“Yuxu kirpiyimdən ötrü darıxıb…”- Gülər Eldarqızının şeirləri…

Müstəqil.Az gənc şairə Gülər Eldarqızının yeni şeirlərini təqdim edir:
Acı xatirə
 
Əqrəbdən asılıb dayanmışam ki,
Sənli günlərimi saxlaya bilim.
Geriyə dönməyə üzüm yox artıq,
Elə bir söz de ki, ağlaya bilim…
 
Acı xatirə də şirin dadarmış,
Hər dəfə yadına salıb duyunca.
Deyirlər sevgini elə yaşa ki,
Yandırsın qəlbini ömür boyunca.
 
Kimin məhəbbəti sonacan yetib…
Kimin arasında söz olmayıb ki…
Gümansız, şübhəsiz ömür yetişməz,
Günahkar ürəkdir, göz olmayıb ki…
 
Sən mənim ömrümə elə hopmusan,
Bütün təqvimlərdə görürəm səni.
Əksin möhürlənib baxışlarıma,
Divar saatına hörürəm səni.
 
Qəfil gedişini bağışlamıram
 
Çox məətəl qalmışam indi halıma,
Sənsiz günlər ötür, yeni ay gəlir.
Demək mənim səbrim dağ boyda imiş,
Bu qədər ağrını əridə bilir.
 
Bilmirəm gecədir, yoxsa ki səhər,
Yuxu kipriyimdən ötrü darıxıb.
Səni itirdiyim o gündən bəri,
Tarix də, təqvim də yadımdan çıxıb.
 
Biz ki tən bölərdik bütün cahanı,
Sənin öyüdlərin mənə tac idi.
Ürəyim sevgindən ilham alsa da,
Gözlərim gözündən hələ ac idi.
 
Müdriklər alqışla köçər həyatdan,
Əllərim quruyub, alqışlamıram.
Nə haqqın vardısa halaldır, təkcə
Qəfil gedişini bağışlamıram.
 
NAĞIL ÖMÜR
 
Uşaq vaxtı qar yeyərdim, yağanda,
Uşaq qəlbim şadlanardı sevincdən.
Nə biləydim tale məni sıxanda
Könlüm olar bir yetim quş, sevinc dən.
 
Yadımdadır, üşüməzdim qışda da,
Bir hərarət duyulurdu hər üzdən.
İnsan uşaq olarmış qırx yaşda da,
Üşüyərmiş buz baxışdan, qar üzdən.
 
Qar adamı düzəldərdik həyətdə,
Gün çıxanda əridərdi “adamı”.
İndi məni üşüdür bu həyat da,
Gün də vurmur könül adlı odamı.
 
Qar yağardı, budaqları əyərdi,
Deyərdilər bu hikmətdir, ağıldır.
Onda mənə nənəm nağıl deyərdi,
Artıq ömrüm başdan-başa nağıldır.
 
Nağıl ömrün bitməyinə az qalıb,
Taleyimə üç alma da düşəcək.
Payız ötüb, qış gəlibdir, yaz qalıb,
Son baharım üç almada düşəcək.
 
Uşaq vaxtı qar yeyərdim, yağanda,
Uşaq qəlbim şadlanardı sevincdən.
Nə biləydim tale məni sıxanda
Könlüm olar bir yetim quş, sevinc dən.
 
QAR ŞƏKLİNDƏ
 
Qəm qəlbimi dələndi,
Köksümdə kündələndi.
Həsrətin dənələndi
Yoluma nar şəklində.
 
Nə ölüyəm, nə diri,
Kiri, bivəfam, kiri!
Varmı insafsız biri
Sənintək yar şəklində?
 
Qürurumu – gəl, – əyim,
Vüsalındır gərəyim.
İnıldəyir ürəyim
Bir kaman- tar şəklində.
 
Gözüm həsrət qoxuyur,
Ömrə kədər toxuyur.
Sənə nəğmə oxuyur
Dil ahu- zar şəklində.
 
Nədir suçum, günahım,
Qəm saçır hər sabahım.
Göyə ucalan ahım
Ələnir qar şəklində.
BƏLKƏ SƏNİ UNUDARDIM HARDASA
Bahar gəlir, yenə açır çiçəklər,
Yenə torpaq sevgi rəngdə boyanır.
Hər tərəfə ətir saçır çiçəklər,
Ürəyimdə xatirələr oyanır.
 
Qəlbimizə sevgi dolan yerdəyəm,
Sevgimizlə bu çəmən tən, çiçək tən.
İk görüşə şahid olan yerdəyəm,
Ətrin gəlir çəməndə hər çiçəkdən.
 
Xatırladır burda səni hər çiçək,
Bir çiçəkdə əllərinin ətri var.
Nəfəsindir çəməndəki tər çiçək,
Hər çiçəkdə sevgimizin xətri var.
 
Bu mənzərə ürəyimi qoparır,
Qonur yenə hər ləçəyə kəpənək.
Bəlkə sevgi məktubunu aparır
Bu çiçəkdən o çiçəyə kəpənək.
 
Əzəl gündən belə olub, qalacaq,
Sirlər dolu bu yer nədir, göy nədir?
Qəlbim yenə xatirənə dalacaq,
Yenə həsrət ürəyimi göynədir.
 
Həsrətimi ovudardım hardasa,
Ürəyimi dəlməsəydi bu bahar.
Bəlkə səni unudardım hardasa,
Bəlkə bir də gəlməsəydi bu bahar.
 
Olmaz
 
Bağa baxmasan saralar,
Solar, bağ olmaz, bağ olmaz.
Dağ Ağrı olar, candakı
Ağrı dağ olmaz, dağ olmaz.
 
Bu al günü, ala günü,
Yaman günə qala günü!
Bir-birinə cala günü,
Ötən çağ olmaz, çağ olmaz.
 
Üzümüzə gülən bilər,
Gözümüzü silən bilər,
Bu həsrətlə bilən bilər
Canım sağ olmaz, sağ olmaz.
 
Dini para adamların,
Nəfsi yara adamların,
Qəlbi qara adamların
Üzü ağ olmaz, ağ olmaz.
Müstəqil.Az
 
Share: