Dinsizim, axır ki, bir dinə gəldin, qayıdıb bu eşqin kəndinə gəldin- Xatirə Rəhimbəylinin yeni şeirləri

Aylara, illərə sığmadı könlüm ,

Mənim ürəyimin sevgisi birdi .

Nə olsun ki, ömür üzü qışadı ,

Yaz olsun, qış olsun, pir elə pirdi…

 

Bu həsrət qəlbimi oyar ,dəyişməz ,

Yar da əhvalımı duyar,dəyişməz ,

Eh,dünya dəyişər ,o yar dəyişməz,

Əzəldən yaranıb kür..elə kürdü..

Nadan bu yanğını bilmədi … bilməz ,

HAQQ nədi …EŞQ nədi …, SİRR nədi bilməz …

Qəlbim qəfəslərə girmədi … girməz

Doğuşdan yaranıb hürr..elə hürrdü…

 

Mən neynirəm…Mənim yolum ayrıdı,

Ürəyimdə amma bir ad çırpınır.

Xəyallara dən səpdiyim yerdəcə

Görrəm,küncdə bir cüt qanad çırpınır.

 

Bir az sığal çəkirəm ki,ovunsun,

Su verirəm gözlərimin camında.

Daşlayıram,huylayıram,incimir,

Uçub getmir ürəyimin damlndan.

 

Qəfəsini sındırıram yaddaşın,

Xatirələr pərən-pərən tökülür.

Bir də görrəm,qəh-qəh çəkib uzaqda

Ağlın diri bir çınqısı hey gülür…

 

Yandırıram ürəyimin yaş yerin,

Bəlkə tüstü perikdirə…alınmır.

Öldürəcəm!Mən dəyməmiş görürəm,

Göyərçinim,ayağından qan damır…

Eh.. Neynirəm ki…Mənim yolum ayrıdır…

*****

Sən şirin yuxuda, mən keşikdəyəm,

bu gecə yuxuna gəlsəm,

bağışla.

Gizli saxlayırsan məhəbbətini,

çəkdiyin əzabı görsəm,

bağışla.

 

Həsrətin qəlbimi o qədər qırıb,

acılar acıdıb, ümidlər sarıb.

Elə kür olmuşam, əzizim durub

bilmədən qəlbini qırsam,

bağışla.

Can gedib, ruh qalıb,

daha ruham mən.

Bəni-insan görməz, daha yoxam mən.

Fəryadam, naləyəm, acı aham mən!

Sarılıb qəlbini sarsam,

bağışla.

Dinsizim, axır ki, bir dinə gəldin –

qayıdıb bu eşqin kəndinə gəldin.

Uçulub-sökülmüş bəndinə gəldin…

Səninçün viranə yersəm,

bağışla.

 

Bir sənə agahdı, Tanrım, bu bəndən!

Qurtula bilmir bu xatirələrdən!

O yarın adını saçıma dən-dən

(bir sən bil, bir də mən) hörsəm,

bağışla…

******

Eh,niyə yadından çıxardın məni,

Məni taleyindən niyə qovladın ?!

Üstünə qaçmağa,daldalanmağa ,

Yadında qalmağa bir kimsəm yoxdu..

.

Sənin taleyində çoxmu şuluqdum ,

Çoxmu nadinc idim bəxtində,zalım ?!

Zülümlə,zillətlə düşürüb məni ,

Kimə yer elədin taxtında,zalım ?!

 

Daha ürəkləri döyəcəyim yox,

Açıb qapısını girəcəyim yox..

Ta işıq gələnə gedə bilmərəm ,

Sevgin həsrətinin div gözləriymiş,

Ah,niyə demədin vaxtında ,zalım ?!

 

Yoox ,nahaq yadından çıxardın məni ,

Nahaq küçələrə atdın eşqimi!

Yox ,nahaq elədin dərbədər məni,

Sən nahaq incitdin bu qədər məni!!!

 

Eh,niyə yadından çıxardın məni,

Məni taleyindən niyə qovladın ?!

Üstünə qaçmağa,daldalanmağa ,

Yadında qalmağa bir kimsəm yoxdu…

1999. Ağcabədi.

Dəli

Gözümün yaşını selə döndərib,

ömrün altın üstə çevirən dəli.

Yalandı bu acı giley-güzarlar,

mən yenə də səni sevirəm, dəli.

Neyləyim bu qədər sərtsən, soyuqsan?

Çaşaram hardasa qarşıma çıxsan.

Sən ay mənim yoxum, sən həmin yoxsan!

Varsan ki, taxtını devirəm, dəli?

 

Sən bir şirin yoxsan, mən bir acı var!

Sən lalsan, mən isə dilli-dilavar!

Dəli duyğuları, noolar, gəl apar,

hərəsin bir yana qovuram, dəli!..

 

Qalmaya ürəklər güman içində,

elə ah içində, aman içində.

Nola, tufan olam bir an içində –

bütün dərdü-səri sovuram, dəli.

Sən bir var olasan, mən bir bəxtəvər –

döyə qapımızı hey xeyir xəbər,

deyə bir-birinə vurğun könüllər

hər səhər, hər axşam “sevirəm”, dəli!

 

Üzü o tərəfə, könlü bu yana,

Ay iki arada qalan ey, salam.

Yığval tərsə düşüb yol düz gəlməyib,

Ürəyi həsrətdə qalan ey,salam.

 

Gəzir aralıqda qatı duman çən,

Eh, nə bu mən mənəm, nə də o sən sən.

Ürəyim eşitdi ürəyin verən

Allah salamını…Salam ey,Salam!

 

Hər açılan sabah sabah olmur ki,

Quruca bir salam günah olmur ki…

Hər qəlbin salamı , Segah olmur ki,

Ürəyim inlədi:” Balam ey…” Salam.

 

Eh gəlirsiz gəldi bu gidi gərdiş,

Ürək dərd çəkməyi eylədi vərdiş,

Salamın qurusun, salamsız dərviş,

Eylədin ruhumu talan ey… Salam.

 

Mən niyə doğuldum bu yer üzünə ,

Yerdə çiçək qədər, göydə quş qədər

Ürək genişliyim, könül xoşluğum

Sevgi azadlığım yoxdusa əgər?

*******

Hər dəfə məni kədərli görəndə Murad mənə qısılıb soruşur:

– Ana , xəstələnmisən?

 

Əllərin məndildi ağlar gözümə,

Rəvamı, mən töküm, o silsin elə?!

Sənə qurban olsun bu cəfakeş can,

Ayağının altda qoy ölsün elə!!!

 

Getmədi başımdan bu qovğa, məlal,

Bu dinsiz ruhuma ha çəkdin sığal.

Gülmədi bu ürək-bu nadinc, cığal!

Çəkilsin, nazilsin, üzülsün elə!

 

Niyə mənə elə qısılıb baxdın,

Bu incik qəlbimi sən niyə sıxdın?!

Davamı eyninə almayan bəxtin

Qadan ürəyinə tökülsün elə!!!

*****

Mən azadlıq istəyirəm,

Sevməyin,məni sevməyin.

Dinləyin coşan kədəri,

Qaynayan qəmi sevməyin,

Mən azadlıq istəyirəm!

Nəfsinizin qorxusundan,

İçimə sıxıldim axı.

Yol verin, çıxım özümdən ,

İçimdə boğuldum axı,

Mən azadlıq istəyirəm!

 

Nə sevdiklərim arxamdı,

Nə sevmədiklərim yağım.

Mən hansı dağa söykənim,

Görsün içimdəki dağı–

Mən azadlıq istəyirəm!

Doğulandan qəhər uddum,

Mənə də bir nəfəs verin.

Ya tam kəsin nəfəsimi,

Ya da arzuma səs verin —

Mən azadlıq istəyirəm!

 

Gözlərim işiq istəyir ,

Ürəyim nur umur mənim.

Sıxlaşır başınız üstdə,

Gözlərim qurumur mənim.

Baxmayın susub durmuşam,

Ürəyım kirimir mənim,

Mən azadlıq istəyirəm!

 

Qanlıdı sizlə ürəyim

Bu qanlı yaraya baxın

Açın haqqın qapısını

Allaha tanrıya baxın —

Mən azadlıq istəyirəm!

*****

Mənə də xəbər et hayana getsən,

Yolların çəkilsin gözüm üstə,get.

Qoyma səksəkədə qalsın ürəyim,

Gedəndə adımı bir yol səslə,get.

 

Alqışım tökülsün – qırx qoluzorlu,

Duam-sənam gəlsin-qırx incəbelli.

Tək çıxma yollara,obalı-elli

Xəyallarım olsun sənə dəstə,get…

 

Sözünün üstündə dur ömür boyu,

Qəlbimi qır elə,qır ömür boyu…

Sən ay ayrılığı bir ömür boyu,

Gəlişi,görüşü boyu bəstə,get…

 

Bilirəm ,ta düşməz güzarın mənə,

Qazdırdın bu eşqin məzarın mənə.

Heç vaxt acı çəkmə,azarın mənə,

Onsuz da salmısan canı xəstə,get…

 

Kim deyir həsrətin yük ürəyimə,

Çək dağı dağ üstdən,çək ürəyimə.

Gözünün qadasın tök ürəyimə,

Ömrümün qalanın xərac istə , get.

*****

Sən gedəli kəsmir gözümün seli,

Gözümdən gəlirmi əməyin,ana?

Bilirsən qəlbimi necə yandırır

‘Heç məni yazmırsan” deməyin ,ana.

 

Havalanıb başı əsən yellərin,

Könlünü kim alsın küsən güllərin.

Ah, necə güclüymüş zərif əllərin,

Kəsilib hər yerdən köməyim, ana.

 

Qoymazdın ki ola qəlbi qan belə,

Başımın üstündə gəl dayan belə.

Gözümün önündən bircə an belə

Getmir ki heç deyib-gülməyin,ana.

 

İddiam üzümdə qaram olardı,

Ən cığal duyğum da tez ram olardı.

Qara günlərimdə bayram olardı

Qəfil qonaq kimi gəlməyin,ana.

 

Gül üzlüm ,ömürün gül qədər oldu,

Güldüyün ay qədər,il qədər oldu.

“Şax gəzin!” deməyin zay,hədər oldu,

Əydi qəddimizi ölməyin,ana!

 

Sən idin ən yaxın dostum,sirdaşım,

Ovunmur ürəyim,qarışmır başım.

Qaldı qiyamətə mənim göz yaşım,

Sənin göz yaşımı silməyin,ana…

***

Sən də belə xansan,

XANım ,heeyy!!!

Bilinmir mələksən ,insansan

XANım ,heey!!!

Qılıncdan itidir fərmanın ,

hökmün ,

iradən,

Görünməz ki,üzün ,

bilinməz varmısan ,yoxmusan ,

XANım ,heey!!!

Soğuldun ömrümdən

sən nədən ?!

Gəlmədin ,göz yaşım

dəmbədəm….

Nağıllar 7 il boylardı həsrəti,

70-i haqlayır cazibən ,

XANım ,heey!!!

Çalındı sevgimin örpəyi,

sonsuza qaldımı dönməyi?!

Döndü dastanların

Basatı,

Əgrəyi,

Səgrəyi ,

Dönməzmi könlümün

BEYRƏYi,

XANım, heey?!!

 

***

Tale qoymadı görəsən

İçimdəki o şən qızı.

Sən görəndə bəxt döymüşdü

O gülüşü gülşən qızı.

 

Qorxdun gözündəki yaşdan,

Oxumadın onu başdan.

Sən görəndə ehtiyacnan,

Savaşan, döyüşən qızı.

 

Vurdumu ALLAH sərindən,

Sındımı incə yerindən,

Kim saldı ki nəzərindən,

O gözündən düşən qızı?!!

 

Qəlbini ALLAHla düz tut,

Nə xeyri, unutma, unut

O gözləri qara bulud,

O ürəyi şişən qızı…

 

Xatirə də baxdı, keçdi,

Ömür keçib, gördü, gecdi,

Bir ağlağan ömür seçdi

O sevincək, o şən qızı

O gülüşü gülşən qızı.

Əğyar sözüylə yarının

Gözlərindən düşən qızı,

Göz yaşı içinə axıb

O ürəyi şişən qızı,

O bağrı bişən qızı…

Oxumadın onda başdan

Bəxtiylə döyüşən qızı…

*****

Gözəl bir yaz gecəsi

küləklər şərqə əsir.

Sənə gəlib çatdımı

qəlbimin incik səsi?!

Xoşmu könlün havası?

Yağırmı yaz yağışı?

Qəmli misralarımı

oxşayırmı baxışın?

 

Gəzirəmmi röyanın

güllü yamaclarında?

Kəpənək barmaqların

uçurmu saçlarımda?

 

Qaçıb küskün xəyalım

qısıldımı yuxuna?

Ah, yoxsa duamı da

buraxmırsan yaxına?

 

Gözəl bir yaz gecəsi

küləklər şərqə əsir.

Sənə gəlib çatdımı

qəlbimin incik səsi?!

 

 

Share: