“Üzümə dərdimin kölgəsi düşüb…”-Nuranə Nihanın şeirləri

Müstəqil.Az gənc şair Nuranə Nihanın şeirlərini təqdim edir:

 

Üzümə dərdimin kölgəsi düşüb…

Təbəssüm arama gözümdə mənim,
Baxdığım hər yerdə kədər görürəm.
Bir ömrün yükü var sözümdə mənim,
Hərdən qələmimlə hesab verirəm.

Duruşum qəribə gəlməsin sənə,
Pərişan halımın təzahürüdür.
İçimdə bir qüvvə “gəl” deyir mənə,
Bilmirəm şeytandır yoxsa huridir?

İpək yumşaqlığı qalmayıb indi,
Saçlarım codlaşıb qəm yağışında.
Sevincim qıvrılıb ilana döndü,
Doğma taleyimin yad baxışında.

Nə fərqi, qısadır, hündürdür boyum,
Ucalıq hər kəsin əməlindədir.
Mənim ilahidən insanlıq payım,
Ömür sarayımın təməlindədir.

Ta əzəl günümdən aza qailəm,
Bəxtimə hər şeyin zərrəsi düşüb.
Mənə qara demə, qara deyiləm,
Üzümə dərdimin kölgəsi düşüb…

 

Öləndə arxamca ağlama…

Gəl otur yanımda, tutum əlindən,
Ey mənim ömrümün səadət payı.
Duyum gül ətrini ipək telindən,
Qısqandır beləcə baharı, yayı.

Sən mənim qanadlı arzularımsan,
Dolan bu ömrümü, gəz qarış-qarış.
Göydə mələyimsən, yerdə yarımsan,
Saldın ürəyimə iz qarış-qarış.

Nəfəsin günəş tək isitsin məni,
Şəhla gözlərinlə gələk göz-gözə.
Sıxım ağuşumda gizlədim səni,
Həsrətin buz əli dəyməsin bizə.

Coşan hisslərimiz dalğalar kimi,
Döysün qəlbimizin sahillərini.
Yığıla təqvimdə günlərin cəmi,
Verməz sənlə keçən anın yerini.

Ruhum da eşqinlə uçacaq göyə,
Bir gün aramıza girərsə ölüm.
Göz yaşın eşqimi söndürər deyə,
Öləndə arxamca ağlama, gülüm!

Nağıl eşqim

Bir nağılmış birgə keçən o anlar,
Bu nağılın “var”ı məndim, “yox”u sən.
Gerçəyimdə tutammadın heç qərar,
İndi durub yuxumamı gəlmisən?

Aç könlümün bağlı qalmış qapısın,
İçərisi çox soyuqdur, bağışla.
Zərrə qədər bir köz qalıb, tap isin,
Daha yanan ocaq yoxdur, bağışla.

Xatirələr tər-təmizdir, tozu yox,
Göz yaşlarım hərdən yuyub onları.
Neçə vaxtdır burda qışdır, yazı yox,
Hisslər donmuş, fikir sərsəm, can yarı.

Künc-bucaqda kif atıbdır arzular,
Həsrət qurdu divarlara tor hörüb.
Diqqətlə bax, önündə bir məzar var,
Dərdli vüsal oradaca can verib.

…Gəldin gördün əsərini, indi get,
Mürgü vuran xəyallarım halbahal.
Bundan sonra nə başla sən nə də bit,
Ən yaxşısı, bir yarımçıq nağıl qal…

Bir nağılmış birgə keçən o anlar,
Bu nağılın “var”ı məndim, “yox”u sən…

Share: