Və onu,atasının buz kimi alnından öpdürüb, ayırmışdılar… – Fatimə Əlihuseyn

Feriha doğulduğu, böyüdüyü yerlərdən, sevdiyi insanlardan çox uzaqlarda idi.
…Səbəbləri çözələməyə gərək yoxdur…
Yaşı yarım əsrə yaxınlaşsa da, qopa bilmədiyi bir an,o anın sehrindən oyanmaq istəmədiyi xatirələri vardı.
Orada, yamyaşıl bir bağda, atası ağaclara su verirdi.O da, daşın üstündə oturub atasının əllərinə baxırdı.O əllər, dünyanın ən təhlükəsiz,hüzurlu, ən sevgili yeri idi.Əslində Feriha atasını on üç ildən çox görmədi… Körpəliyini çıxarsaq, səkkiz il filan… Tez-tez bağa, atasının yanına qaçardı.Dizi üstə oturaraq, gümüşü saçları ilə oynaya-oynaya atasının üzündə və alnında dərin-dərin iz salmış qırışları, uzun bir yol təsəvvür edir, barmaqlarının ucu ilə bu yollarda gəzir ,barmağının birinin ata, digərinin isə özü olduğunu təsəvvür edirdi. Uşaq təxəyyülündə , atasının gümüşü saçlarını,yolboyu sıralanmış ,ağlı-qaralı yarpaqları olan ağaclar kimi görür və yürüyüş boyu, ağacların doğma qoxusunu içinə çəkirdi.O, bu yolların uzandıqca,uzanmasını istəyirdi.Atası da sanki bu yolların çox qısa olduğunu bildiyi üçün Ferihanın doyunca oynamasına müsaidə edərdi.
Feriha təqaüdçü atasının nə qədər yaşlı və yorğun olduğunun fərqində deyildi.
Onun uşaqlığı, atasının ölümlə pəncələşdiyi illərə təsadüf etmişdi .Altı dəfə əməliyyat olunan atası, anasına – “Feriha daha bizimlə yatmasın, yuxudaykən , yaralarımı təpikləyir ” demişdi … Və ayrılığa doğru uzanan ,bu qısa zaman kəsiyində,o atası üçün həmişə darıxırdı…
Hər gün, uşaq bağçasından evə gələndə, əvvəlcə bağa qaçardı.Ev yeməyindən əvvəl,atasının əlindən bir şeylər yeyirdi.Bu,çox vaxt mövsüm meyvələrindən-çiyələk,gilas olurdu.
Orta məktəbə getdiyi ilk gün, Ferihanı məktəbə,atası aparacaqdı.Tezdən bağa enmişdilər.O, ən gözəl güllərdən dərib,böyük bir buket hazırlamış , sonra Ferihanın əlindən tutub məktəbə aparmışdı.Üçüncü sinifdə oxuduğu dərs günlərinin birində, anası işdə olduğuna görə məktəbə hazırlaşan Ferihanın saçlarını, atası hörmüşdü.Hörüklər çox səliqəsiz göründüyü üçün ata-bala nə qədər gülmüşdülər…
Ömrün hansı anı olursa olsun, yaşananlar nə qədər acı olursa olsun , yaddaşının dərinliyinə çökmüş xoş xatirələr,ruhunun xəfif bir titrəyişindən dalğalanaraq ,bütün vücudunu sarar ,Ferihanın qəlbinə dərman kimi gələrdi…

Sonra…Qış günlərinin birində, atası dərin yuxuya getdi.Tez-tez,həkimlər gəlib-gedir,hər kəs bir-biri ilə pıçıltı ilə danışırdı.Ferihanı atası olan otağa buraxmırdılar.Hər dəfə qapı açılıb- bağlananda, Feriha qapıdan atasına baxırdı.Alnı tərləmişdi,amma üzündə xəfif təbəssüm vardı.Feriha hər dəfə otağa daxil olmaq istəyəndə ona bir iş tapşırıb uzaqlaşdırırdılar.
Anası-“Qızım, ata indi xəstədir, yatır. İnşallah sabah oyanar. Sən aşağı düş, toyuqlara yem ver” deyib bağa göndərdi.
Artıq ikinci gün idi ki,ata yatırdı.Kənddən, qohum-əqrəbalar gəlir,evdə hamı sükut içində, amma hamı bir iş başındaydı .Feriha,ara-sıra açılan qapı arasından atasını izləyirdi.Səhərə doğru, qapını açdılar. Hamı otağa keçdi.
Feriha,onun boynunu qucaqlayıb öpmək,saçlarını qoxlamaq istəyirdi, amma utanırdı.Kimsə Ferihaya -“Qızım ,sən mətbəxə get,bizə çay dəmlə”dedi.
Feriha,tələm-tələsik,mətbəxə keçib, padnosa bardaqları yığdı və köhnə dəmli çayları süzüb,otağa keçməyə tələsdi.Bir neçə dəqiqə sonra əlində çay bardaqları dolu olan padnosla otağa daxil olan Feriha,böyük bacı və qardaşlarının atasını qucaqlayıb ağladığını gördükdə gecikdiyini anlamışdı…
Kənardan donuq halda bu mənzərəni izləyən Ferihanın əlindən padnosu alıb,anası-“Gəl,atayla vidalaş”demişdi.Və onu,atasının buz kimi alnından öpdürüb, ayırmışdılar…
O qəfil ayrılıqdan, iyirmi yeddi il keçsə də, Feriha ömrü boyu keçdiyi həyat yollarında ,atasının alnında yürüdüyü , o gümüşü saçların doğma qoxusuna bələnmiş sevgi dolu, müqəddəs yolları axtarırdı…

Fatimə ƏliHüseyn.

Müstəqil.az

Share: