Yoav Qalant: “Minlərlə HƏMAS döyüşçüsü ölkəyə daxil olub”

İsrailin müdafiə naziri Yoav Qalant NATO-nun müdafiə nazirləri ilə keçirdiyi brifinqdə minlərlə HƏMAS döyüşçüsünün ölkəyə daxil olması barədə danışıb.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat verib.

“Minlərlə terrorçu minlərlə raket ataraq cənub sərhədimizi keçib”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, o, hücuma məruz qalan sərhəd bölgələrinə şəxsən baş çəkib. Qalant həmkarlarına hadisə yerindən senzuradan keçməmiş kadrları göstərərək, 1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisənin gəlmədiyini qeyd edib: yüzdən çox insan qaçırılıb, mindən çox insan öldürülüb, üç mindən çox yaralı var, beş mindən çox raket atılıb və bu say daim artmaqdadır.

Nazir İsrailin HƏMAS-ı tamamilə məhv etməyə hazır olduğunu vurğulayıb və baş verənləri yəhudi xalqının gələcəyi üçün aparılan müharibə adlandırıb. Onun sözlərinə görə, müharibə uzun və çətin olacaq, lakin bu müharibə qələbə ilə başa çatacaq.

“Bütün çətinliklərə baxmayaraq, biz vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”, – deyə Qalant əlavə edib.

Mənbə: TASS

Share: