Xaqaninin əmisi və Şamaxının dünyaya səs salan kəndi- TARİX

Klassik orta əsrlər dövründə Azərbaycanın yaşayan alimlər geniş və dərin biliyə malik olub, elmin bir çox sahələri və xüsusilə tibb sahəsində dünyəvi əhəmiyyətə malik olan nailiyyətlər əldə ediblər. Bu alimlər sırasında Kafiyyəddin Ömər İbn Osmanı göstərmək olar. Onun fəlsəfi fikirləri və həkimlik fəaliyyəti haqqında olan məlumatları əsas etibarı ilə qardaşı oğlu böyük Azərbaycan şairi Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani (1120-1199) və o dövrün məşhur həkimlərindən biri olan qardaşı Vaxtəddin İbn Osmanın və həm də o zamanlar yaşayıb-yaratmış alimlərdən Əbülhəsən Ərbəbilinin Seyid Bardanın, Əhməd İbn Süleymanın, Həkim Təbrizinin əsərlə- rinə əsaslanırdı.
Kafiyyəddin Ömər İbn Osmanın da əsərləri o dövrün bir sıra azərbaycanlı alimləri kimi təbii fəlakətlərə və yadellilərin hücumlarına məruz qalıb. Lakin geniş xalq kütləsi arasında Ömər İbn Osmanın əsli, nəcabəti, yaşadığı yer, onun özünün və qardaşının həkimlik fəaliyyəti haqqında olan rəvayətlər bizim dövrə qədər gəlib çıxıb.
Araşdırmaçı alim İmran Axundov bu rəvayətlərdən bir neçəsini üzə çıxarıb:
“Bu rəvayətlərə görə Şamaxının Məlhəm kəndində çox qədim zamanlarda olduqca bilikli bir həkim yaşayırmış. Onun hazırladığı məlhəmlər uzaq yerlərdən gələn xəstə insanları tezliklə və tamamilə müalicə edirmiş. Hətta bu məlhəmlər hələ o zaman geniş miqyasda xaricə satılmaq üçün də göndərilirdi, belə hesab edilir ki, Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin həkimin məlhəmlərinin adı ilə adlandırılıb. O, günəşin şüalarının məlhəmlərin müalicəvi effektini artıra bilməsinə böyük əhəmiyyət verirdi. Rəvayətə görə bu alim dünyasını dəyişdikdən sonra onu yaşadığı yerin yaxınlığında olan günəşli bir təpədə dəfn ediblər. Həmin təpənin adı hələ indiyə qədər xalq arasında “Dədə Günəş” adlanır. Dədə Günəş sonralar ziyarətgaha çevrilib”.
Məlhəm kəndinin yaxınlığında Ömər İbn Osman böyük bir tibb məktəbi yaradıb ki, orada həm gənc həkimlər hazırlanırdı, həm də həkimlər öz biliklərini təkmilləşdirirdilər. Bu tibb məktəbinin nəzdində xüsusi klinikalar, dərmanxanalar və laboratoriyalar var idi. Bu laboratoriyalarda xəstələrin müayinəsi ilə məşğul olurdular. Tibbin nəzəri fənlərindən anatomiya, fiziologiya, patologiya və gigiyenaya xüsusi yer verilirdi. Tibb məktəbinin nəzdində olan dərmanxanalarda müxtəlif xəstəliklərin müalicəsində işlədilən məlhəmlər ilə bərabər həblər, tozlar, plastrlar, dəmləmələr, şərbətlər, məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bitkilərini becərmək üçün xüsusi sahələr də ayrılmışdı. Ömər İbn Osmanın mahir həkim olması ilə bərabər, həm də onun böyük filosof, məşhur riyaziyyatçı, münəccim və kimyaçı olmasını da qeyd etmək lazımdır.
Müstəqil.Az

Share: