Ağlardım….
(Ustad şairimiz Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın”şeirinə nəzirə)
Bu ağlamaq yaman tanışdır mənə,
Uzun illər gizli,xəlvət ağladım.
Bütün göz yaşımı sıxıb sinəmə,
Soğanı soyarkən,içdən ağladım.
Körpələrim gözlərimə baxanda,
Əlimdəki soğanı göstərərdim.
Hönkürərkən onlar yaxınlaşanda,
-Gedin,soğan çox acıdır,-deyərdim.
Beləcə,günləri yola verərdim,
Soğan bir bəhanəm olardı mənim.
Dərdlərimi hamıdan gızlədərdim,
Bir saoğan acımı duyardı mənim.
Yalnız evdə bir kimsə olmayanda,
Soğan soymasam da ,mən ağlayardım.
Açıb ömür adlı böyük kitabı,
Gözümün yaşıyla varaqlayardım.
Daha soğan yaşatmayır gözümü
Göz yaşını saxlamıram gələndə.
İndi həmən körpələr də böyüyüb,
Ah çəkirlər göz yaşımı görəndə.
may 2023.
Cəlilabadım
Ayaq açdım torpağında,daşında,
Qoynunda dil açıb :-Ana !-söylədim.
Əbədisən ruhumda, yaddaşımda,
Cəlilabadım,mənim vuran ürəyim.
Hər kiçik xatirən mənə əzizdir,
Səninlə bağlıdır gözəl illərim .
Sənə olan sevgim -coşqun dənizdir,
Cəlilabadım,mənim vuran ürəyim.
Əlləri qabarlı çəkərək zəhmət,
Övladların çox sevirlər əməyi.
Torpağının hər qarışı bir nemət,
Cəlilabadım,mənim vuran ürəyim.
İgidlər yetirdin ,ərlər böyütdün,
Halaldır onlara suyun ,çörəyin.
Onlar, bu torpaqda aldı öyüdü,
Cəlilabadım,mənim vuran ürəyim.
Yurdumsan,yuvamsan, elim, obamsan,
Sənin xoş günündür yalnız istəyim.
Mənim qanımdasan,damarımdasan,
Cəlilabadım,mənim vuran ürəyim!
Tanrım deyib gəlmişəm
Qapına gəlmişəm, əllərim bağlı,
Bağlı əllərimin açarı sənsən.
Nitqimi qurudub əziyyət, ağrı,
Ağrılı könlümün gümanı sənsən.
Dilim deyə bilmir,dərdimi sənə,
Acımı gözümün yaşı söyləyir.
Qarşında əyilib,diz çöküb yenə,
Bu əlacsız bəndən kömək gözləyir.
Möcüzənə şahid olub görmüşəm,
Ey möcüzə Yaradanım,burdayam.
Ağlım dərk edəndən:-Allah,-demişəm,
Mən dizin-dizin gəçmişəm,burdayam.
Göz yaşlarım macal vermir danışım,
Dərdlərimi qucaqlayıb gəlmişəm.
İstəyirəm yalnız Sənlə danışım,
Tanrım,-deyib, hüzuruna gəlmişəm.
Hünərim yox əllərinə töxunum,
Ətəyinə toxunmağa gəlmişəm.
İstəyirəm nəzərinlə qorunum,
Yaradanım, Səni deyib gəlmişəm.
Qismətimlə barışmadım
Qismətimlə barışmadım,
Onu tez-tez tənə etdim.
Haqsız yerə danışmadım,
Mən olanları ərz etdim.
Gah göydən kömək istədim,
Söz demədim hər adama.
Gah da səadət istədim,
Əl açaraq yaradana.
Bezdim yerdə sürünməkdən,
Dizlərim qabarla doldu.
Mən ağrıdan inləməkdən,
Sinəm cadar-cadar oldu.
Əzablarım görünmədi,
Gizlətdim hər bir acımı.
Dərdim,sərim bölünmədi,
Kimsə tapmaz əlacını.
Göz yaşım axdı qəlbimə,
Görənlər şən gördü məni.
Kim şərik olsun dərdimə?
Hər kəs xoşbəxt bildi məni.
Qismətimlə barışmadım,
Əzabımı artıq yazdı.
Qismətimlə danışmadım,
Sağkən mənə qəbir qazdı.
.Şəhid anası
Göz yaşın gilə-gilə,
Axıb, dönübdür selə.
Göz yaşını kim silər,
Dərdli Şəhid anası?
Gündüzün, gecən yoxdur,
Halında necən yoxdur,
Sinənə dəyən oxdur,
Dərdli Şəhid anası.
Dastana döndü balan,
Daha sağalmaz yaran.
Mələk anası olan,
Dərdli Şəhid anası.
Necə verək təsəlli?
Halın hamıya bəlli.
Yoxdur bu dərdin həlli,
Dərdli Şəhid anası.
Gecə,gündüz səslərsən,
Gələr,-deyib,gözlərsən.
Ağı deyib gəzərsən,
Dərdli Şəhid anası.
Dərdin sonsuz bilirik,
Nə söyləyək,bilmirik.
Qarşında baş əyirik,
Dərdli Şəhid anası!
Çarəsizlik
Hərdən tab gətirmir hisslərimizə,
Nə yazan bir qələm,nədə ki kağız.
Tökərək ağrını ürəyimizə,
Əlimiz yazmayır, susur dil-ağız.
Köksümüz ağrıyla çabalayaraq,
Çırpınıb,yerindən çıxmaq istəyir.
Arzumuz ürəkdə qan ağlayaraq,
Yalvarıb taledən kömək istəyir.
Yalnız xəyal olur yaşadan bizi,
Ümidlə baxırıq hər gələn günə.
Bəzən də olanlar çox üzür bizi,
Deyirik:”Nə ola,bəxtimiz gülə”.
Bir şeir sən söylə,bir şeir də mən
Gəl,biz çıxaq bu vətənin seyrinə,
Bir şeir sən söylə,bir şeir də mən.
Birgə düşək ovsununa, sehrinə,
Bir şeir sən söylə, bir şeir də mən.
Gəzək yamacları, çıxaq dağlara,
Qoşa nəzər salaq bağça -bağlara,
Dönək uşaqlığa ,o şən çağlara,
Bir şeir sən söylə, bir şeir də mən.
Gəzək Muğanını, gəzək Milini,
Dindirək gülləri,bilək dilini,
Birgə gəzək Azərbaycan elini,
Bir şeir sən söylə,bir şeir də mən
.
Gözəldir yurdumun hər bir qarışı,
Gözəldir baharı,gözəldir qışı,
Qədimdir tarixi,uludur yaşı,
Bir şeir sən söylə,bir şeir də mən.
Nə gözəl naxışlar vurub təbiət,
Yurdumuzda cənnət qurub təbiət,
Məftun edibdirsə bizi təbiət,
Bir şeir sən söylə ,bir şeir də mən .
Ovçu deyilik ,ovlayaq ceyranı,
Vəsf eləyək biz maralı ,ceyranı.
Olmuşuqsa yurdumuzun heyranı,
Bir şeir sən söylə ,bir şeir də mən.






















