“Yavaş-yavaş unudulacaqsan, Elina…” -AYSEL FİKRƏT yazır…

 

Ən dəhşətlisi unudulmaqdır, Elina. Hələ sevgisizliyin az idi, balaca bala. Hələ bu cəmiyyət get-gedə özünə bəraət qazanıb, dünyanın bütün min bir iftirasını sənin üstünə yıxacaq. Hər kəsin qorxusu özünü bürüyəcək, qızım. Bir kimsənin sənin o mərtəbədən atılanda canındakı qorxudan xəbəri olmayacaq. Axı laqeydlik ölümdən betərdir.

Yavaş-yavaş unudulacaqsan. Nə qədər ki, bəzilərinin şərəfi sənin yıxıldığın mərtəbədən asılı qalıb, hələ çox yeni söhbətlər ortaya çıxacaq. Məsələ budur ki, sən balaca canından keçdin. Bəs nə üçün? Bir kimsə sənə can demədi? Bir kimsə üsyan qopara bilmədi?

Görmədiyimiz, bilmədiyimiz insanlıq qanunları var. Məsləyindən, vəzifəsindən asılı deyil bu qanunlar. Sənin məsum inamın, ətrafına inadla özünü sevdirmək istəyin… Hadisənin görünməyən tərəfləri.

Səni ölümə sürükləyən doğurdanmı qayğısız, gündəlik, sıradan bir məktəbin adi şagirdləridir. Bu qədər qorxu hardan? Bu işin altında nə var?

İntihar baş tutmadı, sağ qalmısan. Sənə yardım olunmalıdır yalnız. Səssizliyin içini bürüyüb. Səninlə danışan psixoloq sənin kimsəsizliyini yavaş-yavaş boynuna qoyur. Ananı görmək istəmədiyini hiss etdiyini deyir.

Dəhşət!

Səni görmək istəyən atana səhər palataya keçəcəyinə dair yalan deyilir.

Ağlasığmaz!

Üstündə əsilmir. Səni dinləmirlər, səni görməzdən gəlirlər, heç kimdə mərhəmət yoxdur. Mərhəmət məslək düşmənidir.

Əslində, qəddar olmaq lazım. Dostluqda, işdə, evdə. Yeni qanunlara baxın.

Gülünc!

Bir səhər artıq iki gün əvvəl etdiyin intihar baş tutur. Yoxsan. İntihar edənləri ölümə tərk edən insanlar bir-bir yığılır başına. Yavaş-yavaş toplaşırlar.

Kütlə!

Bütün bu məqamların altında yatan nədir? O biri üzdə nə var? Həqiqət nədir?

Günəş də çıxır, insanlar da oyanır. Hamı yenə işə, məktəbə tələsir. Hər yerində kamera olan məktəbdə günün günorta çağı hadisə baş verdiyi halda növbətçi, xidmətçi, mühafizəçi – hamının kar, kor olduğu məkanda yenə iş qaynayır…

Sən yoxsan!

İçində güllər, çiçəklər açılacaq olan yaz səhəri. Ürəyindəki darıxmağın ölüm olduğunu anlamadın sən. Anlamadın!

Ölümün anlamını dərk etmədiyin halda atdın bu addımı, məsum! Hər şeyi qədərin boynuna atanlar da olacaq. Bura qədərmiş deyəcəklər.

Bu qızın ömrü məktəb dəhlizindən keçməyəcəkmiş.

Cəhalət!

Cəza çəkməli olan insanlar özlərini cəzalandıracaqmı?

Ana-ata onsuz da cəzalıdır sənsizliklə. Cəmiyyət də cəzalıdır, lakin hələ sənin kimi dərk etmir nəylə… Yalnız cəzalıdır.

İndi isə düşünək bu tərəfi: sənin yerinə hamımız intihar havasında ola bilərik. Əvvəla, böyük bir sarsıntı yaşayan millət olaraq. Bu ayrı mövzu olsa da, başımıza gələn bütün bəlaların kökündə durur. Biz hamımız səndən bir parçayıq, sən bizdən bir parça, Elina!

Bəs bir az böyüsək, nə düşünərik?

Uşaq intiharı dəhşətlidir. Dərsində, hissində, sözlə özünü ifadədə, sevgisində geri qalan uşaqlara qayğı göstərin. Şagirdiniz, qonşunuz, yaxınınız, qohumunuz… – ehtiyacı olan hər uşağa qayğı lazım. Uşaqları bağrınıza basın, onları dinləməyi bacarın, onları sevməyi bacarın, onlara digərlərini örnək göstərib əskiltməyin!

Onlara bağırmayın, əgər həyatınız gətirməyibsə, uşaqlar günahkar deyil.

Ən həssas məqam uşaqları istənilmədiyi yerdə güclə, zorla saxlamaqdır. Onlar sizdən dünyaya gəlmək istəkləri haqqında sənəd imzalatmayıblar. Dünyaya ötürdüyünüz, himayənizdə olan uşaqları sevin! Bacarmadığınız halda onların yanından uzaqlaşın. Toxunmayın mənim yetişən gələcəyimə, uzaqlaşın! Həssas yanaşılan, qayğısı çəkilən, sevgisi olan uşaq bu hərəkəti etməz!

Ümid kimi itdi Elina. Müəmmalı ölümüylə hər kəsə bir mesaj ötürdü: “Məni sevməliydiniz, sevə bilmədiniz. Bu da sonunuz!”

 

Share: