Əli müəllim, doğum gününüz mübarək…

 Əli Həsənov – tanınmış ictimai-siyasi xadim, əməkdar dövlət qulluqçusu, tarix elmləri doktoru, professor.

Bu gün onun 60 yaşı tamam olur. Çox yaşasın, xoş yaşasın…

Onu, yəni yubiliyar Əli Həsənovu 60 illik yubileyi münasibətilə dostları, doğmaları, yaxınları, ailə üzvləri, silahdaşları olan siyasətdaşları, yüzlərlə insan təbrik edəcək və edir də.

Mən də təbrik edirəm. Yuxarıda dediyim kimi, çox yaşasın və xoş yaşasın.

Və heç bir təmanna güdmədən, heç bir yarınma, “mən də varam” demədən təbrik edirəm hörmətliu Əli müəllimi.

Bir Allah şahiddir ki, doğrudan-doğruya təbriklərim səmimidir. Necə ki, Əli müəllimin mənim təbrikimə ehtiyacı yoxdur və heç gözləmirdi, mənim də təbrikim o qədər səmimi və ürəkdən gələndir…

Əli müəllim haqda heç də bir mənalı fikir səslənməyib. Vaxtı ilə onunla çörək kəsib, salam-əleyk edənlər sonradan onun haqqında xoşagəlməz fikirlər səsləndirdilər. Burada həsəd də ola bilərdi, haqq da. Heç vaxt bunun fərqinə varmadım, daha doğrusu, dərininə getmədim. Əgər deyilənlər-yazılanlar doğrudursa, yaxud bu deyilənlər-yazılanlarda ifrata varılırsa, yaxud yazılanlar və deyilənlər haqdırsa belə, yenə də çox pis. Gərək belə olmayaydı. Çörək kəsib, kasıbçılıqlarını keçirib dərdlərini “yırğalayanlar” zaman keçdikcə gərək bir-birinə düşmən kəsilməyə,  bir-birlərini “baqaja” qoymaya.  Yəni Əli müəllimin haqqında yazıb onu dostluğa sədaqətsizlikdə günahlandıranlar, bunu ictimailəşdirməyəydilər. Axı onlar bir-birinin “kasıb komasına”  buyurub sabahın işıqlı günləri haqda fikir mübadiləsi etdikdə, kasıbın olanından təam edib, bir-birlərinin şərəfinə badə qaldıranda və ən azından biri digərinin balasına “əminin balası” deyib əzizləyirdisə, bu “əmiliyi” axıra qədər aparmalı idilər. Mənim təəssüfləndiyim bu idi; millətinin tanınan simaları bir birini ittiham edir və həyatda heç nəyin əbədi olmadığını, ayrı-ayrı məqamlarda ayrı-ayrı maraqlara söykəndiklərini faş edirlər.

Əli müəllim kifayət qədər möhkəmlənmiş bir mərtəbədə idi. İndi vəzifədən getdikdən sonra onun haqqında yazılanlara və yazanlara iyrənə-iyrənə baxıram. Vəzifədə olanda olunan tənqidlərə isə münasibətim onda da, indi də eynidir. Amma yuxarıda dediyim kimi, hər iki tərəf ötənlərə tapınıb bir-birini tənqid və təhdid etmə dərəcəsinə çatdırmamalıydılar; Çörək kəsmişdilər, nə bu tərəf vəzifə və nüfuz pilləsində olanda yuxarıdan aşağı, nə də aşağıda olanlar aşağadan yuxarı bir söz deməyəydilər.
İndi ad gününü, 60 illik yubileyini səmimi qəlbdən təbrik etdiyim Əli müəllim mənim üçün heç vaxt əlçatmaz olmayıb. Yəni heç marağında da olmamışam ki, əlimi ona tərəf uzadam. Birincisi ona görə ki, mənim, kasıb bir cəlilabadlı balasının, gəmi kapitanı olub həyatının müəyyən vaxtlarını fırtınalar qoynunda keçirən, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı misilsiz qəhrəmanlıq göstərən Xəzər dənizçilərinin içində, rus gəmiləri ilə çarpışan on aktiv gəmidən birinin idarəçiliyində olan, I Qarabağ savaşında dəfələrlə ön cəbhədə – Zəngilanda, Ağdamda, Füzulidə, Tərtərdə, Goranboyda, Ağdərədə – olan və reportajlar hazırlayan bir nəfərin heç vaxt ürəyindən bu keçmədi. İkincisi isə yer vardı ki, əl uzadasan? Mətbuatda pıspısana kimi dal-dala verib özlərinə yer eləyənlər ətrafı elə çəpərləyiblər ki… Onların qaraltısından nə qarşı tərəf görünürdü, nə də ki qarşıdakı tərəf başqasını sezirdi…
Əslində Əli müəllimin mənimlə bağlı adını elə hallandırıblar ki, mən indiyə qədər tənqidi nə isə deməliydim. Amma axı, niyə bu deyilənlərə inanım ki… Cəlilabadlılar demiş, Əli müəllim kücə, mən kücə, yəni o hara mən hara və bu tanınmış ictimaii-siyasi xadim nıyə axı mənim çoxlarının görmədiyi, sezmədiyi, bilmədiyi bir ömür yolunda nəyəsə  maneə kimi yadda qalmalıydı. Bir halda ki, mənim ona indi və onda da heç də özümün başa düşmədiyim  nəyə və niyə görəsə hərmətim olub.

Nə idi bu ürəkbulandıran və mənim heç ardıyca düşmədiyin nüanslar, deyim.
Məsələn, Axar.az saytında işləyəndə jurnalistlərə tikilmiş binadan mənzil almaq üçün mənim də adımın kollektivin sırasında getməsinə sayt rəhbərliyinin gətirdiyi bir xəbər çəpər oldu: Adları veriləcək jurnalistlərin siyahısını təqdim etdik, Əli müəllim Faiqin üstündən xətt çəkdi ki, o həbsdə yatıb, dedi.
“Ədəbiyyat qəzeti”ndə 1996-cı ildən işləyirdim. Çox hörmətli Vüsalə Mahirqızının bir statusunun altına yazdığım bir cümllik şərh şər qüvvələrdən də təhlükəli oldu və mənim qəzetdən şıxarılmağıma səbəb oldu. Yenə də sirli qüvvələr guya bu şərhin Əli müəllimə ünvanlandığını gündəmə gətirdi. Düzdür, hər kəs öz fitinin yaxşı tanıyır və söz sahibi sözü seçir. Amma and olsun adıma və şərəfimə bu şərhin də Əli müəllimə aidiyyatı yox idi…

Nə olsun ki, “Ədəbiyyat qəzeti”ndə hər kəsin evi vardı və bu dəfə mənzil bölgüsündə mənim adım siyahıya salına bilərdi və hər dəfə redaksiyaya ayrılan 2 mənzildən biri bu dəfə mənim ola bilərdi. Bu dəfə evin hansısa evi olan bir nəfərə veriləcəyi də aydındır və ola bilsin ki, bu redaksiya rəhbərliyinin oyunu idi ki, dolayısı yolla Əli müəllimin adını hallandırıb məni işdən götürsünlər. Hər halda hər birinə ancaq və ancaq uzun ömür arzulayıram. Aldıqları və alacaqları evdə toy – büsat olsun deyirəm. 57 yaşın içindəyəm və Azərbaycan boyda evim var, bu bəsimdir.

Əli müəllimin ad günüdür. Ona uğurlar arzulayıram. Mən onu qorxulu adam kimi tanımamışam, çünki ona heç  o qədər də fikir verməmişəm. Başımı aşağı salıb öz işimi görmüşəm, necə ki o və digərləri öz işi ilə məşğul olub.
Sadəcə, mən bu 60 yaşın tamamında sosial şəbəkədə bir neçə nəfərin Əli Həsənovu təbrik etməsini gördüm və dəhşətə gəldim: Adə, ay namərd kişilər və zənənlər, utanmırsız? Şifahi danışanda dedikləriniz nədir, yazdıqlarınız nədir?

Həm də, o adamların təbrikini görmək istəyirdim ki, Əli müəllim onlara atalarından da yaxın və doğma olub. Ola bilsin ki, telefonla zəng edib təbrik edəcəklər və edirbər də . Düşünürəm ki, onların, əlbəttə hamısının yox, təbrikləri həm ürəkdən deyil,  həm də  də səmimi…

Mən isə hörmətli Əli Həsənovu, tanınmış ictimai-siyasi xadimi, əməkdar dövlət qulluqçusunu, tarix elmləri doktoru, professoru ürəkdən təbrik edirəm. Çox uzun ömür və çox xoş həyat yaşamasını arzulayıram…

Hörmətlə: Faiq Balabəyli

Share: