“Unuduldum” deyən insan

Xatirə RƏHİMBƏYLİ
(Romandan parça…)
…Adətən,insanlar oğurlanmasın deyə qiymətli əşyalarını diqqət çəkməyən yerlərdə gizlədərlər.”Unuduldum”,- deyib darılma, ruhu gözəlim,”gedənim getdi”,- deyib üzülmə, onu sənin gözəl ruhuna sahib olmağa layiq bilməyib Tanrı. Gedən gedib, sadiqim, sən olduğun yerə də,yaşadığın hisslərə də sahib çıxdın.İnsana getdiyi yer doğulduğu yer qədər əziz olmur heç zaman ...
Çiçəklər qədər məsumsan, ancaq yaza gülümsəyirsən, qışın soyuq sifətindənsə, ölümü üstün tutursan, yenidən bahara doğulmaq üçün “ölürsən”…
Göylər qədər ənginsən, dərinsən, ucasan, ona görə hər şeyin sonunu, nəhayətini, ucunu-bucağını bilirsən. Dağlar sənə daha yaxın, dərələr sənə daha aydın görünür… Dağ boyda dağlardan sarsılmırsan doldursa da dərələri göz yaşın.
Sən sənsən, işin-gücün, yanın-yörən hamısı sən. Səndə bir özgə sən yoxdu. Mayan qarışmayıb, sərfən sakindi… Sən möhtəşəmsən, kiçik güzgülər səni görüntüləyə bilməz, adını qırıq-qırıq kəkələyənlərin ağlı almır, ala bilımir səni. Əl-ayağına sarmaşan sarmaşıq ruhlular möhtəşəm kölgəndə yaşıllansa da, Günəşsiz ömürlərinə imza atdıqlarının fərqində deyillər. Üstünə bağıranların hikkəsini özünə qaytarar qaya sərtliyin əks-səda şəklində. Səni ayağı altına almaq istəyənlər sehrli xalça hikmətindən xəbərsizlərdi,haradan haraya atılacaqlarını bilməzlər… Bilməzlər bilməzlər səndə bulunanları… Köhnə pulqabında gizlədilən qiymətli ləlim, bilməzlər hikmətini…
Gedənlərə də gələnlərə gülümsədiyin kimi gülümsəyirsən, günəş üzlüm. Gedənlərə möhlət verirsən gəzib-dolanıb sənin möhtəşəmliyini heç yerdə tapmayacaqlarını dərk etmək üçün … Üzərində Tanrı əli, üzündə Allah nuru olduğunu haradan bilsin Allahsızlar…
Seçdiyin yolu getdiyin qədər gedə bildin ancaq, qürurun qoymqdı qarşına çıxan maneələrə əyilib keçməyi. Sökə bildiyini söküb keçdin, gücün yetmədiyinə əyilmədi dağ vüqarın… Ömrünü doğrayıb tökdün zingildəşən qayğılara, ağrılı talelərin əlini ətəyindən üzüb uçmağa qoymadı mərhəmətin məsuliyyəti səni… Pas atmış qanadlarına məyus-məyus baxma, bütün inadkar qartallar dövrəndə dolanır,əzəmətindən yuxarı qalxa bilmir. Yuxularını gerçəklər kimi yaşayırsan başını Tanrının ayaqlarına qoyub yatdığın üçün. İnanma boşboğazların fətvasına.Seçdiyin sənindi,sən səni seçənin,gerisi ömür adlı əmrin icrası üçün bəhanədi.
Üzülmə, ulum, ucam, sən budaqlarında saysız yuva saxlayan qocaman bir palıdsan, yıxılmağa haqqın yoxdur. Yapış göylərin ətəyindən möhkəm-möhkəm,ayağını yer qucaqlayıb öpərək….
Share: