Vizasız, bileti uyğun qiymətə… — Bu ölkəni siyahınıza salın

Bu günlərdə müharibə şəraitində olan ölkədə oldum. Master-viza kartlarının işləmədiyi, instaqramın açılmadığı, əksər xarici markaların tərk etdiyi Rusiyanın Tatarıstan Respublikasında YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan üç obyekt yerləşir.

Biletimə baxanda pəncərə qırağına düşmədiyimə nə qədər pis olmuşdumsa, yerləşəndən sonra həmin oturacağın, ümumiyyətlə, boş qalacağını anlayıb bir o qədər sevindim. İki oturacağı mənimsəyib 2 saat yarıma ünvana çatdım, aeroportda həm də tatar dilində qarşılanmağım xoşuma gəldi. Türk dilləri qrupuna daxil olduğundan həmin sözləri bənzətmə üsulu ilə rahat başa düşə bilərsiniz.

Respublikada ilk olduğum şəhər Rusiyanın “üçüncü” və ya “qastronomik paytaxtı” adını daşıyan Kazandır. Çamadanımı zorla bağlayanda bilmirdim ki, özümlə yükləyib gətirdiyim heç bir gödəkçəmi bu günəşli şəhərdə istifadə etməyəcəyəm.

Şəhərə əsas əzəmətli görüntünü Volqa çayı verir. Onun sağ sahili ilə uzanan Kazandakı tramvay relsləri, trolleybus xətləri və bu nəqliyyat vasitələrindən boylanan üzlər turist görməyə öyrəşib. Şəhərin müxtəlif yerlərində ekskursiya bələdçisi və onun qaldırdığı “bayraq” altında hərəkət edən onlarla turist dəstəsi görə bilərsiniz.

Burada turistin 1 şəhərdə axtara biləcəyi demək olar ki, hər şey var: əyləncə, gəzinti, təbiət… Tatarıstan səfəri həm də göydə hava şarları, dənizdə kruiz gəzintisi deməkdir. 

Paytaxtın mərkəzindəki Kaban gölündə katamaran və ya qayıq icarəyə götürməklə şəhəri daha detallı görmək, ördəkləri yemləmək mümkündür. Qışda isə bu göl böyük bir buz meydançasına çevrilir. 

Şəhərin simvollarından biri ticarət və əyləncə küçəsi olan Baumandır. XVI əsrdə İvan Qroznı qoşunlarının dağıtdığı küçə 3 əsr sonra Kazandan olan inqilabçı Baumanın şərəfinə adlandırılıb. Burada abidələr fonunda çoxlu pablar, barlar, kafe-restoranlar və dükanlar sıralanıb. 1885 metr uzunluğu olan küçədə axşamlar sanki elə bir o qədər də işıq yanır.

Kazanın himayədarı da var- Əjdaha Zilant… Fantastik qəhrəmanın heykəllərini şəhərin çox yerində görəcəksiniz. Əfsanəyə görə, həmin əjdaha dağda yaşayıb və şəhəri qoruyub. Buna inanan az olsa da, “əjdaha”larla foto çəkdirənlər çoxdur.

Lev Tolstoy, Lenin, Qorki kimi adların yaşadığı bu şəhərin bir küçəsində məscid görən turistin diqqəti yolu keçəndən sonra kilsə zəngləri ilə dağıla bilər. Tatarıstanda 1000-ə yaxın məscid var, 4 milyona yaxın əhalinin 48-55 faizi müsəlman olan ölkədə əsas din İslamdır.

II Yekaterina Volqaboyu müsəlmanları arasında çox sevilirmiş. Bu şəhərə səfəri zamanı Kazan rəhbərliyi kraliçaya “Müsəlmanlara məscid inşasına icazə vermisiz, amma onlar çox hündür tikirlər. Hündürlüyü müəyyən etmək lazımdır” deyiblər. O isə cavabında “Yalnız yeri təyin etmişəm, səma mənim ərazimə aid deyil, bu işdə sərbəstdirlər” cavabını verib.

Kul-Şərif müsəlmanların əsas ziyarət yeridir. “Kazan papaqları” stilində bərpa edilən məscid YUNESKO-nun siyahısını bəzəyən Kazan Kremlinin ərazisindədir. Tatarıstan Prezidentinin igamətgahı da bu Kremldədir. Təkcə 6 ayda Kazan Kremlini 2 milyon turist ziyarət edib.

Küçələrdə demək olar ki, it-pişiyə rast gəlmədim. Sakinlər bunu İslam adətləri ilə əlaqələndirsə də, digərləri pişiklərin adətən evlərdə, qapalı yerlərdə saxlanılması kimi izah edir.

Heç bu adda park eşitmisiniz? Sevgi, Kədər… Onların əsas fərqliliyi stulların düzülüşüdür. İslam adətlərinə görə, toydan əvvəl qucaqlaşma qəbul edilmədiyindən Sevgi parkında stullar aralı qoyulub ki, burada sevgililər bir-birindən kənar əyləşsinlər. Kədər parkında isə “yox” cavabı alan şəxslərin rahat oturub kədərlənməyi üçün şərait yaradılıb.

Mağaza və kafe-restoranlarda “halal” başlıqlı reklamlar çoxdur. Köşklərdə addımbaşı un və şərbətdən hazırlanan çak-çak şirniyyatı ilə rastlaşa bilərsiniz. Mors isə tatarların əsas içkisi sayılır. Kütləvi tədbirlər vaxtı satışı qadağan edilsə də, şəhərdə alkoqollu içkilər də kifayət qədər satılır. Amma mərkəzi küçələrdə əlindəki içkilərin üstünü qəzet, kağızla bağlayan xeyli gənc görmək mümkündür.

Tatarıstanda at əti premium sayılır, onu satanları nə cərimə, nə də həbs gözləyir. Məsələ burasındadır ki, burada təklif edilən ət yararsız və ya mal əti adı altında deyil, elə əsl at ətidir. Bunun üçün ölkədə xüsusi atlar yetişdirilir.

Bu şəhərdən aparacağınız əsas şey təəssüratlarınız olacaq. Belə ki, məlum sanksiyalardan sonra əksər nəhəng mağaza fiqurları Rusiya bazarını tərk edib. “Mall”larda gözümüzün öyrəşdiyi mağazaların yerini yerli istehsal olan geyim butikləri alıb. Qiymətləri ucuz saymaq olmaz. Ona görə də vaxtınızı geyim mağazalarında yox, Volqa sahilində keçirsəniz yaxşıdır. Amma ənənəvi maqnit forma, ornamentli şərf və yerli şirniyyatdan alaraq sevdiklərinizə Kazan havasını yaşada bilərsiniz. 

URAM-Avropanın ən böyük ekstrim parkı da Kazanda yerləşir. “Action” axtaranlar üçün nəzərdə tutulan URAM-da “pamp-trek”, “skeyt-park”, “stritbol parkı”, parkur meydançası və digər fəaliyyət növləri birləşir.

Rusiyanın 3 elmi şəhərindən biri də buradadır. İnnopolis adlı məkan İnformasiya Texnologiyaları və İnnovativ Yüksək Texnologiyalar üzrə ixtisaslaşıb. Eyniadlı iqtisadi zona və İnnopolis Universiteti də bu şəhərdədir. Dünyanın müxtəlif yerlərindən müasir elmlərə yiyələnmək istəyən gənclər İnnopolisdə toplaşıb.

Cəmi 40 dəqiqəyə ada-şəhərə.

Kazandan Sviyajska çay üzərindən müasir “meteor”la getdik. Bu, İstanbulun “vapur turu” klassikasını sevən turistlərin xatirələrini canlandıracaq. Ada bizi müasir gəmidən düşən kimi yox, elə düşməmiş təəccübləndirə bildi.

Volqa və Sviyaqa çaylarının kəsişməsindəki payız rəngləri maraqlı gəzintidən xəbər verirdi. Unikal ada-şəhər sahilə böyük bir bənd ilə bağlanır, buna görə Sviyajska maşınla da gələ bilərsiniz.

Şəhər İvan Qroznı ordusu tərəfindən cəmi dörd həftə ərzində ağac-odundan ucaldılıb. Kazanı bir neçə dəfə tuta bilməyən çar Sviyajskdan hərbi dayaq məntəqəsi kimi istifadə edib və Tatarıstanın YUNESKO-ya salınacaq növbəti mədəni irsini yaradıb.

Hər şeydən əvvəl Sviyajskda hava çox təmizdir. Burada cəmi 240-250 sakin yaşayır. Ətrafı su ilə əhatə olunan şəhər provaslavlığın məskənidir. Müqəddəs Üçlük Kilsəsi, Arxeoloji Meşə Muzeyi, kişi-qadın monastrları əsas tarixi abidələrdir. Maraqlıdır ki, ölkənin digər yerlərindən fərqli olaraq, adada məscid yoxdur. Sviyajsk təpələri qış turizmi üçün də ideal hesab olunur.

Bolqar.

Adı Avropa ölkəsini xatırlatsa da, Tatarıstan şəhəridir. O da YUNESKO tərəfindən qorunur. Volqanın sol sahilindəki şəhər orta əsrlərin Qızıl Orda və Volqa Bolqarıstanı qalıqlarının üzərində salınıb. Bura bolqarların islamı qəbul etdikləri yer hesab olunur. Bolqardakı İslam Muzeyində dünyanın ən böyük “Quran”ı saxlanılır. Çəkisi 800 kiloqramdan çox olan, üzlüyü qızıl-gümüşlə bəzədilən kitab Ginnesin Rekordlar Kitabına da düşüb.

Şəhər açıq muzey təsiri bağışlayır. Tarixi abidələr bir-birinə o qədər yaxındır ki, Volqanın əzəmətli görüntüsü fonunda piyada gəzərək onları seyr etmək mümkündür.

Bolqara getməyi planlayırsınızsa, əvvəlcədən cibinizə rubl qoyun, deyərdim. Çünki burada valyuta dəyişmək əməlli-başlı işdir. Yolüstü tapdığımız “Sberbank”ların birində bizə maraqlı səbəbdən imtina verildi. Şüşənin arxasından boylanan xanım əzilmiş yox, sadəcə qatlanıb pulqapına qoyulmuş dollarımızı bəyənmədi. Qısası, bu şəkildəki dolları bank üçün yararsız hesab etdi.

Bəlkə də Tatarıstanı “sakit ölkə” adlandıra bilərik. Çünki ərazisi 68 km² olan respublikada heç 4 milyon insan yaşamır.  

Ümumiyyətlə Tatarıstanda 14 şəhəri kruiz gəmisi ilə gəzmək mümkündür. Çaya açılan pəncərələrlə Volqa üzərindən sutkası 110-120 dollardan gəzinti təşkil edilir. Daha əvvəl dediyim kimi, buranın dənizi kimi səması da turistlər üçün əyləncə yaradır. Hava şəraitindən asılı olaraq Bolqar və Sviyajsk səmasında hava şarlarında gəzinti seçiminiz də var.

“Tatarıstanda harada qalaq?” sualına çoxlu cavablar var. Hər qiymətə, hər şəraitdə hotel tapa bilərsiniz. Olduğumuz “Bilyar Palace”, “Mirage Hotel”, “Kol Gali Resort&SPA” hotelində yorğun gələn turistlərin üzünə gülən, onların dincəlməyi üçün dəridən-qabıqdan çıxan personalla qarşılaşdıq. Bura təmiz otaqları, fərqli istirahət imkanlarını da qatsaq, xidmət sektorunu yüksək qiymətləndirmək olar. Personala “зур рәхмәт!” deməyi də unutmayın. 

Tatarıstanın Turizm üzrə Dövlət Komitəsinin dəvəti, Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutan səfərə Azərbaycan Hava Yolları ilə yola düşmüşdük. Əsasən həftədə 2 dəfə təşkil edilən Kazan səfərini 244 manata gediş, 280 manata isə dönüş bileti olmaqla təşkil etmək mümkündür. Təbii ki qiymət, səfərin vaxtından asılı olaraq dəyişə bilər. 

Məqaləni gəzə bildiyim yerlər, dada bildiyim yeməklər qədər yazmağa çalışdım. Tatarıstana marağınız yarandısa, fərqli mənbələrdən daha maraqlı məlumatlar tapa biləcəyinizdən əminəm. Məncə, ən yaxşısı elə özünüzün gəzib qiymət verməyidir. 

Kazanda taksiyə oturan kimi “salam” verən, mağazaya girəndə “bu kassaya gəlin, mən də azərbaycanlıyam” deyən həmyerlilərimiz də az deyil. Bu şəhərdən elə azərbaycanlıların bizi görəndə gülən gözləri qədər parlaq xatirələrlə ayrılırıq.


Share: