“Bir gün mənə dedilər ki, Heydər Əliyevin qəbulunda olmalıyam. Məni fikir götürdü. Düşündüm ki, həyacandan nitqim kəsiləcək, ayağım tutulacaq.
Çünki prezidentin qəbulunda olmaq çox məsuliyyətlidir. Nə isə, təyin olunan vaxt qəbula getdim. Heydər Əliyevin çox böyük kabineti var idi. Mən ora daxil olarkən daxilimdəki bütün gərginlik keçdi. O elə bir şərait yaratdı ki, elə bil doğma atamla danışırdım. Hər bir sahəni mükəmməl bilən insan idi. Bir saatdan artıq qəbulunda oldum və vaxtın necə keçdiyini hiss etmədim. Ancaq onu bildim ki, hər bir sahədən danışdıq. Həmin günün səhəri mənə bir daha Prezident Aparatından zəng vurub bildirdilər ki, yenə də Prezident Aparatına getməliyəm. Getdim və məlum oldu ki, Heydər Əliyev məni bir də görmək istəyir. İnana bilmədim. İkinci görüşümüz daha yüksək səviyyədə, səmimi, isti doğma şəraitdə keçdi. Bir saat iyirmi dəqiqə onun qəbulunda oldum. Söhbətin axırında mənə dedi: “Səni tanıyıram, sovet dönəmindən sən mənim yetirməmsən, səni fərqləndirən cəhətlərdən biri sabit və sədaqətli olmağındır. Eyni zamanda işgüzarsan. Səni təhsil nazirinin müavini təyin edirəm”. Mənim yanımda həmin fərmana imza atdı. On il bu vəzifəni daşıdım və həmişə Heydər Əliyevin kadrı olmaq məsuliyyətini hiss etdim. Elm sahəsinə rəhbərlik edən nazir müavini olaraq istər elmi konfranslar, olimpiadalar, elmi yarışmalar üçün müvafiq şərait yaratdım…”- söyləyir.
Nəcib xanımdır. Yüksək mədəniyyəti, xanım-xatunlara xas olan ədası, kübar davranışı ilə tanıyanlarını heyran edə bilir. Qəlbi o qədər böyükdür ki, mərhəmət, xeyirxahlıq, insanpərvərlik və eləcə də bir sıra ali xüsusiyyətlər ürəyində yuva qurub. Təbii və səmimidir. Könül dünyası işıqlı və nurludur. Bu işıq, bu nur bütün ömrü boyu onu müşayət edib, bu da əməllərində öz əksini tapıb…
Deyir ki:- “Allah insanı qadın yaradıbsa, o, özünə hörmət etməyi bacarmalıdır. Qadın olaraq özünə hörmət etmək nədir? Səliqəli geyinmək, səliqə-səhmana diqqət etmək, hər zaman başqalarına nümunə olmaq. Qadın həyatdır, bəşəriyyəti yaşadan mühüm varlıqdır, cəmiyyət üçün bir cəfakeşdir. Eyni zamanda qadın həyat yoldaşıdır. Əbəs deyil ki, peyğəmbərin “cənnət anaların ayaqları altındadır” ifadəsi var. Əgər qadının durumu, rifah halı yüksəkdirsə, cəmiyyətin mənəvi durumu da yüksək olacaq. Çünki ana hər şeyin özəyidir, əsasıdır. Tarixən Azərbaycanda qadına böyük hörmət olub…”
Söhbət Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynovadan gedir. O, 1960-cı ilin aprel ayının 19-da Bakı şəhərində dünyaya gəlib. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirib.1980-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsində ali təhsilə yiyələnib və oranı fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə II kursda oxuyarkən əmək fəaliyyətinə başlayıb. Oxuduğu universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilib və 1989-cu illədək bu vəzifədə çalışıb. Sonra elmi-pedaqoji fəaliyyətini davam etdirmək məqsədi ilə onu Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlayıblar. Elə namizədlik və doktorluq dissertasiyalarını da burada müdafiə edib…
“İncəsənəti çox sevirəm, milli incimiz olan muğamı tez-tez dinləməyi xoşlayıram. Bu, dərin fəlsəfədir. Hər bir musiqi janrının gözəlini dinləyirəm. Axı. estradada da gözəl musiqilər var. İmkan olanda royalda ifa edirəm, musiqi də bəstəliyirəm. Bunu özüm və yaxınlarım üçün edirəm. Eyni zamanda oxumağı da bacarıram. Məndə incəsənətə sevgi genlə gəlir. Anam çox gözəl həkim olsa da, bununla yanaşı, royal da çalırdı, muğam bilicisi idi, şeirlər yazırdı, rəsm əsərləri yaradırdı. Atam isə müəllim idi, tarda ifa edirdi.”- söyləyir.
Bütün ömrünü elmə, tədrisə, yaradıcılığa xərcləyib. Nailiyyətləri çoxdur, saymaqla bitməz. Tükənməz enerjisi var, yorulmadan, usanmadan çalışmağı bacarır. Uzun illərdir ki, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professordur. Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə) olub. Azərbaycan Respublikasının Əməkdar müəllimidir. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” mükafatının laureatıdır. Göründüyü kimi, onun fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Aprelin 19-da İradə xanımın növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu




















