“Uzaqdaydım, xımır -xımır ölürdüm …” – Aysel Fikrət

Müstəqil.Az gənc şair Aysel Fikrətin yeni şeirlərini təqdim edir:

Xımır -xımır ölürdüm..

(Aysel Fikrət)

İlk sevgimin son işığı közərdin,
Nə dirildin, nə də öldün bu gecə.
Son ümidim gözlərindən uzaqdı,
Nə yuxuydu, nə nağıldı bu gecə .

Sən nə olsan mən sevərdim o səni ,
Lal da olsan, kor da olsan sevərdim.
Get deyərdin, bir ömürlük gedərdim.
Qal desəydin. bir ömürlük qalardım.

Nə bəladı işləmisən qanıma ,
Yığılmıram öz qabıma, qınıma.
Qınama bax, yenə məni, qınama,
Mən ki, səni gözləyirdim bilirdin ..

Heç çıxmadım sevgimizin yolundan,
Asılmadım həsrətinin boynundan.
Sən uzaqda xoşbəxt idin onunla,
Mən ağlayib sızlayanda gülürdün .

Bir gün məni axtarmağa can atdın,
Köz bağlayan yaraları qanatdın.
Tapılmadım, olur belə, həyatdı
Uzaqdaydım, xımır -xımır ölürdüm …

 

 

Mən anı tutmağı öyrənmədim ki…

Mən anı tutmağı öyrənmədim ki,
Yoxsa köç edərdim gözünə sənin.
Bir baxışlıq sevgi daşımır ürək
Ürəyim o anı bir də istəyir ….

Nə salam, o salam, nə də ki sağ ol,
Bilmirsən deməyə nə söz tapasan.
Bir bəhanə gətir, bir çıxış yolu ,
Nəsə et, yanımda bir az qalasan.

Baxışın danışır, baxışın dinir ,
Baxışın dilindən anlayanın var.
Baxışın sevgidə səni ötübdür,
Onun öz dünyası, öz aləmi var .

Mən anı tutmağı öyrənmədim ki,
Sənə söz deməyə nə cürətim var?
Baxışın haqqı yox, əhd peymanı yox,
Bir ömürlük ümid necə duyular…

Mən anı tutmağı öyrənmədim ki,
Yoxsa söz içində söz gizləməzdim.
Yanımdan gedəndə çox darıxardım,
Səni ürəyimdə əzizləməzdim .

Mən anı tutmağı öyrənmədim ki,
Yoxsa əlindən də tutardım elə.
Sarılıb susardım yarı ömrümü
Səssiz üsyanlara, səssiz illərə.

Mən anı tutmağı bacarmıram ki,
Sən ayrı yollara, mən ayrı yola.
İnsan sevdiyini baxışla tapmaz,
Var bir başqa yolu, var ayrı yolu…

Mən anı tutmağı bacarmıram ki,
Yoxsa köç edərdim gözünə sənin.
Ordan boylanardım özüm özümə,
Sənin baxışınla sevərdim səni…

Müstəqil.Az

Share: