Uğur  böcəyi

Narın GÜL       

(Hekayə)

Yenə də özünə hesabat verirdi. Uzaq yoldan gələn bu gəmiyəbənzər avtobusun bir küncündə, gözlərini ucsuz- bucaqsız  çöllərə  zilləyib, özünə dar ağacı qurmuşdu. Aydan –ildən sonra bir səfərə çıxmış, adam olub, adamlara qoşulmuşdu. Bu da belə… İstəyirdi o da adamlar kimi gəzib-əylənsin, “əşi, onsuz da  beş günlük dünyadır, kef elə!” -desin… Deyəmməmişdi. Ürəyiylə beyni yola getmirdi, yoxsa nə vardı ki?..

Bu  dəfəki səfərə də demək olar ki, şöbə müdiri, həm də yaxın rəfiqəsi olan Təranə göndərmişdi. Demişdi ki, get, qazanacaqsan! Elə -beləcə demişdi, qazanacaqsan!  Onun da ürəyi atlanmışdı.   Bu Təranə də allahın bəlası idi ha… Bilmədiyi şey yoxdur, yerin altını da bilirdi, üstünü də. İstəsə bütün dünyanı idarə edə bilərdi.  Yola düşməzdən əvvəl görüşəndə: Bax ha, boş qayıtma! Əli ətəyindən uzun üstümə gəlmə, öldürrəm səni… demişdi. “Öldürrəm”i əlbəttə, ərklə söyləmişdi, daha durub onu öldürən deyildi ki… Həmişə nigaran olurdu ondan, istəyirdi yol göstərsin, aydınlığa çıxartsın. Yoxsa nəyinə gərəkdir ki, bu, ərə getdi, yaxud  getmədi?

Təranənin dediyi kimi eləmişdi. Onun nişan verdiyi adamla  bir kənara çəkilib qəhvə içmiş, o uzaq  şəhəri təklikdə gəzib dolanmış, birlikdə xeyli vaxt keçirmişdilər. Amma nə Təranə deyən hörmət olmuşdu, nə də xüsusi diqqət. Eləcə uzun –uzadı elmdən, elmi kəşflərdən danışmışdılar. Kişi ona elm adamı, alim kimi baxmışdı, vəssəlam. Yəqin ki, Təranə onu əfəl adlandıracaq, o ki var danlayacaqdı.  Nə elm, ay qız, elmdən danışmaq nədir, başqa mövzu yox idi danışmağa?! Nə vaxt ayılacaqsan?! 35-yaşın var e, 35!

O da söhbətin bu yerində səsini içinə atıb, kal səslə, bir qədər də ehtiyatla dillənəcəkdi:

-Sonra bilirsənmi nə oldu?  Bu yanımızdakı aspirant qız yenə də kötük oldu mənə. Kişiləri bihuş edən ətrini yenə də kəmənd edib  atdı ortaya. Sən deyən adam da  görən kimi hayıl-mayıl oldu buna.  Mən yaddan çıxdım. Həmişəki kimi… Adam mənə ancaq alim kimi baxırdı, alim kimi… “Professor” deyə müraciət edirdi…

Birdən- birə  özündən iki oturacaq irəlidə əyləşmiş professora  gözü sataşdı. Ürəyində professoru top atəşinə tutdu. Kimə  lazımdır, bu professor?!  Əzizləyəni yox, sevəni yox! Deyir, mənim davamçımsan, səni görəndə özümü xatırlayıram, filan… Yox bir! Nəyimə lazımdır?! Nə olsun,  dünyaya səs salan şan-şöhrəti var. Sonunda təkdir –tək… Sevəni, qayğısını çəkəni yoxdur. Başına bir kişi əli sığal çəkmirsə,  daha nə qadınsan?!

Yaman qorxurdu professora bənzəməkdən.

Professordan başqa üç  nəfər yoldaşı da vardı avtobusda. Beş nəfərlik bir heyətlə  getmişdilər qonşu ölkədə keçirilən elmi konfransa. Konfransda ucdantutma  hamısını da  professor kimi təqdim eləmişdilər. Əslində, onunla yaşlı professordan başqa aralarında professor- filan yoxdu. Biri zəhləsigetmiş, gözəl olmasıyla öyünən, başıboş kişilərin qənimi  aspirant qızdı, bir dəqiqədə kimi istsə kəməndinə salırdı. Biri sıravi müəllimdi, nə qədər cəhd etsə də elmi işini müdafiə edə bilmirdi ki, bilmirdi. O biri isə şöbələrin birində katibə işləyən,  institutda “atmaralı” adlandırılan cavan qızdı, son vaxtlar xarici ölkələrdə keçirilən tədbirlərin çoxunda iştirak edirdi. Əvvəlcə  hamısı “professor” sözündən diksinmişdi. Amma sonra öyrəşmişdilər. Avtobusdakı yupymru konduktor qız da onları professor adlandırırdı. Hətta atmaralı qıza da ağızdolusu professor deyirdi.  Bu, yaşlı professoru qıcıqlandırırdı, amma daha əlacı yoxdu,dözürdü. Hər dəfə də professorun qıcıqlandığını hiss edib üzünə baxır, ondan heyfini çıxırdı. Ona elə gəlirdi ki, yaşının ötməsinin, tək  qalmağının əsl səbəbkarı bu professordur.  “Tələbələrin içərisində ən çox sənə gümanım var, sən də mənim kimi şöhrətli alim olacaqsan, –deyirdi professor-  o birilərin fikri dağınıqdır, təkcə sən fikrini elmə yönəltmisən. Doğrudur, o  aspirant qız çox yaraşıqlıdır, gözəldir,  amma onun elm adamı olacağına  güman etmirəm. Ümumiyyətlə, gözəl qadınların  elm adamı olacağına inanmıram!” Əvvəllər yaman qürrələnərdi bu sözlərdən. Amma indi tamam dəyişmişdi. Bu yerdə lap yanıb –tökülürdü.  “İstəmirəm, lazım deyil! Sənin davamçın olmaq istəmirəm!  Bir nöqtədə sıxılıb qalmaq, bir qəlibə pərçimlənmək istəmirəm. Qadın  olmaq, xoşbəxt yaşamaq istəyirəm.  Sevilmək istəyirəm!”

Əlini üzündəki ləkə yerlərinə apardı. Uşaq vaxtı çıxartdığı sivilcədən qalmışdı ləkələr.  Sol yanağında ada yerinə bənzəyən üç dəyirmi işarədi. Çox vaxtlar  xüsusi səylə- kremlə ört- basdır etsə də, yol nişanəsi kimi qabarıb üzdə dayanırdı. Ən ağrılı yeriydi. Həmişə ona mane olan da elə bu ləkələrdi, düz ordan sınırdı. Anası deyirdi  ki, heç hiss olunmur, həm də sənə yaraşır bu ləkələr. Onsuz da özün də qaraşirinsən. İnanmırdı anasına.  Bir vaxtlar, çox uzaq keçmişdə, sevdiyi oğlan vardı. Dəli kimi idilər bir-biriləri üçün. Amma oğlan birdən –birə atmışdı onu. Özü də ən yaxın rəfiqəsinə görə atmışdı. Rəfiqəsinin üzü güzgü kimi şümaldı, ağappaqdı.  Həmin gün evə gəlib aynanın qarşısında xeyli ağlamışdı, az qalmışdı intihar etsin. Sonralar fikrini  elmə, kitablara  yönəltmiş, gecəsini-gündüzünü oxumağa vermişdi.

Yupyumru konduktor qız avtobusun ortasında fırlanır, sərnişinlərə su təklif edirdi. Ağappaq qızdı, üzündə bir an belə əksik olmayan təbəssüm vardı ki, bu da peşəkarlığından xəbər verirdi. Konduktor qız tez-tez  enlikürək sürücüylə pıçıldaşırdı. “Yəqin bu sürücünün adamıdır,” ürəyindən keçirdi, “allah bilir yollarda nə qədər məcaraları olub”. Xəyalında sürücüylə-konduktor qızın sevişmə səhnəsini canlandırdı, ürəyi döyündü.  Artıq xeyli müddətdi ki, sevənlərə həsəd aparırdı. Əvvəllər elə də fikir verməzdi, qarşısında məqsədi, üzüyuxarı dırmaşacağı zirvə vardı, beynini, ürəyini, vaxtını o zirvəyə doğru cəmləmişdi. Amma elmi müdafiədən, professor adını alandan  sonra sanki birdən-birə ayılmışdı. Daha fəth ediləsi zirvə yox idi, beyni də, hissləri də azaddı. Boşluğun içərisində qalmışdı,  geriyə boylananda az qalırdı dəli ola.

Birdən hiss etdi ki,  bayaqdan ayağıyla  nə isə yumşaq bir cismi tapdalayır. Əyilib baxdı. Yanında əyləşən sarışın kişinin ayağı idi tapdaladığı. Kişi yazıq ədəbindən səsini çıxartmırmış. Kişinin üzünə baxdı. Kişi yüngülcə qızararaq gülümsündü. Avtobusa minərkən ona ötəri nəzər salmış, əcnəbiyə bənzətmişdi. Doğrudur, kişinin onu izləyən baxışlarını da hiss etmişdi, amma maraq dairəsində olmamışdı. Nəzərə alanda ki, hələ uzun bir yolu birlikdə, yanaşı əyləşib qət edəcəklər, lap elə onunla bir-iki kəlmə kəsmək də olardı. Ancaq lazım bilməmişdi. “Nəyimə lazımdır, o qədər dərd- sərim var ki, bir elə bu çatışmır,” deyə başını avtobusun pəncərəsinə söykəmişdi.

İndi gözucu kişiyə nəzər saldı,  ilk baxışdan diqqət cəlb etməsə də, incə cizgili,  zərif üzü vardı.  Hansısa xarici ölkə aktyoruna bənzətdi kişini. Kişi qurdalanaraq yol çantasından peçenye   çıxartdı. Yüngülcə qoluna toxunaraq, ona uzatdı. Əvvəl istədi götürməsin, amma üzündə elə səmimi ifadə vardı ki, etiraz edəmmədi. Sonra kişi çantasından su çıxartdı, səliqəylə salfet çıxartdı, öz aralarında kiçik bir süfrə açdı. Az qaldı desin ki, deyəsən tək yaşayırsınız, amma demədi…

Deyəsən, kişi söhbət etməyə məqam axtarırdı:

– Bayaqdan istəyirdim, sizi danışdırım, amma çəkinirdim. Nə əcəb, belə gözəl xanım, uzaq yola tək çıxmısınız?

“Nə? Gözəl xanım? Yaman da gözələm.Üzümdəki ləkələrə yaraşır elə gözəl xanım”.

-Tək çıxmamışam, dörd nəfərlik qrupuq. Elmi konfransa gəlmişdik. Təyyarəyə bilet tapammadıq, avtobusla qayıtmalı olduq. Amma deyəsən lağ elədiniz axı? Nəyim gözəldir ki…

-Yox, lağ nədir? Gözəl-göyçək xanımsınız. Üzünüzün ifadəsindən zərif kraliçalara bənzəyirsiniz.

Görəsən, ələ salmır ki… Amma yox, kişinin baxışlarında bir heyranlıq vardı.

Birdən-birə ürəyindəkiləri kişiyə açıb tökdü. Lap elə dost kimi, qardaş kimi, ata kimi ərk elədi, dil-dil ötdü.

  • Nə bilim, məni qadın kimi dəyərləndirən az olub. Gəncliyimdə vaxt olub birini sevmişəm, o da guya məni sevib. Amma sonradan məlum olub ki, sevməyib, yaraşıqlı rəfiqəmlə görüşməyə başlayıb. İndi də kişilər mən daha çox elmimə görə hörmət edirlər. Professoram axı… Kişi maraqla onu süzdü.

– İnana bilmirəm belə cazibəli qadını diqqətdən kənara saxlayıblar.

Nədənsə, bu yad kişiyə ərk elədi, ürəyindəkiləri açıb tökdü, üzündəki adayabənzər ləkələrin onu necə sındırdığndan, həyatdan necə küsdürdüyündən  danışdı. Kişi də gülümsünərək anası kimi cavab verdi: Dərd etməyə dəyməz, sənə yaraşır.

Başını şüşəyə dirəyib mürgüləməyə çalışdı, daha doğrusu özünü yatmış kimi göstərdi. Kişi dizinin üstünə qoyduğu, üzərində uğur böcəyinin rəsmi olan  balaca,  yumşaq döşəkcəni ona uzatdı. Al, başının arxasına qoy, boynun ağrımasın. Etiraz elədi. Kişi əl çəkmədi.

Bir qədər keçmiş kişi öz həyatı haqqında danışdı:

– Bir oğlum var,  başqa ölkədə təhsil alır, həyat yoldaşım oğlum səkkizinci sinifdə oxuyarkən vəfat edib. Tək yaşayıram, oğluma baş çəkməyə getmişdim. Sonra  oğlundan danışmağa başladı- yaman savadlı, ağıllı uşaqdır. Həmişə birinci olmağı sevir, məktəbi də əla qiymətlərlə bitirib.

Kişi danışdıqca ürəyində onunla doğmalaşdı, o qədər doğmalaşdı ki,  ona ərə getdi, kişi onun qayğısına qaldı, qolboyun uzaq səfərə çıxdılar. Sonra kişiyə uşaq doğdu, oğlunu evləndirdi, xoşbəxt oldular.

Birdən-birə ayıldı ki, kişi muncuq kimi sözləri sapa düzüb, danışıb tökür. Kişi onun boynunun arxasına qoyduğu yumşaq döşəkcəyə işarə elədi:

  • Bu uğur böcəyini alanda bilirdim, bu gün bəxtim gətirəcək…

Bir qədər sonra avtobus çay içmək üçün fasilə etdi.  “Professor” heyətiylə birlikdə çay masasının ətrafnda əyləşdilər.  Kişi yaxınlıqdan şirniyyat alıb masaya qoydu, çay sifariş etdi.  Professor kişiyə zənnlə baxıb təşəkkürünü bildirdi. Sonra nəzərini ona zillədi:

-Nə tez dostlaşdınız bununla?..

Professorun replikasını eşitməməzliyə vurdu. Kişi nəzakətlə onlara çay süzdü. Ürəyində qürrələndi. Qoy görsünlər belə ərim, yox e dostum, lap olsun sevgilim, belə sevgilim var. Ən çox da aspirant qıza yanıq vermək istədi. Kişi aspirant qızla üzbəüz oturmuşdu. Aspirant qızın ətirinin iyi hər tərəfə yayılmışdı. Elə bu ətirlə kişiləri ətrafına toplayır, ram edir – deyə düşündü.  Görək kişinin reaksiyası necə olacaqdı? Həlledici məqamdı.

Yox, kişi aspirant qız tərəfə  heç gözucu da baxmadı. Baxışlarını ancaq  ona zillədi.

“Sınaqdan çıxırsan, uğur böcəyim…”

Avtobusa qalxdılar. Uzun yolboyunca xeyli söhbət etdilər. O qədər danışdılar ki, bir-birinin həyatına əməlli-başlı bələd oldular, hətta görüş də təyin etdilər. Sonra kişi   onun əllərini ovcunda saxladı. Bütün canına istilik, rahatlıq, xoşbəxtlik yayıldı. Avtobus artıq doğma şəhərə daxil olmuşdu. Uzaqdan sıralanmış, hündür binalar görünürdü.  Kişi ondan bir qədər irəlidə avtobusdan endi. Əlini bir daha sıxıb pıçıldadı: görüşərik, uğur böcəyim.

Şirin bir yuxudan ayılıbmış kimi kişinin arxasınca uzun-uzadı baxdı. Sonra “uğur böcəyini” sinəsinə sıxdı.

Share: