmir ki, yaxşını qoyub pisi seçirlər. Müəllifin kimliyi, onun toxunduğu mövzunun siyasi əhəmiyyəti bədii-estetik kriteriyalardan daha yüksəyə qalxır. Bu, bizim yox onların problemidir.

Sadəcə bizdə bu prosesləri kor-koranə təkrarlamaq istəyən insanlar var. Məncə bu, yanlışdır. Çünki bizim cəmiyyətin problemləri, insanların düşüncələri bir az başqadır. Mənə elə gəlir ki, bu konyuktura müəyyən bir zamandan sonra bitəcək, sular durulacaq və daha da əcaib formalar almayacaq. Biz burada dəbə uyub bizim olmayan mövzularda “papadan çox katoliklik etməmək” üçün ehtiyatlı olmalıyıq.

– Bilirəm ki, xarici ədəbiyyatla maraqlanırsan. Səncə, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır?

– Çingiz Abdullayev detektiv yazıçısıdır.

– Azərbaycanda dünya şöhrətli yazıçı sayılır. Prosesləri izləyirsən?

– Post-sovet məkanının rusdilli auditoriyasında kifayət qədər populyardır. Bunu dana bilmərik. Çingiz Abdullayev kulturoloji bir fenomendir. Tutaq ki, Nyu-Yorkun rusdilli məhəlləsində yaşayan keçmiş sovet emiqrantı onu oxuyur.

– Dəyərdi də, paxlava kimi…

– Çingiz Abdullayevin yazdığı detektiv janrı kifayət qədər oxunan janrdır. Bu baxımdan oxucuları çoxdur. Amma onun oxucuları spesifikdir. Post-sovet məkanının rusdilli oxucularıdır. Dünya şöhrətli yazıçı çox subyektiv bir dəyərləndirmədir. Kimsə üçün dünya şöhrətli yazıçı ola bilər. Məsələn, baxacaq ki, İsraildə onu oxuyurlar…

– Doğrudan da, oxuyurlar?

– Bəli, İsraildə yaşayan bəzi rusdillilər, eləcə də, Moskvada. Amerikada keçmiş sovetdən gələnlərin yaşadığı rusdilli məhəllələr var. Orda yaşayanlar da oxuyurlar. Bu baxımdan dünya şöhrətli yazıçı ola bilər. Ölkədən kənarda tanınırsa, bu ölkəmizə xeyirdir.

– Oxu prosesin necədir? Gündə nə qədər oxuyursan?

– Sual olduqca şəxsidir. Formatı dəyişsən cavab verərəm. Mən Afət Fərmanqızı deyiləm ki, deyim günə 500 səhifə oxuyuram.

– Yəni biz gündə nə qədər oxumalıyıq? Belə bir meyar varmı? Oxu prosesini necə qurmalıyıq?

– Oxu prosesi şəxsə bağlı bir şeydir. Adam var ki, günə 50 səhifə oxuyur. Adam var ki, oxumur, audio kitaba qulaq asır. Bəzən dostlardan kimsə deyir ki, hansısa bir klassik əsərə başlayıb, bitirə bilmədiyi üçün də özünü günahkar sayır. Deyirəm ki, belə olduqda at həmin kitabı kənara. Oxu prosesi nədir? Sən bədii ədəbiyyat oxuyursansa, bunu estetik zövq almaq üçün edirsən.

– Sadəcə estetik zövq almaq üçün?

– İndi bədii ədəbiyyatın başqa hansı funksiyası qalıb ki? Əvvəl bədii əsərlər sənə dünya haqqında məlumat verirdisə, indi internet bunu edir. Əvvəl səni maarifləndirirdisə, indi bunun üçün sənədli filmlər, elmi kitablar var. Sən Afrikada baş verən hadisəni Afrika haqqında yazılmış romandan oxumursan. Bədii ədəbiyyatın bircə estetik zövq verən son funksiyası qalıb. Bu baxımdan günə 50 səhifə oxuya bilməyən biri nəyə görə öz qarşısına belə bir şərt qoymalıdır? Bacarırsa elə 10 səhifə oxusun. Amma sonra da oxumağa başlayıb yarımçıq saxladığı kitab haqqında deməsin ki, pis kitabdır. Sadəcə oxuya bilmədiyini etiraf etsin.

Bu məsələdə iki ifrat cəbhə var. Bir cəbhə oxuya bilmədiyi kitablara pis deyir. Düşünür ki, dünyanın ədəbi dəyəri onun meyarları ilə ölçülür. Bu, yanlış bir şeydir. Ay bacı, ay qardaş, oxuya bilməmisənsə, bu sənin problemindir. İkinci cəbhə isə oxuduğu bir kitabdan heç nə anlamayanlardır. Bu adamlar məşhur əsərləri oxuduqdan sonra heç bir nəticəyə gəlmədikdə elə düşünürlər ki, özlərində problem var. Bu da düzgün yanaşma deyil. Sadəcə o kitabda sənə deyiləcək yeni bir şey tapmamısan. Onun mesajı sənin üçün nəzərdə tutulmayıb.

– Yaxşı roman yazmaq üçün nə etmək lazımdır?

– Bəlkə də, bu baxımdan bir az köhnə fikirliyəm, amma mənə elə gəlir ki, roman Avropa mədəniyyətinin artefaktıdır. Yəni roman Avropada müəyyən bir tarixi kontekstdə, Servantesin “Don Kixot”undan sonra onun tərcüməsi və təbdili prosesində yaranıb. Məsələn, romanın yaranması ilə bağlı vikipediyaya baxsan görərsən ki, Qədim Çində, Yunanıstanda fərqli-fərqli əsərləri tapıb roman adı ilə yazıblar. Məncə, bu yanlış yanaşmadır. Roman 18-ci əsrdə Avropada yaranmış bir janrdır. Bu baxımdan yaxşı roman yazmaq üçün romanın təbiətinə bələd olmalısan. Romanı duymalısan. Mənə elə gəlir ki, bizim insanlar, xüsusən də, bu işə yeni başlayanlar romanı sadəcə 50 min sözdən ibarət böyük bir mətn kimi düşünməməlidir. Roman hansısa bir mədəni artefaktdır. Onun öz estetik tərəfləri var. Bunları nəzərə almaq lazımdır.

– Kitab çıxarmağı düşünürsən?

– Yəqin ki…

– Bəs indiyə qədər niyə çıxarmamısan?

– 2013-də eksperiment kimi bir hekayələr kitabı çıxarmışdım, proses mənə çox çətin gəldi. Mətbəəyə göndərilməsindən satışın təşkilinə kimi hər işlə məşğul olmalısan. Hələ dostlarım mənə kömək edirdi.

Kitabı özün çıxarırsan, yoxsa hansısa nəşriyyat səni dərc edir? Məsələ budur. Dostlar hamısı kitab çıxarır, baxıram ki, çox əziyyət çəkirlər. Dükana gedib deməlisən ki, kitab yazmışam, bəlkə mənim kitabımı alıb satmaq istəyərsiz? Bütün bunlar insanın çox vaxtını alır. Buna görə bizdə kitab çap edən insanlara qibtə edirəm, onlardakı səbirə, motivasiyaya heyranam. Belə ağır prosesdən keçməyə özlərində güc tapırlar.

– Sənə 12 sual verəcəm “hə” və ya “yox” deyib cavablandırsan və ya variantlardan birini seçsən kifayətdir.

–Aqşin Yenisey yoxsa Salam Sarvan?

– Heç birini demək olar?

– Əlbəttə.

O zaman heç biri.

– Fikrət Qoca ya Sabir Rüstəmxanlı?

– Heç biri.

– Tomas Vulf, Tomas Mann?

– Burada Tomas Mann demək olar.

– Səbəbini deyə bilərsən?

– Vulf mənim yazıçım deyil. O mənə bir şey demir.

– Kənd nəsri, yoxsa şəhər nəsri?

– Təbii ki, şəhər nəsri.

– Roman, yoxsa hekayə?

– Roman.

– Şərif Ağayar, yoxa Seymur Baycan?

– Seymur Baycan. Amma Şərifə də çox böyük hörmətim var. Ümid edirəm bu sualda bir intriqa yoxdur.

– Yox qətiyyən. Nəzm yoxsa nəsr?

– Nəsr.

– Sevda Sultanova, yoxsa Aygün Aslanlı?

– Hər ikisi.

– Kommunizm, yoxsa kapitalizm?

– İslam.

– Qarabağ, Neftçi?

– Neftçi.

– Şahbaz Xuduoğlu, Rasim Qaraca?

– Naşir kimi?

– Bəli.

– Parlaq imzalar.

– Azərbaycan, Gürcüstan?

– Hər ikisi.

– Çingiz Abdullayev, yoxsa Elxan Elatlı?

– Boris Akunin.

– Anar, Əkrəm?

– Çingiz Hüseynov.

– Bizə beş roman və beş film tövsiyə edə bilərsən?

– Film tövsiyə edə bilməyəcəm. Bu məsələdə çox naşıyam.

– Rejissor da tövsiyə edə bilərsən.

– Filmə çox az baxıram. Kitaba isə deyə bilərəm ki, ən yaxşı kitab əvvəla Servantesin “Don Kixot”udur. Birinci və ikinci hissələrinin hər ikisini tövsiyə edirəm. Bu kitabı hər kəs oxumalıdır. Daha sonra Azərbaycan ədəbiyyatından Çingiz Hüseynovun yazdığı kitablardan hər hansısa biri. Onun bir neçə romanı var.

– Fətəli Fəthi…

– Konkret olaraq bir əsərini deməyim. İstəyə görə. Amma mütləq bir əsərini oxumaq lazımdır. Tolstoydan və Dostoyevskidən hərəsindən ən azı bir əsər tövsiyə edirəm.

– Dostoyevski, yoxsa Tolstoy?

– Seçim etmək çətindir. Hər birinin öz yeri var.

– Elə də çətin deyil amma…

– Mənim üçün hər ikisi eyni dərəcədə qiymətlidir. Bəlkə ona görə ki, həm qaranlıq, həm işıqlı tərəfim var. Qaranlıq tərəfimin Dostoyevskidən, işıqlı tərəfimin Tolstoydan xoşu gəlir.

– Qaldı bir kitab.

– Bir də Ahmet Hamdi Tanpınarın “Saatları ayarlama institutu”nu oxusunlar. Bu kitab müsəlman xalqlarının özlərini avropalılara oxşatmaq cəhdlərinin satirasıdır. Biz müsəlman xalqları özümüzü avropalı hesab edərək dəridən-qabıqdan necə çıxırıq, özümüzü necə aldadırıq. Bu baxımdan o kitabı oxusunlar. Kitab onlara çox şey deyəcək.

28.10.2022

Share: