Əhməd MİRZƏ dünyası , yaxud

daxili stresslərini, qəzəbini, məhəbbətini və sevgisini

sözə çevirmək üçün yazan el şairi

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Əhməd Mirzə (Mirzəyev Güləhməd Nərçə oğlu) 6 iyul 1936-cı ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. Sonra bölgənin tibb ocaqlarında həkim işləyib, üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. 2018-ci ildə vəfat edib.. Ədəbi fəaliyyətlə gənc yaşlarından məşğul olub. Əhməd Mirzə 1997-ci ildə bölgədə yaradılan “Nöqtələr” ədəbi qrupunun üzvü kimi ədəbi tədbirlərə qatılırdı.

“Nöqtələr” ədəbi toplusunun 1999-cu il buraxılışında Əhməd Mirzənin iki şeiri oxuculara təqdim olunub. “Cavanlıq” və “İzim qalar” adlı şeirlər pis qarşılanmadı. Oxuculara  daha çox “Cavanlıq” şeiri təsir göstərmişdi:

 

Gəlin fikir verib baxaq dövrana,

Kükrəyən vulkana bənzər cavanlıq.

Dağlarda qartala, düzdə ceyrana,

Quşlarda tərlana bənzər cavanlıq.

 

Ayrı düşməz obasından, elindən,

Vətən sözü heç vaxt düşməz dilindən.

Əldə eyləməkçün durna telindən,

Səfərkeş karvana bənzər cavanlıq.

 

Səyridərək atın çapar dördnala,

Coşaraq hünəri bənzər salsala.

Elin çağrışından heç qalmaz dala,

Gərilmiş kamana bənzər cavanlıq.

 

Əhməd deyər, gəncliyimdə dürr idim,

Bəfasız dünyada əyildi qəddim.

Ötən günlərimin qədrin bilmədim,

Bilmədim sultana bənzər cavanlıq.

 

“İzim qalar” şeiri də maraqlıdır. Burada folklordan gələn motivlər, fikirlər və misralar var. Sonra bu şeiri bölgənin məktəbliləri əzbərlədilər, hətta onu aşıq havası üstə oxuyanlar da oldu:

 

Torpaq üstə asta-asta,

Yeriyim ki, izim qala.

Yazmamaışam şöhrət üçün,

Yazmışam ki, sözüm qala.

 

Əbəs yerə gəzdim abdal,

Vaxt keçibdir, yatıb iqbal.

Yandırdığım uca tonqal,

Sönsə bir gün, közüm qalar.

 

Əhməd yaşar könüllərdə,

Şeiri dolaşar dillərdə.

Məndən sonrakı illərdə

Bir kitablıq yazım qalar.

 

Ancaq Əhməd Mirzənin kimliyi bölgə oxucuları üçün qaranlıq olaraq qaldı. Kimsənin ağlına gəlmirdi ki, bu, hamının Güləhməd Mirzəyev kimi tanıdığı və kənd ambulatoriyasına uzun müddət başçılıq etmiş həkimdir. 2001-ci ildə Əhməd Mirzənin “Vətən yaxşıdır” şeiri “Nöqtələr” toplusunda işıq üzü gördü. Bu şeir vaxtında yazılmışdır. Ötən yüzilliyin doxsanıncı illərində gənclərimizin Rusiyaya axını baş alıb gedirdi. Bu şeir də folklordan qaynaqlanan misralar üzərində qurulmuşdur:

 

Nə qədər şən olsan uzaq ellərdə,

Xoş həyat sürməyə vətən yaxşıdır.

Adın əzbər olub gəzsə dillərdə,

Xoş həyat sürməyə vətən yaxşıdır…

 

Yavaş-yavaş ötüb keçər həddini,

Qocalıq üz verib əyər qəddini.

Qanadlanıb keçsən Dərbənd səddini,

Xoş həyat sürməyə vətən yaxşıdır…

  

Vətəndir Əhmədin vuran ürəyi,

Şirin nemətidir duzu, çörəyi.

Kür, Araz çayları bolluq mənbəyi,

Xoş həyat sürməyə vətən yaxşıdır.

 

İstər-istəməz yadımıza məşhur bir bayatı düşür: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı!”. Əhməd Mirzə də “Vətən yaxşıdır” şeirini qürbətdə yaşayan həmyerlilərimizə ünvanlamışdır. Onun öz övladları da ali təhsil alandan sonra Rusiyaya üz tutmuş, bir tikə çörək üçün qərib ölkədə yaşamağa məcbur olmuşlar. Bu şeir onun öz taleyi, övladlarının taleyidir. “Nöqtələr”in səkkizinci buraxılışında (2004) Əhməd Mirzənin vətənə məhəbbət üzərində köklənmiş iki şeiri çap olundu. “Azərbaycan” şeirini Səməd Vurğunun və Almas İldırımın ruhuna həsr edən şair, ikinci şeirində günümüzün baş mövzusuna toxunur, Vətənin ayrılmaz cənnət guşəsi, xanəndələr yurdu Qarabağdan söhbət açırdı. Çox təəssüf ki, nə “Nöqtələr”ə qədər, nə də “Nöqtələr”dən sonra Əhməd Mirzə şeirlərini hansısa mətbuat orqanına təqdim etməmişdir.

Ömrünün 77-ci baharında, 2014-cü ildə Əhməd Mirzənin “Vətən yaxşıdır” adlı ilk və son poetik toplusu nəşr olundu. Onun şeirləri həyata ömrünün zirvəsindən boylanan bir şairin oxuculara söyləmək üçün yox, daxili stresslərini, qəzəbini, məhəbbətini və sevgisini sözə çevirmək üçün yazılmışdır:

 

Söz adamı sözə sığar,

Ondan xatirələr qalar.

Əlli ötdü, yüzə sığar,

Ondan xatirələr qalar.

 

Nə qazanar, nə itirər,

Xoş günlərdən pay götürər.

Ömrü başa tez yetirər,

Ondan xatirələr qalar.

 

Əhməd bir gün göçər eldən,

Sonaları uçar göldən.

Düşər ağızdan, dildən,

Ondan xatirələr qalar.

 

Yaxud:

Qəhərlənib qələm aldım əlimə,

Halım olub şana-şana neyləyim?

Ayrılıqsız qılınc çaldı belimə,

Kəh-kəşanlı asimana neyləyim?

 

Fələk vurub sizi saldı didərgin,

Çox ağırdır günü qəmin, kədərin.

Çəkməkdən qocaldım oğul həsrətin,

Düzəlməyən bu dövrana neyləyim?

 

Xalqımın oğluyam, xalqa güvəndim,

Qohumu qohum tək, dostu dost bildim.

Ovcumda boşa çıxdı kəməndim,

Dayanmayan bu tufana neyləyim?

 

Yaşayıram indi qürub çağını,

Borana düşmüşdür ömür karvanı.

Vurnuxdum dolandım çölü, səhranı,

Yol bilməyən saribana neyləyim?

 

Məsafə uzaqdır, yollar xətalı,

Ovçu, nişan alma dağda maralı.

Tənhalıqdan ruhum, rəngim saralı,

Yağı düşman zimistana neyləsin?

 

Əhmədəm, hər yanı gəzdim, dolandım,

Ömür keçdi, günü-gündən qocaldım.

Bəxtim gətirmədi, vaxtsız saraldım,

Viran olmuş gülüstana neyləyim?

 

Doğrudan da, söz yaşarıdır, söz yaradan insanların ruhu onu tanıyanların dünyasında dolaşır, özü haqq dünyasına qovuşsa da!

 

 

Share: