Xüsusi təyinatlı şair. Ramiz Qusarçaylının “Vətən” poeması haqqında… – Əsəd Cahangir yazır

 

 

Poeziyamızda vətən anlayışı və Ramiz Qusarçaylının
“Vətən” poeması haqqında

Birinci bölüm

Söz öz ruhundan doğulan şair-yazıçılardan gedəndə, hər kəsin, əslində, bir kitabı olur və o bu kitabı ömrü boyu daha yetkin şəkildə yenidən yazır. “Kitabi-Dədə Qorqud”, “Şahnamə”, “İlahi komediya”, “Leyli və Məcnun”, “Hophopnamə”, “İdeal”, “Ömür kitabı”, “Ata”! Janrından asılı olmayaraq, bunlar hər biri öz müəllifinin dədə kitabı, şahnaməsi, ilahi komediyası, ilahi eşqi, quş dili, ideal məqamı, ömür kitabı, ata(lar) sözü, bir sözlə, tale təyinatıdır. Düzdür, təyinatsız şair-yazıçılar da var, amma yazımızın qəhrəmanı şair Ramiz Qusarçaylı təyinatlıdır və üstəlik də, xüsusi təyinatlı.
Olsun ki, Qusarçaylının adının bu siyahıya daxil edilməsi kiməsə subyektiv gəlsin, amma mən nəinki Qusarçaylı və adları çəkilənlər, onların özləri arasında da bərabərlik işarəsi qoymuram və qoya da bilmərəm. Çünki eyniyyət sadəcə nəzəri anlayışdır, əslində, iki eyni qum dənəsi belə yoxdur, nəinki ola insan və burda söhbət bəlli bir məsələdə səsləşmədən gedə bilər. Səsləşmə isə göz qabağındadır, yəni R.Qusarçaylının bədii təyinatı var – “Vətən” poeması.
Monumental üslublu “Azərbaycan bayrağı” şeiri də daxil olmaqla buracan yazdıqları da, əslində, R.Qusarçaylının gələcək poemasının səhifələri, “Vətən” isə onun qutsal kitabıdır. Şairin dərsliklərə, imtahan test kitablarına düşən, Qarabağ savaşının gərgin günlərində ekranda, efirdə yüz dəfələrlə səsləndirilən bu şeiri poemaya əlavə eləməsi özü də bunu göstərir:

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,
Azərbaycan bayrağı!

R.Qusarçaylı “Vətən”i dörd ilə (2017-2021) sadəcə yazıya köçürüb, amma bu barədə on illərlə düşünüb, bu qutsal duyğunu ömrü boyu yaşayıb, bilib ki, vətən adicə torpaq deyil, insanın alın yazısıdır. O, dünyaya vətəndən yazmaq, şeirə “Vətən”i yazmaq üçün gəlib:

Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı,
Ayrı dava mənlik deyil!

Yevtuşenko yazırdı: “Rusiyada şair eləcə şair olmaqdan daha böyükdür, burda şair olmaq yalnız içində məğrur vətəndaşlıq ruhu dolaşan, dincliyin, rahatlığın nə olduğunu bilməyənlərin qismətidir”. Amma düşünənlər var ki, şairin vətənpərvərliyi yuxarılara yarınmaqdır və “əsl poeziya”ya yabançıdır. Vətən anlayışının yuxarıdan da yuxarısına (metafizik kökünə) varmamaqdan doğan bu yanaşma poetik sözü ümummilli taleyüklü sorunlardan uzaq saldığı kimi, yazıçını da ancaq öz fərdi qayğılarını söz konusuna çevirən məncil varlığa çevirir. Sovetlər dönəmi bu düşüncə dörd hərfli qondarma vətənin məddahı olmamaq çabasından doğurdu və totalitar rejimə etiraz formasıydı. Burası aydın! Amma indi – özgürlük dönəmində də sovetizm havasında qalmaq durmadan yeniləşən zamanın dəyişmələrinə etinasızlıqdan doğan bir aldanışdır. Elə düşünənlər öz yaradıcı gücünü rejimlə qarşıdurmadan aldığından sovetlərin çöküşüylə yaranan uçurumu aşıb, yeni dönəmin sözçüsü ola bilmədilər və prosessuallıq yönündən tarixin o üzündə qaldılar.
R.Qusarçaylı isə yaradıcılığa 70-lərdə başlasa da, daha çox özgürlük dönəminin şairi, vətəndaşlıq poeziyasının çağdaş şeirdəki sayılıb-seçilən isimlərindən biri, hətta birincisidir. Mayakovskinin diliylə desək, bu gün vətəndaşlıq poeziyası deyəndə ilk yada düşən Ramiz Qusarçaylı, Ramiz Qusarçaylı deyəndə isə vətəndaşlıq poeziyası olur.
Nekrasov deyirdi ki, şair olmaya bilərsən, amma vətəndaş olmağa görəvlisən. Blok isə vətənsevərlik mövzusunda çoxsaylı şeirlərin müəllifi olsa da, vətəndaş olmaya bilərsən, amma şair olmalısan deyirdi. Kim haqlıdır? Vətəndaşlıq mövzularını az qala bloklayan bir çox yazıçı-şairlərimiz Blok kimi düşünürlər. Biz “ya o, ya da bu” deyə, hökmən iki tərəfdən birini seçmək yox, bu iki qütbün birliyi düşüncəsindəyik və çağdaş poeziyamızda bu mövqenin səciyyəvi təmsilçilərindən biri yenə də Ramiz Qusarçaylıdır. Ustadımız, akademik Nizami Cəfərovun “Vətənpərvərlik dərsləri” adlı məqaləsində dediyi kimi, “…onu şair edən vətəndaşlığıdır…”. Doğrudan da, bu misralar başqasının dilində ənənəvi şair giley-güzarı kimi səslənə bilərdi, amma bütün yaradıcılığı və həyatıyla təsdiqləndiyindən Qusarçaylı qələmində özəl səmimiyyət və inandırıcılıq gücü qazanır:

İlahi, zülümmüş Vətəni sevmək,
İlahi, ölümmüş Vətəni sevmək,
Sevən ürəklərə qara çəkiblər.
Vətən deyənlərin dili kəsilib,
Vətən deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər.

***
Yevtuşenkodan daha bir sitat: “Şair öz əsrinin obrazı və gələcəyin sezgisidir. O özünə qədər nə varsa, çəkinmədən hamısına yekun vurur”. Belə çıxır ki, şair hər üç zamanda yaşayan sehrkardır. Qusarçaylının öz zamanının obrazı olmasından artıq danışdıq, amma bədii ədəbiyyat həm də özündən öncəkilərlə dialoqdur. Odur ki, “Vətən” poemasına keçməzdən öncə vətən anlayışının metafizik kökü və poetik gəlişməsinə dair haşiyə çıxmaq lazım gələcək.

***
Peyğəmbər Əfəndimizə aid bir hədis var: “Hubbul vətən min əl iman” – “Vətənə məhəbbət imandandır”. Yəni “vətən seçilmir” deyə bir şey yoxdur, ruhumuz yer üzünə gələcəyi yeri də, vaxtı da özü seçir və bu barədə Tanrıyla razılaşma imzalanır. Tanrının dərkənar qoyduğu bu ilahi sənədə sədaqət imanın göstəricisidir. Bu bir ehkamdır – seçmisənsə, sevməlisən. Yox, əgər sevmirsənsə, vətənə xəyanət edirsən, özü də qanun yox, vicdan qarşısında. Söhbət metafizik xəyanətdən gedir.
Yüzillərlə maddiləşən düşüncəyə uyğun olaraq vətən anlayışı da zamanla öz metafizik kökündən ayrılıb və sonucda semantik enişə uğrayıb, hübuti-Adəmlə yanaşı hübuti-vətən də baş verib. Bəs, poetik fikrin durumu bu məsələdə necə dəyişib?
Əski türklərdə vətən anlayışının yerə eləcə kölgəsi düşür, kökü isə göyə bağlanır və insan özünü yerlə göy arasında qavrayırdı. Orxon-Yenisey bitiklərinin yazarı Yolluq Tigin bozqırdakı qəbir daşının üstünə elə beləcə də cızır: “Üze gök tenqri, asra yağız yer kılıntıkda, ekin ara kisi oğlu kılınmış”. – “Yuxarıda mavi göy, aşağıda qonur yer yaradılanda, bu ikisi arasında insan oğlu yaradılıb”. Bu, vətənin mifik duyumudur.
“Edəmən tərk, Füzuli, səri-kuyin Yarın // Vətənimdir, vətənimdir, vətənimdir, vətənim?” beyti göstərir ki, orta çağ divan şeirində vətənin metafizik kökə bağlılığı dördqat ehkam sayılır. Burda dörd yol təkrarlanan “vətən” sözündən birinci metafizik, sonuncu coğrafi anlam daşıyır, şairin səsi dörd pərdənin dördünə də çatır. Bu, vətənin dini-mistik dərkidir.
“Könlümün sevgili məhbubu mənim // Vətənimdir, vətənimdir, vətənim” (A.Səhhət) misralarında üç yol təkrarlanan “vətən” sözü XX yüzil romantiklərinin düşüncəsindəki semantik enişi göstərir. Şairin səsi dördüncü (metafizik) pərdəyə artıq çatmır, yaradan öz yerini yaradılana, ilahi eşq millət sevgisinə verir. Adamın özü cənnətdən enmişdi, indi də sözü enir. Bu, vətənin romantik qavramıdır.
Hər bəndi “Azərbaycan, Azərbaycan” xitabıyla bitən “Azərbaycan” (S.Vurğun) şeirində üçlük ikiliklə əvəzlənir, qutsal mistik görəv daşıyan təkrarlar eləcə estetik göstəriciyə – bədii təkrirə çevrilir və proses öz sonuna yaxınlaşır. Burda şair istəsə belə, hər hansı metafizikaya yer yoxdur – göylərin qapısı bağlanıb! Bu, vətən anlayışının materialist anlamıdır.
Nəhayət, “Azərbaycana gəlsin” (S.Rüstəm) şeirində sayca dəyişmələr sambalca çevrilməyə uğrayır, semantik eniş öz sonuna çatır, ikilik öz yerini birliyə verir. Amma bu əsl birliyə (tövhid) sadəcə parodiyadır. “Cənnət görmək istəyən Azərbaycana gəlsin” deyən şair cənnəti göydən yerə endirir və metafizik vətənə qovuşmaq istəyi neçə yüzildən sonra axır ki, göydə yox, yerdə “baş tutur”. Bu, vətənin ateist tərifidir.
Bununla da enişin limiti bitir. Öz dibinə çatan poetik düşüncə bundan sonra əksinə çevrilmə qanunu üzrə yüksəlməliydi – çəkilmədən sonra həmişə qabarma gəlir. Amma “Şükr eyləyəlim ki // Bizlərdən həm əvvəl // Həm sonra vətən var” (B.Vahabzadə), “Mənim könlüm bu torpağı vəsf eyləyərək // Azərbaycan dünyasından baxar dünyaya” (M.Araz), “Bütün ellər, ölkələr // Gözlərimdə birləşər // Azərbaycan deyəndə” (T.Bayram) sözləri vətənə yanaşmada yüksəlmədən daha çox, genəlməni göstərir. Vətən birinci örnəkdə zaman, ikinci və üçüncüdə isə məkan baxımından daha geniş sınırlarda qavranılır, amma hər üç halda proses üfüqi yöndə gedir, şaquli düşüncə isə söndürülür və ya əhatə dairəsindən kənarda qalır. Bədii düşüncəni yüksəlməyə qoymayan sovet rejimi hər cür metafizikaya zidd idi. O, beynəlxalq imperializmin acığına kosmik uçuşlara icazə versə də, beynəlxalq ədəbiyyatın acığına metafizik uçuşlara icazə vermir, göylərə baş vurmaq istəyən ruhun başından çəkiclə vurur, qanadlarını oraqla kəsirdi.

***
R.Qusarçaylı bədii yaradıcılığa başlayanda şeirimizdə vətənə yanaşmanın ən ümumi görüntüsü aşağı-yuxarı belə idi – anlayış semantik itkiyə uğramışdı. Şüur materiyanı doğurur və niyyətimiz haracandırsa, mənzilimiz də ora qədərdir. Zevs qızı Afinanı öz başından çıxardığı kimi, biz də gələcəyimizi düşüncəmizdən hasil edirik. Biz vətənin sınırlarını öncə öz sinirlərimizdə cızırıq və onu dərkin miqyası kiçildikcə, coğrafi hüdudları da daralır. Təsadüfi deyil ki, işlənmə tezliyinə görə “uduzmaq” sözü poemada birinci yerdədir. Hər tarixi faciənin təsvirindən sonra təkrarlanan bu söz poemada nəqərat rolu oynayır və əsərin temporitmini müəyyənləşdirir. Bütün itkilərimizin həm kökü, həm də zirvəsində isə Allahı itirmək durur:

Səni günah-günah uduzdum, Vətən,
Günahsız-günahsız uduzdum səni.
Səni Allah-Allah uduzdum, Vətən,
Allahsız-Allahsız uduzdum səni.

Dünya xəritəsində Azərbaycan qanadlarını geniş açıb göylərdə süzən qartalı xatırladır. “Vətən” poemasını oxuduqca, bu qartalın metafizik yuvasını – Tanrını da, minillərin üstündən şığıyıb gələn kölgəsini – coğrafi və tarixi sınırlarını da görürük. Tanrı anlayışının poemaya daxil edilməsiylə tarixi olaylar metatarixi anlam qazanır. Şairin düşüncəsindən qızıl xətlə keçən milli birlik ideyasının metafizik özülündə Tanrının birliyinə inanc (tovhid) dayanır. Poemada hətta əski daş bitikdəki “yuxarıda mavi göy, aşağıda qonur yer yaradılanda, ikisinin arasında insan oğlu yaradılıb” fikrinin çağdaş versiyası ilə də rastlaşırıq:

Türk adı Tanrının adından gəlir,
Nuru atəşindən, odundan gəlir.
Göylərin ən uca dərinliyindən,
Yerlərin ən dərin qatından gəlir.

Ümumən türkçülük ideyası, turançılıq sevdası poemanın başından sonunacan qırmızı xətlə keçir. Şair Azərbaycanın ən əski çağlardan türk diyarı olması ideyasını özəl vurğulayır və bununla təkcə saxta erməni tarixbazlığına qarşı çıxmır, həm də tarixən məğlubedilməz türkün gələcək zəfərlərinə inamını sərgiləyir:

Turukki, –
tarixdə türkün ilk adı,
Aratta, –
türkün ilk dövləti idi.
Dövlət, dövlətçilik qoşa qanadı,
Özgürlük müqəddəs sərvəti idi.

“Vətən” müəllifinin Tanrı anlayışı çevrə vurub davul döyən şamanlar və təkyələrdə çilə çıxaran sufilərin müstik yaşantıdan doğan inancından fərqlidir. Amma bütün poema boyu vurğulanması göstərir ki, bu anlayış onun üçün sadəcə tarixi-mədəni səciyyə daşımır, təkcə gələnəklərə sayqının işarəsi yox, həm də səmimi bir duyğunun ifadəsidir. Şair sufilər və şamanlar kimi cənnətə uçmaq eşqinə düşmür (XXI yüzil insanı bu sevdadan artıq usanıb), lakin sovet şairləri kimi cənnəti yerə də endirmir. O, cəhənnəm alovlarından keçən bir vətəndən söz açır, həlledici tarixi anlarda milli birliyimizin olmaması, bəzən bir yanlışın min illərlə çəkən acı sonuclarından dönə-dönə danışır:

Bu savaş, bu qovğa bitməyib hələ,
Min illər çəkərmiş dərdi bir anın.
Kiçik Midiyadan başlanır elə,
Böyük faciəsi Azərbaycanın!

“Vətən”in müəllifi itkilərimizə milli faciə kimi baxır. Bu yöndən “Turanlılarız adiyi-şüğli-sələfiz biz // Öz qövmümüzün başına əngəlkələfiz biz” deyən Sabirin “Fəxriyyə”sinə mesaj göndərən poema müəllifinin olaylara yanaşması əksərən tənqidi-realistdir. Poemadan aldığım ilk təəssürat belədir.
Bəs, son qənaət?

İkinci bölüm

“Vətən” yeddi min misradan artıqdır və Z.Yaqubun “İki ömrün dastanı”, “Əbədiyyət”, “Peyğəmbər”, S.Tahirin “Ata” poemalarını çıxsaq, son 30 ildə bizdə bu həcmdə poema yazılmayıb, yazılsa da, görünür, özəl ədəbi-bədii dəyəri olmadığından diqqəti çəkməyib. Bəs, poema janrının elə də populyar olmadığı bir vaxtda bu həcmdə əsərin yaranması nədən irəli gəlib?
Epos başlanğıc zamanla bağlıdır və poema geniş epik diapazona malik janr kimi tarixin həlledici anlarında ümummilli taleyüklü soru(n)lara bədii cavab kimi üzə çıxaraq, dövrün geniş mənzərəsini özündə əks etdirir. Böyük həcm problemin özünün böyüklüyündən doğur. “Komsomol” (S.Vurğun) inqilab sonrası yeni toplum quruculuğu uğrunda qarşıdurmanın, “Gülüstan” (B.Vahabzadə) 60-lardakı ümummilli oyanış və özünüdərkin, “Peyğəmbər” (Z.Yaqub) ateist sovet rejiminin çöküşüylə qutsal dini inancımıza dönüşün bədii ifadəsi kimi meydana çıxıb, birincisi siyasi, ikincisi ideoloji, üçüncüsü isə mənəvi tələbatdan doğub. Bəs, “Vətən” poeması dönəmin qarşıya çıxardığı hansı tələbdən yaranıb?
2016-cı ilin aprelində Lələtəpə döyüşündəki qələbə Qarabağ zəfərinə işarə oldu. Təpə alınmışdı, dağ da alınmalıydı! Bakıda 2020-ci il 14 iyul nümayişi xalqın yüksək döyüş ruhu və qələbə inadının heyrətamiz dərəcədə yüksək nümayişinə çevrildi. Bu, sadəcə nümayiş deyil, gecəni Şəhidlər xiyabanı və Milli Məclis, əbədiyyət və zaman arasında, “Mübariz!”, “Türkiyə!”, “Allah!” nidalarıyla səhər eləyən bir xalqın ümummilli duası, ümummilli fəryadı idi. Xalq Qarabağ uğrunda şəhadətə hazırıydı. Yəqin, bu üzdən son otuz ildə ilk dəfə səsimiz Allaha çatdı, duamız qəbul oldu.
Qələbə metafizik anlamda artıq qazanılmışdı, indi qalırdı onu həyata keçirmək. O gecədən sabaha çıxan artıq başqa – otuz illik röyadan ayılan, öz gücünü dərk edən, öz qəzəbi, öz hiddətindən yenidən doğulan xalq idi. Heminqueyin diliylə desək, bundan sonra onu, bəlkə də, öldürmək olardı, amma məğlub etmək – əsla! Şair də bunu deyir:

Artıq Qarabağın xilas vaxtıydı,
İntiqam vaxtıydı, qisas vaxtıydı…
İnsanlar axışdı səfərbərliyə,
Tanrı da ruh verdi bu saf birliyə,
Cavanlar can atdı müharibəyə,
Qocalar can atdı müharibəyə,
Qardaşlar can atdı müharibəyə,
Bacılar can atdı müharibəyə…

“Vətən” Lələtəpə olayları ilə Qarabağ zəfəri arasında yazılıb və birbaşa o illərdəki ümummilli oyanış ruhu, qələbə inadı və bundan doğan birlik ideyasının poetik ifadəsi kimi meydana çıxıb:

İndi bu Vətənin hər yeri bizim,
Bura doğumluyuq, bura bağlıyıq.
İndi bir adı var hər birimizin,
İndi hər birimiz Qarabağlıyıq!

***
Poemanın süjeti ən əski çağlardan – daş dövründən başlayır:

Ən başda Quruçay mədəniyyəti,
Qədim torpağımın ilk nəfəsliyi, –
Daş sərdabəsidi, daş kitabıdı.
Quruçay dərəsi tarix dərsliyi,
Azıx mağarası baş kitabıdı.

Və bu günəcən uğradığımız silsilə faciələrin təsviriylə gəlişir. Hər faciədən sonra o daş(baş) kitabın bir səhifəsi qopub düşür – Midiyanın yıxılmasından ta Qarabağ olaylarına qədər! Poemanın hər misrasından Qazan xanın “Yağı səni nerədən daramış, gözəl yurdum?!” sualı eşidilir. Bütün poema boyu müəllifin bu suala diaqnostik cavabı eynidir – ümummilli idrakın yoxluğu, tayfalara, bölgələrə, məhlələrə, səkilərə qədər metastaz verən parçalanma:

Bölündü İrəvan,
Bakı xanlığı,
Bölündü Qarabağ,
Şəki xanlığı,
Bir yerdə görmədik iki xanlığı,
Yarandı məhəllə,
səki xanlığı…

Şair bu mərəzdən qurtulmağın reseptini də verir – milli həmrəylik! Qarabağ sindromunun çözümü də, buna uyğun olaraq poemanın bədii konfliktinin açılışı da bu həmrəylik ideyası hesabına baş verir:

Özünü özünə qaytardım, Vətən,
Adını adına qaytardım sənin.
Közünü közünə qaytardım, Vətən,
Odunu oduna qaytardım, sənin.
…Əzmim, hünərimlə qaytardım səni,
Ordum, əsgərimlə qaytardım səni,
Dəmir birliyimlə qaytardım səni,
…və həmrəyliyimlə qaytardım səni!

Milli həmrəylik “Vətən” müəllifi üçün ən ali dəyərdir. Onun məzhəb ayrılığı məsələsini qabardan səfəvilərə tənqidi yanaşması da bu üzdəndir:

Cüneydin hədəfi ruslar deyildi,
Cüneydin hədəfi farslar deyildi,
Cüneydin yürüşü məzhəb yürüşü,
Cüneydin yürüşü din yürüşüydü.
Dindaşın dindaşa qəzəb yürüşü,
Qardaşın qardaşa kin yürüşüydü.

Amma, bizcə, səfəvi məsələsinin çözümü bu qədər birmənalı deyil. Nədən ki, Səfəvi fütuhatı türk etnoslarının ümumtürk kökündən ayrıldığı, ayrı-ayrı xalqların formalaşdığı dönəmin tarixi olayıdır. Hər bir xalqın özünüdərki və formalaşması üçün o vaxt bu ayrılma qaçılmaz idi. Nadir kimi nadir istedada malik sərkərdənin belə bu ayrılmanın qarşısını ala bilməməsi özü də prosesin geridönməzliyini göstərirdi. Hazırda türk xalqlarının yeni mədəni-siyasi düzəndə birləşməsi prosesi gedir. Bəli, indi durum belədir, amma onda elə idi və istər onda, istərsə də indi baş verənlər tarixin dialektikasından doğur. Şairin suçlamaları problemə məhz tarixilik prinsipi deyil, bu günün gözüylə baxmasından irəli gəlir.
Amma bu metodoloji problem tarixi mövzunun bədii dərki baxımından poemanın önəmini azaltmır. Səfəvi mövzusunun işlənməsi bədii fikrimizdə iki dönəmdən keçib. F.Kərimzadənin “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” dilogiyası, Ə.Nicatın “Qızılbaşlar”, Ə.Cəfərzadənin “Bakı-1501” romanlarında tarixi fakta yanaşma romantik idealizə ilə səciyyələnir. Bu, tezis idi.
Elçinin “Mahmud və Məryəm”, K.Abdullanın “Yarımçıq əlyazma” romanları və R.Qusarçaylının “Vətən” poeması bütün metodoloji ayrıntılarına baxmayaraq, bir məsələdə ortaq məxrəcə gəlirlər – hər üçündə səfəvi fütuhatına yanaşma tənqididir. Birincidə bu tənqid bəşəri, ikincidə fərdi, üçüncüdə isə milli rakursdandır. Bu, antitezisdir.
Üçüncü – sintez dönəmi hələ qarşıdadır. Lakin sintezin getməsi üçün antitezisin olması zəruridir və səfəvi məsələsinin ədəbi-bədii dərkində digər iki əsər kimi, “Vətən” poemasının yeri və rolu da bununla bağlıdır.
R.Qusarçaylının məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq istəyən Nadir şah Əfşarı təqdir etməsi də milli həmrəylik məsələsi ilə bağlıdır:

Ən duru tarixdi Əfşar tarixi,
Rusun, erməninin cızdığı deyil,
Farsın öz adına yazdığı deyil,
Fədakar, yenilməz türk tarixidir,
Şərəf tarixidi, görk tarixidi.

Ümummilli birlik, türkçülük, turançılıq ideyasını özündə daşıyan yetərincə kitablarımız var. Muğannanın türk dilini insanlığın ana dili elan edən “İdeal” romanını, S.Rüstəmxanlının özgürlük dönəmi gənclərini ümumtürk ruhunda tərbiyə edən “Ömür kitabı”ını yada salmaq yetərlidir. Amma “Vətən”ə qədər S.Tahirin “Ata”sını çıxmaqla, tariximizi başdan sonacan əks etdirən poemamız olmayıb.
Firdovsinin ünlü dastanı qarşılığında türk şahnaməsi yaratmağı qarşıya məqsəd qoyan S.Tahirin əsəri məsnəvi formasında tarixi mənzumədir. R.Qusarçaylının poemasında isə məsnəvi sistem yox, ünsür şəklindədir və bu ünsürlərin özü də misraların bölünməsi hesabına çox vaxt gözə görünmür. Müəllif haqlıdır, çünki ədəbi-bədii formalar da tarixi sivilizasiyalar kimidir – bir gün yarandıqları kimi, bir gün də çökürlər. Orta çağ əruz dastanlarının hecaya çevirmələrini yada salan məsnəvi bu gün anaxronizm təsiri bağışlayır və yalnız tarixi planda maraqlıdır.
“Vətən” epik-lirik poemadır. Müəllif təhkiyəsi, yəni epik hissələr daha çox heca və sərbəstin inteqrasiyasından ibarət ritmik sərbəstdə, lirik hissələr isə səkkizlik, onbirlik və digər şeir formalarında yazılıb. Bəzən aşırı tarixi informativlik və elmi-publisistik üslub şablonlarından (“tunc dövrünün tapıntıları”, “mərkəzin tabeliyinə keçmək”, “ərazi formulu”, “dövlətçilik ənənəsi”, “maliyyə sistemi”, “sinfi cəmiyyət”, “iqtisadi böhran” və s.) istifadəyə baxmayaraq, müəllif olayların dinamizmi, duyğuların coşqunluğundan doğan temportimi sonacan saxlaya bilir və poema yetərincə sürətlə oxunur.
Bunun səbəbi poemanın axıcı təhkiyə üsulundadır. Bədii təkrirlərə köklənən bu üsul selin qarşıya çıxan hər şeyi götürüb aparmasına bənzəyir. Burda söz sözü, misra misranı, fikir fikri çəkir, mətn müəllif iradəsi və idarəsi dışında, şüurlu bir subyekt kimi, avtonom surətdə özünün yaranmasında iştirak edir:

Ali Baş Komandan,
ali sərkərdə,
Həm canlı efirdə,
Həm də səngərdə,
Ölkənin mətbuat fədaisiydi,
Təmkini, məntiqi, fəhmi yerində,
Mövqeyi, baxışı, zəhmi yerində,
Qarabağ bizimdir!
Azərbaycandır! –
Hayqırıb kükrəyən “Nida!” səsiydi.

İlhamın yüksək anında sadəcə mətn deyil, dil də özünü yaratmağa başlayır, Kürəkçaya Kələkçay, Türkmənçaya Türkmənvay, Gülüstana Külüstan, yəni “tikana sökən” deyir və hər şeyi öz adıyla çağırır. Haydeggerin dediyi kimi, bədii diskurs həqiqətə gedən ən kəsə yoldur. “Vətən” tarixi gerçəkləri ifadə etmək iddiası və imkanı ilə yazılan, təkcə tarixin deyil, bəzən dilin də həqiqətinə varan əsərdir:

Böldü məmləkəti,
böldü min yerə,
Böldü,
Parçaladı müqavilələr, –
Kürəkçay, –
Kələk-çay müqaviləsi,
Türkmənçay, –
Türkmən-vay müqaviləsi
Gülüstan,
Külüstan müaviləsi.

Poemanın epik hissələri çay dənizə qovuşan kimi müəllifin duyğu və düşüncələrinə – lirik hissələrə qovuşur. “Təkləndin, Vətən, təkləndin”, “Mən səni qoruya bilmədim, Vətən”, “Ordumuz qaçırdı Bakıya sarı”, “Birləşək”, “Gözün aydın, Qarabağ” və sair kimi lirik parçalar həm süjetin bir hissəsi, həm də müstəqil şeirlərdir. Heca vəznində, bəlli formada düzülüb-qoşulan bu şeirlər kədər və sevinc anlarındakı ən yüksək hiss-həyəcanı ifadə edir:

Güman keçməz dağları
Aşa-aşa qayıtdıq,
Yumruq kimi birləşib,
Coşa-coşa qayıtdıq.
Biz Kəlbəcər-Kəlbəcər,
Şuşa-Şuşa qayıtdıq,
Başın uca, üzün ağ,
Gözün aydın, Qarabağ!

Poemanın epik və lirik hissələri arasındakı interaktiv keçidlər əksərən hiss olunmadan baş verir, sınırlar həndəsi dəqiqliklə cızılmır. Demokratizm erasının şairi şeir elminin qaydalarına ehkam kimi baxmır. Poemanın arxitekturası bu yöndən Dədə Qorqud boylarına yaxındır. Çünki mətnşünasların Ulu Kitabımızı nəsr və nəzm hissələrinə ayırması, əslində, şərti bir şey olub mətni qavramağı asan(laşdırmağa) xidmət edir. Əski çağlarda nəsr və nəzm bir-birindən hələ tam ayrılmamışdı, mətn birüzlü idi. Onda həm nəsrə, həm də şeirə oxşayan, amma onların heç birilə yüzdə yüz üst-üstə düşməyən bütöv Söz varıydı.
“Vətən” də sözübütöv poemadır. Onun epik hissələri “Dədə Qorqud”un “nəsr”, lirik hissələri isə “şeir”lərinə uyğun gəlir. “Dədə Qorqud”un əski türk düşüncəsindən gələn ideya özülündə iki önəmli məsələ var: yuxarıda Tanrı ilə (“Dəli Domrul boyu”), aşağıda isə oğuzlar arasında (“İç oğuza Taş oğuz asi olub Beyrəyin öldüyü boy”) münasibətlərin nizamlanması, göylə ahəng yaradıb, yerdə düzən qurmaq. Eyni altyapı “Vətən” üçün də səciyyəvidir. Amma poemanın dastan üçün səciyyəvi olmayan bir özəlliyi var – o, boylara bölünmür. Bizcə, bu bölünməzlik – ya bilərəkdən, ya da bilincaltı – müəllifin ümummilli birlik ideyasının struktural altyapısıdır. Şair poemanı boylara (hissələrə) bölmür ki, vətən də boylara (tayfalara) bölünməsin. Poemanın yeganə boyu vətəndir.
Dastan faciə ilə sonuclanır – özü İç Oğuzdan olan, Taş Oğuzdan qız alan, beləliklə, ümummilli birliyin rəmzinə çevrilən Beyrəyin öldürülməsi bu faciəyə rəmzi işarədir. Poema isə milli birlik hesabına qazanılan Qarabağ zəfərini əks etdirən xoşbəxt finalla bitir. “Dədə Qorqud” bölünməyə, “Vətən” isə birləşməyə güzgü tutur. Çünki ikinci minillik bölünmə, üçüncü isə birləşmə eramızdır. Birləşmə ideyası poemada başdan sonacan dəfələrlə səslənir:

Bir xışlanaq, bir ləklənək,
Halal bir tuma yüklənək.
Göydə Tanrıya köklənək,
Yerdə bayrağa, birləşək!

Bu bənd poemanın və ümumən Ramiz Qusarçaylının bədii düşüncəsinin “bölünməz hissəciyi” – atomudur. Bu bəndi böyütsən, poema, poemanı kiçiltsən, bu bənd alınar. Şair “bir xışlanaq” deyəndə bizi əski yanlışlarımızı alt-üst eləməyə, “bir ləklənək” deyəndə yeni düzən qurmağa çağırır. Bu ölüb-dirilmə (xışlanıb, ləklənmə) sovetlərin çöküşü və Qarabağ zəfəriylə bağlı yaşadıqlarımıza uyğundur. “Sivilizasiyaların toqquşması” əsərinin müəllifi S.Hantinqton kimi, şairin də fikrincə, yeni dünya düzənindəki qarşıdurmaların özülündə dini, milli, mədəni amillər dayanacaq. Odur ki, Qarabağ zəfəri ilə tarixə qoyduğumuz imzamızı qorumaq üçün halallıq əxlaqi kredomuz, göydə Tanrıya və yerdə bayrağa köklənmək isə mənəvi və siyasi idealımız olmalıdır.
“Vətən”i oxuyub gəldiyimiz son qənaət budur.

“Ədəbiyyat qəzeti”, 02.04.2022-ci il, 11-ci sayı (5349)

Müstəqil.az

Share: