Abadlıq, sakinlərin qəbulu və s. ilə bağlı İcra Hakimiyyətinin öhdəsinə düşən bütün problemlər öz həllini tapacaq.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Prezident İlham Əliyevin ötən gün verdiyi sərəncamla Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rafiq Quliyev deyib. O, ölkə başçısının yeni təyin edilən icra başçılarını qəbul etməsi ilə bağlı təəssüratını bölüşüb:
“Bundan gözəl nə təəssürat ola bilər ki? 1997-ci ildən İcra Hakimiyyətində çalışıram. Yəqin ki, ölkə başçısı fəaliyyətimi qiymətləndirib. Çalışacağam ki, mən də Prezidentin bu etimadını doğruldum. Cənab Prezident qarşımıza hansı məqsədlər qoyubsa, onların hamısına nail olacağıq”.
R.Quliyev mediada reklam olunmaqdan qaçdığını, buna baxmayaraq, fəaliyyəti ilə bağlı suallara cavab verməyə hər zaman hazır olduğunu söyləyib:
“İstəyirəm ki, hansı ərazidə neqativlər varsa, üzə çıxarılsın, deyilsin və biz də çalışıb, aradan qaldıraq.Cənab Prezident də mediaya və sakinlərə müraciət etdi ki, neqativ hallar barədə məlumat verilsin”.
R.Quliyev Xəırai Rayon İcra Hakimiyyətinin keçmiş başçısının (Razim Məmmədov) qanunsuz torpaq satışı ilə bağlı fəaliyyətinin araşdırılıb-araşdırılmaması ilə bağlı məsələyə də münasibət bildirib:
“İcra Hakimiyyəti araşdırma aparmır. Onu araşdıran başqa orqandır. Bununla bağlı bir söz deyə bilmərəm”.
Yeni başçı fəaliyyət istiqamətləri barədə də məlumat verib:
“Hazırda Xətai rayonunda Məhəmməd Hadi küçəsində, Ukrayna dairəsindən “Həzi Aslanov” metrostansiyasına qədər olan ərazidə ciddi abadlıq işləri görülüb, səkilərə daşlar döşənib.Yaşıllıq örtüyü salınıb, fasadlar düzəldilib. Bu istiqamətdə fəaliyyətlərimiz davam etdiriləcək. Bundan əlavə, Nəsiminin 650 illiyi ilə bağlı əvvəlcədən ayrılmış ərazidə hər şənbə günü ağacəkmə aksiyası davam etdiriləcək”.
Billurə Yunus