” Yuxusunu dörd manata satır bu qadın…”- Xatirə Rəhimbəyli yazır…

Hər kəsə aid deyil…
Dünən şəhərdən gəlirdim .Dayanacaqda anası ilə”məktəb bazarlığı”ndan gələn bacı-qardaşı gördüm.Şagirdlərim idilər.Məni görəndə analı-balalı necə sevindilərsə,düzü,utandım və mən də bu sevincin qarşılığını layiqıncə vermək üçün onları suala tutdum :
-Oğlum nə gözəl böyüyüb,maşallah.Qızım nə gözəl olub,ayyy.Tətili harada keçirdiniz?Burada,yoxsa rayonda?Vəziyyət necədi?Dolana bilirsiniz?və s..və i.a.
Suallarıma cavab almamış xanıma zəng gəldi.Həyat yoldaşı idi deyəsən.Qadın yükünün ağır olmasından,bazarın baha olmasından,pulunun tamam qurtarmasından,iki avtobusun dolu keçib uşaqlara görə minə bilməməsindən,gecikməyinin səbəbinin axtardıqlarını gec tapması olmasından,pulu tamam qurtardığı üçün ət ala bilməyəcəyindən,gəlib tez olsun deyə toyuq bişirəcəyindən…yumşaq-yumşaq danışdı.Hiss elədim ki, kişini cırnatmaq istəmir…Beynimdə bir sual doğdu:
-Niyə zalımsan,Azərbaycan kişisi?..
Qadın telefonu söndürdü,dərindən nəfəs alıb mənə tərəf döndü…
Suallarıma cavab vermək üçün…
-Nə tətil?Mənim üstümə gün doğub ki?Salatda işləyirəm.”Xodovay”yerdi.Bir dəqiqə dincliyim yoxdu.Günə 10-15 kilo xiyar-pomidorun salatını edirəm .Yolum da uzaqdı.İki uşaq,evin işi,biş-düş…İcazəni çətinliklə alıram…
Yaxında işləyirdim,iş yoldaşım torbamı tikdi,çıxdım.Özü də işləyə bilməyib,çıxarıblar…Məni geri çağırırlar,gəlmək istəmirəm,etibarımı qırıblar…
-Qürur eləmə,yaxına gəl,yazıqsan.
-Mən də istəyirəm,uşaqlara görə…
Amma oranın pulu çoxdur..
-Nə qədər?
-Beş manat fərq eləyir..
-O da yola gedər…
-Yox,evdən tez çıxıram,bir manatım çıxır…
-Bəs nə vaxt yatırsan?
-Neyləyim e…
Yuxusunu dörd manata satır bu qadın…
Torbaları ağırdır…
-Zəng elə ,qarşına çıxsın..
Məzlum-məzlum gülümsünür…
Niyə rəhmsizsən,Azərbaycan kişisi?
-Heç olmasa ,qoyaydın o gəlib alaydı uşaqlara pal-paltarı,sən də bu gün dincələydin.
-Yox ee,o bazarlıq edə bilmir…Sonra uşaqlar bəyənmir…
Niyə zövqsüzsən axı?!
-Siz gedincə yeməyi edəydi barı…
Qadın heyrətlə üzümə baxır:
-Əlindən gəlmir..
Niyə bacarmırsan axı???
Ürəyim partlayır az qala..
-Bəs niyə evdədir?
–Bu gün işi yoxdur..İşi hərdən olur…
Mən inada durmuş kimi :
-Bəs uşaqların dərslərinə kim baxır,-deyə soruşuram.
-Vaxtım olanda mən,olmayanda özləri..
-O niyə baxmır?
Günahkarcasına gülümsünür:
-O oxumayıb..
Niyə savadsızsan?!
Qalan sual və cavablar təxəyyülün məhsuludur.
-Bəs sən nə bacarırsan?Bu zərif məxluqu bu qədər yükləyib sonra da ondan sədaqət və vəfa umursan.Axı bu qədər ağırlığa ONUN fiziki gücü yetmir.Bəs sənin öhdəliyin nədir ailə qarşısında?Beş-üç manat qazanıb onun üstünə atmaqikayət eşidən kimi”sənə kim deyir işlə,çıx otur evdə” kimi saxta qürur yapmaq?Həm də “otur”a bax haaa…O səndən ağıllıdır,səndən də çox qazanır,övladını xatirinə susur,sən də onun susacağını bilib vəziyyətdən sui-istifadə edirsən…
Sən onu əzirsən,incidirsən,öldürürsən,həm də acımadan…Onu insan yerinə qoymursan,ona rəhm eləmirsən,ona onun da insan olduğunu xatırlatmırsan…O da əriyir,yox olub gedir…Sonra da(ən yaxşı halda) deyirsən,qarnı götürmədi,qudurdu getdi.Ya da öldürürsən,təəssüf ki…Unutma:
Kim könüllü gedər öz cənnətindən?
P.S.Yazını birbaşa bura yazırdım.Ehtiyatlı davranıb yarı-yarı paylaşdım ki,birdən silinər…İkinci hissə silindi,yenidən yazdım,başqa cür alındı.O hissə belə bitirdi:
-Səni sevməyən ölsün,Azərbaycan anası!

 

Müstəqil.Az

Xatirə Rəhimbəyli

Share: