Xalq artisti: “O hərəkətinə görə Fuad Poladovun yasına getmədim” – Müsahibə

Müstəqil.Az bildirir ki, bu günXalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərovanın doğum günüdür. Bu münasibətlə aktrisanı təbrik edir və Kulis.az-ın onunla olan müsahibəsini oxucuların diqqətinə çatdırır.

– Bəsti xanım, Adil İskəndərovun tələbəsi, Tofiq Kazımovun isə teatra gətirdiyi, israrla səhnədə görmək istədiyi aktrisa olmusunuz. Natəvan, Fedra, Afət, Qətibə kimi yadda qalan rollar ifa etmisiniz. Sizcə Bəsti Cəfərova adının bugünkü teatr tarixində olması dövrün tələbi idi, ya alın yazısı?

– Bilirsinizmi, hər zamanın öz qəhrəmanı var. Mən fatalist insan deyiləm. Ancaq belə fikirləşirəm ki, hər bir yaradılışın öz missiyası olur və yaşadığı dövr boyu da həmin missiyaya doğru gedir. Kiçik yaşlarımdan arxeoloq da olmaq istəmişəm, musiqi və rəqslə də məşğul olmuşam. Amma heç vaxt deməmişəm ki, aktrisa olacam. Aktrisa olmağım şüuraltı şəkildə baş verib. Həyat özü məni sənətə, teatra gətirib.

Hələ lap Hökümə Qurbanova zamanından götürsək, o zaman da teatrda yaxşı aktrisalarımız vardı. Amma ən böyük Hökümə Qurbanova idi. Hökümə Qurbanova adı o dövrün teatrı, Ədil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov rejissorluğu üçün hər zaman lazımlı olub.

Daha sonra yeni nəsil gəldi. Amaliya Pənahova, Şəfiqə Məmmədova və.s. Onlardan da kimlərsə lider oldu, kimlərsə ola bilmədi. Amma həmin dövrün teatr tarixində də Amaliya xanım vacib oldu. Ola bilsin ki, 80-ci ildən üzü bəri olan teatr məkanında da mən vacib olmalıydım ki, oldum.

– Hökümə Qurbanovadan söz düşmüşkən, o illərin teatrını necə xatırlayırsınız? Sizi necə qarşılamışdılar?

– Mən ilk dəfə teatra 1978-ci ildə gəldim. Həmin illərdə teatrda Hökümə Qurbanova, Nəcibə Məlikova, Ətayə Əliyeva, Mirvari Novruzova, Sofa Bəsirzadə vardı. Onlar məni çox gözəl, özlərindən biri kimi qarşılamışdılar. Ola bilsin, mənim Adil İskəndərov məktəbini keçməyim, onun teatrının romantizminin mənə hopmasının da burda rolu vardı ki, mənimki ilk tamaşadan tutdu.

– Bundan əvvəlki dövrlə müqayisədə bugünkü teatr və tamaşaçı ünsiyyətini necə xarakterizə edərdiniz?

– Son günlər tamaşaçıların teatra olan münasibəti barədə fikirləri tez-tez gündəmə gətirirlər. Adətən bu haqda rəy söyləyənlər teatra az-az gələn adamlar olur. Yaxşı, keyfiyyətli tamaşa olanda tamaşaçılar bir dəfə yox, bir neçə dəfə gəlib həmin tamaşaya baxmaq istəyirlər. Və yaxud da bir tamaşaçı gəlib məmnun qayıdırsa, o, ardınca böyük tamaşaçı ordusu gətirə bilir. Bu gün tamaşaçı qıtlığı var, kassaların qarşısı boşdur kimi sözləri çox eşidirəm. Düzdür, indi kassaların qarşısında növbəyə dayanan insanlar yoxdur, amma hələ sovet dövründən tamaşalara tamaşaçı gəlişini inzibatçılar təşkil ediblər. Onlar öz işlərini görüblər, biz də öz işimizi.

– Konkret özünüzün iştirak etdiyiniz tamaşalarda tamaşaçı qıtlığı hiss etmisiniz?

– Tamaşaçı qıtlığı deməzdim. Amma tamaşaçının bədii material baxımından qəbul etdiyi və etmədiyi tamaşalar olub. Misal üçün “Kuraj ana və uşaqları” tamaşasındakı ana rolunu ifa etməyi çox arzulamışdım. Tamaşanın rejissoru Rafiq Əliyev əsəri çox gözəl səhnələşdirmişdi. Tərəf müqabillərim Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Şəhla Əliqızı da rollarını yaxşı ifa edirdilər. Amma ümumən həmin tamaşa tamaşaçı yığa bilmədi. Əsər özü bizim insanlara bir az yad gəldi. Belə bir təcrübə ilə mən 2000-ci ilin əvvəllərində də rastlaşdım. “Fedra” tamaşasında Fedra rolunu ifa etdim. Zəhmət və ağırlıq baxımından Fedra obrazı mənim üçün çox ağır olmuşdu. Həmin tamaşada iyirmi beş dəqiqəlik monoloqlarım olub. Bizim teatr tarixində ilk dəfə Fedra rolunu da mən ifa etmişəm. Bundan sonra isə 2003-cü ildə “Afət” rolunu canlandırdım. Amma tamaşaçılar niyəsə Afət rolunu daha rahat qəbul edirdilər. Hətta mənim sənətdən yaxşı anlayışı olan ziyalı qadın dostlarıma belə Afət obrazı daha yaxın gəlmişdi.

– Bəlkə bu “Afət” pyesinin özümüzə məxsus olması faktından qaynaqlanır?

– Elədir. Afət bizim özümüzük. Fedra da, Afət də beş il repertuarda davamlı şəkildə getdi. Tamaşaçı qıtlığı da yaşanmırdı. Amma “Afət” də olan qələbəlik “Fedra”da yox idi. Hətta bir dəfə polyak yazıçılarından biri Bakıya səfəri zamanı teatrlara baş çəkirmiş. Bizim teatrın qarşısında “Fedra” tamaşasının afişasını görəndə maraqlanıb, baxmaq istəyib. Sonradan o, rejissor Mərahim Fərzəlibəyova demişdi ki, təkcə bizdə yox, bir çox teatrlarda bu cür klassik tamaşaların tamaşaçısı o qədər də çox olmur, belə tamaşaların xüsusi tamaşaçıları olur.

Gallery

– Bir çoxları bu gün teatrın elitar sənət növünə çevrildiyini hesab edir. Bu fikrə münasibətiniz necədir?

– Mən tamaşaçıları zümrəyə, kateqoriyalara bölmək istəməzdim. Aktrisa olaraq çalışıram ki, elitar tamaşaçı da, adi tamaşaçı da, müxtəlif yaş qrupundan olan insanlar da məni qəbul etsin. Heç vaxtı belə bölgü aparmamışam. Teatrın elitarlaşmasını isə o qədər də hiss etmirəm. Çünki hər təbəqədən olan insanlar gəlib tamaşalarımıza baxırlar.

– Hal-hazırda teatr repertuarında neçə tamaşa ilə çıxış edirsiniz?

– Repertuarda “Xanuma” və “Qətibə İnanc” tamaşalarıdır. 2017-ci ilə qədər “Nazirin xanımı” tamaşası da repertuara salınırdı. Tamaşanın yaxşı tamaşaçısı və zamanla səsləşən aktuallığı vardı. Əsər özü də yaxşı idi. Ancaq 2017-ci ildə aktyor İlham Hüseynovu işdən azad edilməsi ilə bu tamaşa çökdü, yarımçıq qaldı.

– Yəni səbəb olaraq aktyorun işdən çıxarılmasını göstərmişdilər?

– Yox. Heç bir səbəb göstərmədilər. Günlərin bir günü gördük ki, tamaşa repertuardan yığışdırılıb. Ümumiyyətlə, axır vaxtlar mən teatrın adminstratoru ilə əlaqə saxlamağa, tamaşalarımın repertuara salınıb-salınmaması haqda ondan xəbər almağa başlamışam. Daha doğrusu, buna məcbur qalmışam. Sözün düzü, bu günə qədər belə şeylər görməmişdim. Həmişə rahatca öz işlərimi yerinə yetirmişəm, bilmişəm ki, mənim iştirakımla olan tamaşalar öz qaydası ilə repertuara salınacaq, mən də gəlib rolumu ifa edəcəm. Mənim üçün tamaşanın gündüz, axşam, həftənin hansı gün salınmasının heç vaxt fərqi olmayıb. Amma mən aktrisayam və səhnədə olmağı çox sevirəm. Dostum da, düşmənim də deyə bilər ki, aktrisa kimi həmişə işgüzar olmuşam. Hər zaman rollarımın arxasında durmuşam. Elə son dəfə “Qətibə İnanc” tamaşası vaxtı bərk xəstələnmişdim, yüksək qızdırmam vardı. Tamaşadan əvvəl öz-özümə fikirləşdim ki, birdən rolun öhdəsindən gələ bilməsəm, hərarətim daha da yüksəlsə nə edəcəm. Amma əvvəldən sona qədər öz rolumu ifa etdim. Bilirsiniz, səhnə elə bir yerdir ki, ora çıxanda adamın ağrıyan yeri bir müddətlik də olsa unudulur. Yəni hər bir aktyor səhnədə olmaq, rol ifa etmək istəyər, başqa heç nə.

– Belə bir fikir yaranır ki, aktrisa kimi rol ifa etmək istəyirsiniz, amma buna imkan yaradılmır.

– Tamaşa repertuara salınmırsa, mən nə edə bilərəm? Mən adminstratordan soruşa-soruşa qalmışam ki, filan tamaşam niyə aylıq repertuara salınmır və yaxud da niyə mənim tamaşam bu ay nümayiş olunmur? Mən niyə bunlarla maraqlanmalıyam? Yenə də qeyd edirəm ki, indiyə qədər belə hallarla rastlaşmamışam. Bu kimi məsələlər yaradıcı insan kimi mənə mane olur.

– Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanan tamaşanı 1972-ci ildə rejissor Tofiq Kazımov səhnələşdirmişdi. Bu gün həmin tamaşaya təkrar müraciət hansı zərurətdən yarandı?

– İsrafil İsrafilov bizdə bədii rəhbər işləyəndə Çingiz Aytmatovun “Ana tarlası” əsəri barədə onunla söhbətlər etmişdik. Hətta gənc rejissor Ərşad Ələkbərovla da iş prosesimiz ola bilərdi. Amma sonra teatr rəhbərliyində dəyişiklik baş verdi və bu məsələ özünü doğrultmadı. Bundan sonra Azərpaşa Nemətov tərəfindən mənə “Fudziyama dağında qonaqlıq” əsərində rol təklif olundu. Bu rol da mənim ürəyimcə olmadığından özüm roldan imtina etdim. Çünki mən emosional aktrisa olduğumdan rolun oturaq, statik vəziyyətdə ancaq xatirələr danışması məni qane etmədi. Belə olan halda bədii rəhbərimiz təklif etdi ki, özüm istənilən əsəri seçib təqdim edim. Rejissor Mərahim Fərzəlibəyovla belə qərara gəldik ki, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı üzərində işləyək. Onu da qeyd edim ki, biz üzərində işlədiyimiz əsərin səhnə versiyası yenidən Çingiz Ələsgərli tərəfindən yazıldı.

– “Qətibə İnanc” tamaşasını iki dəfə izləmişəm. Belə təəssürat yaranır ki, aktyorlar sanki bir az gərgin, müəyyən mizanlar isə tam oturuşmamış vəziyyətdədir.

– Bu problemin çox ciddi səbəbləri var. 2016-cı ilin sentyabrında plana salınan əsərin səhnə versiyası yanvar ayında hazır olsa da, onun əmri düz iyunun 1-də verildi. Biz Adil İskəndərov səhnəsində “Qətibə İnanc” tamaşasının məşqlərinə başladıq. Mövsüm tətilindən qayıdanda elə həmin səhnədə məşqlərimizi davam etdirdik. Mizanlaşdırma bitəndən sonra uzun müddət bizə böyük səhnəni vermədilər.

Böyük səhnəyə keçəndə isə qarşımıza şərt qoyuldu ki, on üç günə tamaşanı tam təhvil verək. Əslində isə “Qətibə İnanc” kimi tamaşa ən azı iki ay böyük səhnədə məşq olunmalı idi. Bəlkə də indi deyəcəyim söz Mərahim Fərzəlibəyova xoş gəlməz. Amma mən ilk dəfə idi Mərahimin özünü itirdiyini görürdüm. Vaxt az olduğundan o, bilmirdi hansı işi görsün. Yəni demək istədiyimi odur ki, siz müşahidənizdə haqlısınız. Bütün bu baş verənlərə görə “Qətibə İnanc” tamaşası oturuşmadı. Bizi daxili baxışa hazır olmamış səhnəyə çıxardılar. Birinci, hətta ikinci premyera çox gərgin keçdi. İndi də tamaşa iyirmi, otuz beş gündən bir salındığından müəyyən gərginlik hiss olunur.

Gallery

– Bəsti xanım, Rafael Dadaşov öz müsahibəsində sizinlə birgə iştirak etdiyi “Afət” tamaşası haqqında maraqlı fikirlər səsləndirdi. Bunlardan biri isə Fuad Poladovun sizə görə Qaratay rolundan imtina etməsidir. Bu nə dərəcədə doğrudur?

– Rafael bu məsələyə başqa cür aydınlıq gətirib. Mən isə özümə məlum olan tərəflərdən aydınlıq gətirə bilərəm. Həmin ərəfədə teatrda Hüseyn Cavidin “Afət”, Elçinin isə “Qatil” tamaşası səhnəyə qoyulmalı, hər iki tamaşanın rejissoru da Mehriban Əələkbərzadə olmalıydı.

“Afət” tamaşasının rol bölgüləri yazılanda mənə Afət, rəhmətlik Fuad Poladova Qaratay obrazı verildi. Ancaq birinci məşq günü biz aktyorlar işə başlayanda Fuad Poladov məşq otağına gəldi, Mehriban Ələkbərzadə ilə nə barədəsə danışıb otağı tərk elədi.

O, gedəndən sonra Mehriban xanım mənə dedi ki, Fuad Poladov sənə görə roldan imtina etdi. Bunu mənə başqa adam desəydi, inanmazdım. Çünki o vaxta qədər Fuad Poladovla ünsiyyətimiz həmişə qaydasında olub. Əgər mən istedadsız aktrisa idimsə, onda niyə Fuad Poladov hələ gənc aktrisa Bəsti Cəfərova ilə “Səhra yuxuları”, “Mirzə Şəfi”, “Billur sarayda”, “Şeyx Xiyabani” tamaşalarında bilavasitə tərəf müqabili oldu, amma 2002-ci ildə xalq artisti ilə bir tamaşada oynamaq istəmədi? Hər halda onun mənə qarşı bu cür hərəkəti xoşagələn deyildi.

– Fuad Poladov rəhmətə gedəndə incikliyiniz ötüb keçdi?

– Yox. Əlbəttə, böyük sənətkarın ölümü məni çox təsirləndirdi. Qızım onunla bir tamaşada iştirak etdiyi üçün ona qarşı böyük rəğbəti vardı. O, Fuadın yasına getdi, mən yox.

– Bəs sonralar Fuad Poladovdan imtinasının səbəbini xəbər almadınız?

– Yox. Heç vaxt soruşmadım. Bütün hallarda tamaşanın rejissoru Mehriban idi və rol bölgüsünü də o, edirdi. Amma çox incə bir məsələ də var ki, rejissor tamaşanı başqa aktyorun üzərindən qursaydı belə Afətin kölgədə qalması mümkün deyildi. Çünki əsərdə baş verən hər bir əhvalat, hadisə Afətin üzərindən ötüb keçir. Hadisələrin mərkəzində o, dayanır. Afət obrazı səhnədə olmayanda belə Ərtoğrulun, Yavuzun, Alagözün danışıqlarında Afət ismi keçir. Obraz öz taleyi, faciəsi ilə hər kəsin həyatına təsir göstərirdi.

– Bu ilin yayında altmış yaşınız tamam olacaq. Yubiley yaşınız üçün yeni tamaşa ilə çıxış edəcəksiniz?

– Yubileyi olan aktyorlar üçün tamaşa və yubiley gecələri ənənəsi bütün teatrlarda var. Biz cavan olarkən əlli yaşı olan aktyorlara belə yubiley gecələri keçirilirdi. 2019-cu ildə də mənim yubiley yaşım olduğu üçün yubiley tamaşası barədə arzumu bədii rəhbər Azərpaşa Nemətova bildirdim. O, da mənə əsər seçilməsi barədə düşündüyünü və tapşırıq verdiyini söylədi.

Ancaq ikinci dəfə dekabrda onun yanına gedəndə Azərpaşa Nemətov mənə dedi, bu haqda nazirliyə demişəm, bildiriblər ki, Bəsti Cəfərovanın tamaşası var, ordakı rolunu ifa edər, biz də onun yubileyini təbrik edərik. Mən israr etdim ki, həmin tamaşanı artıq bir ildir oynayıram və yubileyimdə tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxmaq istəyirəm.

Bundan sonra Azərpaşa Nemətov mənə yeni bir əsər seçib ona təqdim etməyimi istədi. Mən əsər seçib onun yanına gedəndə isə gözləmədiyim münasibətlə qarşılaşdım. Əsəri ona təqdim edəndə dedi ki, mən sənə dedim axı, tamaşa qoymağa pul yoxdur.

Əgər o, mənə əvvəl gedəndə desəydi ki, pul yoxdur, mən əsər seçib onun yanına gedərdim? Təbii ki, yox. Mən ondan xəbər alanda ki, bundan sonra tamaşa qoyulmayacaq? O, “Afinalı Timon” və “On ikinci gecə” tamaşalarını yenidən səhnəyə qoyacağını söylədi.

Azərpaşa Nemətovun sözlərindən belə çıxdı ki, onun qoyduğu tamaşalara pul var, mənim üçün hazırlanacaq yubiley tamaşasına isə yoxdur.

– Bəsti xanım, ümumiyyətlə yubiley gecəsi, və yaxud da tamaşası aktyor üçün lazımdır?

– Bilirsiniz, yubiley tamaşası ona görə lazımdır ki, aktyor uzun illik səhnə fəaliyyətindən sonra tamaşaçıları qarşısında hesabat verir. Rəhmətlik Əlabbas Qədirov xəstə olduğunu bilirdi. Yubiley tamaşası üçün “Mesenant” qoyuldu, yubiley gecəsi də hazırlandı, amma Əlabbas Qədirov gecədə aparıcı olmasını istəmədi. Özü öz gecəsini idarə etdi. Bir növ tamaşaçılarla halallaşdı, onlara hesabat vermiş oldu.

Mən də qırx bir ildir teatrın aparıcı aktrisası olmuşam, repertuarı öz çiyinlərimdə daşımışam, məsuliyyətli rollar ifa etmişəm. Bundan başqa universitetdə on beş illik pedaqoji fəaliyyətim var. Yəni mənim də sənətdə xidmətlərim az olmayıb. Məgər mənim üçün bir yubiley tamaşası hazırlamaq bu qədər çətin oldu?! Mənim rol ifa etmək arzumda pis nə vardı ki?

Azərpaşa Nemətov məni aktrisa kimi sevmirsə, rol verməsin. Necə ki, indiyənə qədər verməyib. Amma o, bizim teatra rəhbər gələndə bilməliydi ki, orda Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Ramiz Novruzov kimi aktyorlar var. İndi o, məni aktrisa kimi sevmirsə, mən ərizəmi yazıb teatrdan çıxası deyiləm ki.

Gallery

– Teatr günündə Teatr xadimlər İttifaqında bir neçə sənət adamı “Sənətkar medal”ı ilə təltif olundu. Onların içərisində sizi görmədik.

– Bu mənim üçün heç də təəccüblü olmadı. Çünki mən 1980-ci ildən Teatr Xadimlər İttifaqının üzvü olmuşam. Ayrı-ayrı illərdə baş rollar ifa etdiyim “Hökmdar və qızı”, “Poçt şöbəsində xəyal”, “Fedra” tamaşalarım “Dərviş” mükafatına təqdim olunsalar da əməyim qiymətləndirilməyib. Mənə bu mükafatı belə layiq görməyiblər. Yəqin Azərpaşa Nemətovun fikrincə mən sənətkar deyiləm.

Mənə qarşı olunan bu qədər hörmətsizliklərdən sonra mən də ittifaqdakı üzvlükdən imtina edirəm. İndi burdan sizin vasitənizlə də bunu açıqlayıram.

– Uşaqlıq insanın vətənidir deyirlər. Sənət adamı, yaradıcı insan üçün bu vətənə baş çəkmək tez-tez lazım gəlir. Bu yaşda uşaqlığınız, xatirələriniz sizə nə qədər gərəkli olur?

– Uşaqlığım həm həyatımın, həm də yaradıcılığımın içərisində bu gün də yaşayır. Bəlkə də mən kimlərəsə zəhmli görsənirəm, amma məni lap yaxından tanıyanlar bilirlər ki, mən o balaca Bəstini, nağılları çox sevən qızcığazı özümdə öldürməmişəm. O, mənimlə birgə hələ də yaşayır. Mənə elə gəlir ki, əsl sənətkar, aktyor içindəki uşağı heç vaxt yox etməməlidir. Çünki aktyor naturası bir növ elə uşaq kimidir. Bir çox insanlar yaxşı yaşamaq, pul qazanmaq, firəvan dolanışıq haqqında düşündükləri halda aktyorlar uşaq kimi rol davası aparırlar. Bunun özü də hardasa uşaqlıqla əlaqəlidir.

Bu gün mənim artıq bəlli bir yaşım var. İfa etdiyim istər mənfi, istərsə də müsbət rollarımda uşaqlığımdan nələrsə var.

– Uşaqlığınızla bağlı ən çox nələri xatırlayırsınız?

– Ən çox xatırladığım epizodlardan biri belədir. Uşaq vaxtı həyətdə oynayanda bəzən yıxılardım, dizlərim qanayırdı, amma yanımdan qonum-qonşulardan kimsə keçirdisə dərhal gülümsəyib onlara salam verirdim. Sonra təzədən ağlamağıma davam edərdim. Onlar da bu əhvalatı anama deyərdilər.

Mənim uşaqlığım Montində keçib. Uşaqlıqda qəşəng geyinməyi çox sevirdim. Bir dəfə anamla mənə ayaqqabı almağa getmişdik. Qayıdanda avtobusda anamın yanında əyləşdim. Yadıma gəlir ki, anamın qucağında tutduğu ayaqqabı qutusunun kağızından bir parça qopardım. Biz evə gəlib çatana qədər mən həmin cırılan yerdən ayaqqabıma baxır, onu hansı paltarla geyinəcəyimi, haralara gedəcəyimi təsəvvür edirdim.

Bir dəfə isə Türkmənistandan bizə qonaq gələn xalamgilin çamadanlarının üstündə yatıb qalmışdım. Xatirimdədir ki, xalamın ordan bizim üçün gətirdiyi hədiyyələrin olduğu çamadanlar cazibəsi uşaq qəlbimi bütünlüklə zəbt etmişdi. Yəni bu gün hansısa obraz üzərində işləyən zaman emosional yaddaşımı işə salıb uşaqlıq xatirələrimdən bəzi şeylər qatıram.

Amma mənə elə gəlir ki, bütün bunlar sənətdən də daha çox insanın mənəviyyatı üçün gərəklidir. İnsan axı kim olur-olsun özündən uzaq düşə bilmir. İndi mən sizinlə altmış yaşlı insan kimi danışıram. Amma inanın ki, dostlarımla “yeddi şüşə”, “top aldı qaç”, “klas-klas” oynadığım günlər elə bil dünən olub.

– Bəsti xanım, aktrisanın formalaşmasında səhnə təcrübəsi daha böyük rol oynayır, ya həyat təcrübəsi?

– Əlbəttə ki, həyat təcrübəsinin rolu böyükdür. Aktyor həyatda necədirsə, səhnədə də elə olacaq. Adətən rus aktrisalarının işlətdiyi belə fikir var: “Aktrisa bayquş kimi tək olmalıdır”. Təklik sanki aktyorun qidasıdır. Mənə hərdən deyirlər sən səhnədə o qədər için-için, ürəkdən ağlayırsan ki, adama elə gəlir həyatda çox böyük ağrılar yaşamısan. Mənim həyatım isə o qədər də faciəli olmayıb. Atalı, analı normal ailədə böyümüşəm. Amma anamın başına gələn faciələr ola bilsin yaddaşımda özünə güclü yer edib. Çünki o, öz həyatını mənə və digər üç bacıma dəfələrlə danışıb. Bu gün mən anamın həyatından hansısa epizodu yaddan çıxarsam, bacılarımdan biri bunu mütləq əlavə edər.

– Şəxsi həyatda ən böyük qazancınız övladınızdır. Ümumilikdə özünüzü, şəxsi həyatını səhnəyə qurban vermiş aktrisa hesab edirsiniz, ya belə gətirdi, belə oldu deyirsiniz?

– Yox, mən həyatımı heç nəyə qurban verdiyimi düşünmürəm. Bu mənim həyatım, mənim seçimim idi. 90-cı ildə biz Türkiyəyə qastrola getmişdik. Orda çox rahatlıqla ailə qurub sakit, rəvan həyat sürə bilərdim. Ancaq gülməli də səslənsə öz-özümə düşündüm ki, əgər burda qalsam, teatr mənsiz necə olacaq. Özümü teatrsız, teatrı isə mənsiz təsəvvür edə bilmədim.

– Peşman deyilsiniz?

– Bilmirəm…

2019

Gallery

Samirə ƏŞRƏF

Share: