Ədəbiyyatda kino, kinoda ədəbiyyat – Mirmehdi Ağaoğlu yazır…

Kulis.az Mirmehdi Ağaoğlunun yeni yazısını təqdim edir.

Qeyd: V Milli Kitab Sərgisi çərçivəsində təşkil olunan “Ədəbiyyatda kino, kinoda ədəbiyyat” panelində iştirak kinoşünas Aygün Aslanlı ilə birlikdə mənə də həvalə edilmişdi. Çıxış üçün özümə bəzi qeydlər götürərkən bir də gördüm ki, “qeydlər” böyüyüb iri bir yazıya çevrilib. Diqqətəlayiq nəticələr ortaya çıxdığını düşünərək həmin yazını oxucularla bölüşmək qərarına gəldim.

Ədəbiyyat kinoya nə qədər təsir edir və ümumiyyətlə edirmi? Hər hansı bədii əsərə çəkilən ekran işi onun gücünü ötüb aşa bilirmi? Çağdaş dövr Azərbaycanında ədəbiyyat və kinonun münasibətləri nə yerdədir?

Hər şeydən əvvəl çoxunuzun bildiyi bir faktla söhbətə başlamaq istəyirəm: Azərbaycanda çəkilən ilk film “Neft və milyonlar səltənətində” (1915) İbrahim bəy Musabəyovun eyniadlı romanı əsasında ərsəyə gəlib. Bundan sonra da bu qayda davam edib, Cəfər Cabbarlının eyniadlı pyesləri əsasında “Sevil” (1929), və “Almaz” (1936) filmləri çəkilib. Sonrakı illərdə bu hal ənənəyə çevrilib. Ad çəkməyə davam etsək, çox uzun siyahı alınar deyə, dərhal onillikləri adlayaraq günümüzə gəlmək istəyirəm: “Qətl günü”, “Küçələrə su səpmişəm”, “Dolu”. Bu filmlər hər biri eyniadlı bədii əsərlər əsasında ekranlaşıb.

Ədəbiyyatla kinonun nə qədər doğma, qohum sahə olduqlarını göstərmək üçün sizə bəlkə də ilk baxışda banal görünən hamının bildiyi bir faktı iqrar edim. Bizim ən böyük kinostudiyamız yazıçı-dramaturq Cəfər Cabbarlının adını daşıyır. Rusiyada da hələ Sovet dövründə əsas kinostudiyalardan biri Maksim Qorkinin adını daşıyırdı. Əslində bu da ədəbiyyatla kinonun bir-birinə nə qədər yaxın olmaqlarının bir növ göstəricisidir.

Kino hər zaman ədəbiyyatdan qidalanıb, ondan bəhrələnib. Kinonu nilüfər çiçəyinə bənzətsək, ədəbiyyat onun kökünün boy atdığı yarpaqlarının sərələndiyi su olub. Bu ənənə təkcə bizdə deyil. Dünyanın hər yerində ədəbiyyatla kino yaxındır. Elə bir dünyaca məşhur əsər tapmazsan ki, ekranlaşdırılmasın. Hətta Kafka kimi spesifik bir müəllifin əsərləri belə ekran üzü görüb. Düzdür, XX əsrin ən məşhur romanlarından sayılan Qabriel Qarsiya Markesin “Tənhalığın yüz ili” əsəri ekranlaşdırılmayıb. Səbəb isə çox sadədir. Müəllif icazə verməyib, “Vəba dövründə eşq”in ekranlaşdırılmasına icazə verib, “Tənhalığın yüz ili”nin ekranlaşdırılma təklifinə yox deyib. Markes artıq həyatda yoxdur deyə, zənnimcə bu qadağa da aradan qalxmaqdadır. Bəzi məlumatlara görə Netflix platforması “Tənhalığın yüz ili”ni ekranlaşdırmağa hazırlaşır.



Qabriel Qarsia Markes

Bəs Markes niyə əsərinin ekranlaşdırılmasını istəmirdi? Düşünürdü ki, romanın təxəyyülümüzdə canlandırdığımız obrazlarının sakrallığını filmin ekran həlli dağıda bilər və təxəyyülümüzdəki obrazların yerini tutar. Ona görə ekranlaşdırmağa icazə vermirdi.

Bəlkə də kino ilə ədəbiyyatın ən başlıca və aşkar birləşmə nöqtəsi məhz buradır. Biz bədii əsər oxuyan zaman kiçik-kiçik rejissorlara çevrilir, onların ekranda gördüyü işləri beynimizdə görürük. Əsərin təsirindən təxəyyülümüzdə hansısa personajın obrazı canlanır, oxuduğumuz situasiya təkrarlanır, bəzən süjetin davamını gətiririk, bəzən özümüz də bir personaja çevrilib, o aləmə daxil oluruq. Beləcə, təxəyyülümüzdə sanki bir kino çəkilir. Düzdür, bu kinonun bizdən başqa tamaşaçısının olması mümkün deyil. Amma bu baxımdan rejissorlar istisnadırlar. Əsərin filmə çevrilməsi də məhz bu işi görür, minlərlə oxucunun etdiyi prosesi bir nəfər həyata keçirir, canlandırdığı personajları kino dilinə köçürür və onu bizə təqdim edir. Bununla da bəzən bizim beynimizdə yaratdığımız obrazları da darmadağın edir, bizi alternativsiz qoyur. Çünki mücərrəd yuxu kimi də olsa bizim beynimizdə hansısa personaj, səhnə ilə bağlı görüntü formalaşır. Əsəri nə zamansa xatırlayanda o görüntü hülya kimi gəlib durur qarşında. Lakin rejissor nə edir? O görüntünü sənin əlindən alıb özünkünü təqdim edir, artıq sən əsəri xatırlayanda yazıçının yaratdığı obrazı, səhnəni yox, rejissorun çəkdiyi səhnəni, obrazı ilk növbədə xatırlayırsan. Beləcə rejissor gəlib dayanır oxucu ilə yazıçının arasında, ona öz məhsulunu təqdim edir. Məncə Markesin də qorxusu məhz buna görə imiş. “Tənhalığın yüz ili” romanının oxucu təxəyyülündə yaratdığı aləmi hansısa rejissorla bölüşmək qorxusu.

Fikrimcə, bədii əsərin ekranlaşdırılması prosesi üç cür baş verir. Birinci variantda rejissor əsərin ideyasına, süjetinə sadiq qalır, ondan kənara çıxmır. İkinci variantda hansısa əsəri götürüb onu necə istəyirsə, o cür də yozumunu verir, süjeti, ideyanı dəyişir, əsəri dekonstruksiya edir.

Üçüncü variant isə məncə, filmin bədii əsərlə intertekstual əlaqəsidir. Burada ekran işi yalnız müəyyən detallarla bədii əsərə göndərmələr edir, bir növ, onun yozumunda bədii əsərin müəyyən ştrixləri olur. Darren Aronofskinin ötən il “Ən yaxşı aktyor” nominasiyasında Oskar mükafatı qazanmış (aktyor Brendan Freyzer) “Balina” bədii filmini bura aid etmək olar.

Adətən birinci yol daha risklidir. Bu zaman əsərə sadiq qalmalı olursan. Halbuki kino və ədəbiyyat ayrı-ayrı sahələrdir və dilləri də ayrıdır. Rejissor əsərə sadiq qaldığı halda çox vaxt müəllifə uduzur. Film bədii əsərin təsirini aşa bilmir. Çünki əvvəldən onun yedəyində gedir. Əsərin təsirində qalmamaq üçün gərək nə qədər böyük və özünəinamlı rejissor olasan ki, onun basqısından çıxa biləsən. Bədii əsərin basqısında qalan ekran işlərinə son illərdə çəkilən filmlərdən nümunə gətirmək istəyirəm: Salman Rüşdinin “Gecəyarı uşaqları”, Haruki Murakaminin “Norveç meşəsi”, Viktor Pelevinin “P nəsli”, Frederik Beqbederin “99 frank” romanlarının ekranlaşması bərbaddır. Eyni zamanda Folker Şlöndorfun Günter Qrasın “Tənəkə təbil” romanı əsasında çəkdiyi film heç də əsərdən geri qalmır, yaxud Tom Tıkverin Patrik Züskendin “Ətriyyatçı” romanı əsasında çəkdiyi film də zəif deyil.

Yeri gəlmişkən, Kann festivalının “Qızıl palma budağı” və Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını qazanan “Tənəkə təbil” alman “İkinci dalğa”sının ən yaxşı ekran işlərindən hesab olunur. Filmdə Oskar Maseratın ailəsinin timsalında alman cəmiyyətinin tənəzzülü, nasizmin doğuşuna rəvac verən məqamlar, onun yüksəlişinin səbəbləri göstərilir. Film romanın ideyasından demək olar ki, kənara çıxmır və romandan fərqlənən məqamlar o qədər vurucu şəkildə ifadə olunur ki, heç vaxt unudulmur. Xüsusən, boyu artmadığı üçün həmişə uşaq qalan Oskarın kilsədə Məryəmin heykəlin önünə gələrək tənəkə təbilini körpə İsanın boynuna keçirməklə özünü onunla eyniləşdirdiyi, bununla da özünün atasının naməlumluğu kimi peyğəmbərin də atasının kimliyini də şübhə altına aldığı səhnə yaddaqalandır. Əlbəttə filmi misilsiz edən məqamlardan biri də Oskar rolunu canlandıran aktyor Devid Bennetin oyundur.

Amma romanlarının ekranlaşdırılmasını bəyənməyən müəlliflər də var. Məsələn, Stanislav Lem “Solyaris” romanı haqqında Tarkovskinin çəkdiyi eyni adlı filmi bəyənməyib, hətta deyilənə görə aralarında konflikt də yaşanıb. Halbuki “Solyaris” çox gözəl filmdir.



Stanislav Lem

Yerli müəlliflərdən danışaq. Əkrəm Əylisli əsərlərinin ekranlaşmalarını bəyənməyib, bir dəfə isə nümayiş zamanı film bitməmiş kinoteatrı tərk edib. “Babək” filminin ssenari müəllifi Ənvər Məmmədxanlı da Eldar Quliyevin işini bəyənməyib. Halbuki Azərbaycanda “Babək”i sevməyən az tapılar



Ənvər Məmmədxanlı

Müstəqillik qazanandan sonra ölkədə yaranan böhran mədəniyyət sahəsini də tənəzzülə uğratdı. Bundan sonra elə bil ki, bütün sənət sahələri arasında dərin çatlar əmələ gəldi, sənət sahələri xeyli marjinallaşdı. Sovet dövründə yazıçılar, rejissorlar, rəssamlar, musiqiçilər, aktyorlar bu qədər marjinal olmamışdılar, sıx münasibətlər həm də yaradıcı tandemlərə də gətirib çıxarırdı. Amma indi sanki bu əlaqələr təmiz kəsilib. Sözün həqiqi mənasında heç kəs, heç kəsin kitabını oxumur. Yazıçıların böyük əksəriyyətinin yeni çəkilən filmlərdən, rejissorların da yeni yazılan əsərlərdən xəbəri yoxdur. Bu müqayisəni ayrı sahələr haqqında da demək olar, lakin indiki halda bu ikisinin münasibətlərindən danışırıq. Bunun da nəticəsində elə bil ki, son illərdə yazıçılar kino sahəsindən didərgin düşür. Demək olar çox az yazıçı ssenari prosesində iştirak edir. Halbuki yazıçıların əsərləri, yaxud ssenariləri əsasında çəkilmiş nə qədər gözəl filmlərimiz var, saymaqla bitməz. Ona görə də müasir dövrdə çəkilmiş bəzi filmlərimizə, seriallara baxanda görürsən ki, ekrandakı hadisələrin Azərbaycana heç bir dəxli yoxdur, Azərbaycan reallığını əks etdirmir, dialoqlar sünidir, bir qədər kobud desək, filmin ayağı yerə dəymir. Etiraf etməliyik ki, bir yazıçı rejissora, ssenaristə nəzərən xalqı daha yaxşı tanıyır, çünki daim insani münasibətlərin içindədir, beyni hekayələrlə doludur, üstəlik daha sosialdır, politikdir, cəmiyyətdə baş verən hadisələrə adətən anında reaksiya verir. Cəmiyyət də çox vaxt ilk reaksiyanı da yazıçıdan tələb edir. Bütün bunlar ona gətirib çıxarır ki, istər-istəməz söz adamı yaşadığı cəmiyyəti daha yaxşı tanıyır, ağrılı yeri dəqiq bilir.

Əgər qardaş Türkiyəyə baxsaq görərik ki, nə qədər yazıçı kino sektorunda külüng vurur. Əmrah Serbesin əsərləri əsasında çəkilən “Behzat Ç”, Hakan Gündayın ssenarisi əsasında çəkilən “Şahsiyyet” seriallarının adını çəkə bilərəm. Yeri gəlmişkən, Müslüm Gursəsin həyatından bəhs edən “Müslüm” filminin də ssenarisi ona məxsusdur. ABŞ-də də Donna Tartın məşhur “Payızbülbülü” romanına film çəkilir. Bir faktı da deyim. Frensis Skot Fitcerald, Vilyam Folkner kimi yazıçılar Hollivudda çalışıb, ssenarilər yazıblar, özü də maliyyə imkanlarının ən pis vaxtlarında. Xüsusən Folkner Hollivud üçün ssenarini ona görə yazırmış ki, yazıçılıqdan qazancı çox az idi və onu ümumiyyətlə Amerikada tanımırdılar. Bunun üçün də ssenarilər yazırdı ki, pul qazansın və əldə etdiyi gəlirlə romanlarını yazsın. Yəni bu gün Folknerin o ölümsüz əsərlərinə görə müəyyən mənada Hollivuda da borcluyuq (Bizdə də Ənvər Məmmədxanlı, İsa Hüseynov, İsi Məlikzadə və adını çəkmədiyim onlarla yazıçı kinostudiyada çalışıblar). Qonşu Rusiyadan da nümunə gətirməsək olmaz. Bir neçə il əvvəl Rusiyada Aleksey Salnikov adlı məndən dörd yaş böyük bir yazıçının “Petrov ailəsi qrip olub” romanı əks-səda doğurdu. Bundan sonra qalmaqallı rejissor Kiril Serebrennikov dərhal onu ekranlaşdırdı. Güzel Yaxinanın “Züleyxa gözlərini açır” romanını nümunə gətirmək olar, Rusiyanın birinci kanalı 8 seriyalı film çəkib.

Bir sözlə, kinonun birbaşa qaynağı ədəbiyyatdır. Bu proses bədii əsərin ekranlaşması formasında da baş verə bilər, süjet əsasında gəzişmələr şəklində də , ya da elə praktiki əməkdaşlıq səviyyəsində də mümkündür. Lakin bizdə kino sektorunun tənəzzüldən çıxa bilməməsi nəticəsində bu proses çox ləng gedir. Mənim yadıma son illərdə yazılmış romanlara çəkilən əsərlər içində bircə “Dolu” gəlir. Hilal Baydarovun “Səpələnmiş ölümlər arasına” filminin də adını çəkmək yerinə düşər. Hilalla yanaşı ötən il “Keçilər nəğmələri” adlı romanı çapdan çıxmış Rəşad Səfər də filmin ssenaristidir. Bir də son aylar böyük əks-səda doğurmuş “Əqrəb mövsümü” serialının adını çəkmək mümkündür ki, o da Ceyhun Hidayətlinin “Əqrəb” romanı əsasında ekranlaşıb. Halbuki son illərdə Azərbaycan ədəbiyyatında ekranlaşdırıla bilən xeyli bədii əsər yazılıb. Bu sırada Azər Abdullanın “Qəmərlidən keçən qatar”, Səfər Alışarlının “Maestro”, Həmid Herisçinin “Nekroloq”, “Solaxay”, Şərif Ağayarın “Haramı”, “Arzularıdan sonrakı şəhər”, Seymur Baycanın “Quqark”, Mübariz Örənin “Ağ buludlar”, Mübariz Cəfərlinin “Bərpaçı”, “Bənna”, Cavid Zeynallının “Günəşi gözləyənlər”, Cavid Ramazanovun “Amanabənd” və başqa müəllif və əsərlərin adlarını çəkmək olar. Bir qədər qeyri-təvazökarlıq kimi görünsə də mənim “Bu gün səbr elə” adlı romanımı rejissor Cavid Təvəkkül ekranlaşdırmaq istəmişdi, lakin maliyyə məsələləri ilə əlaqədar niyyətimiz həyata keçmədi. Təəssüf, bizdə yaradıcılıqla bağlı bir çox ideyalar Şahbaz bəyin Parisə getmək arzusunun taleyini yaşayır.

Sonda qənaətim budur ki, kino ilə ədəbiyyat siam əkizləri kimidirlər: iki başları bir bədənləri var. Əgər sözü bir yerə qoysalar böyük məsafə qət edəcəklər, qoymasalar da yerlərindən çətin tərpənələr.

Share: