Hörmətli şairimiz Qəşəm Nəcəfzadə deyir ki, yazılarımın publisistikaya yönəldiyini görən kimi dərhal çəkilirəm öz xəyallarıma, fantaziyama və yeni bir bədii əsər yazıram, çünki hər hansı bir əsərin gözəlliyi bədiiliyindədir.
Tamamilə razıyam Qəşəm müəllimlə. Həyatda olmuş hadisəni ona bədiilik qatıb oxucuya təqdim edə bilən əsl yazıçıdır. Bəs bədiilik necə yaranır? Əlbəttə sözlə. Sözdən söz düşəndə isə ilk növbədə əsərləri ilə nəinki oxucuları, dilimizin özünü sevindirən Əlabbas Bağırov düşür yada.
Yazıçının yazdıqlarını oxuduqca oxuyursan. Oxuduqca da kəşf edirsən. Özü demiş “Saqqaldan götürdüyünü bığa qoyunca gün axşam olur”, sən hələ də oxuduğun haqda düşünür, ürəyində təhlil edir və öz-özünə elə onun yazdıqlarından yadında qalan ifadəni işlədərək deyirsən: “bekara yerə vaxt itirməmişəm”.
Dırnaq arasında yazdığım ifadələr Əlabbas müəllimin“Yolda adam” adlı hekayəsindən götürülüb. Bu kimi ifadələr deyilmi əsəri bədiiləşdirən, oxucuya sevdirən?
Hekayədəki mənə maraqlı görünən daha bir neçə ifadəni qeyd etmək istərdim: “yoxdan Allah da bezardı”, “ərşdən-kürşdən danışdılar”, “xud ondan ötrü”. Mənə elə gəlir ki, Əlabbas Bağırovun əsərlərini məhz bu cür tez-tez rast gəlmədiyimiz sözlər və ifadələr fərqləndirir.
Bəlkə məni qınayarsınız, amma hərdən məşhur yazıçıların əsərlərində olan bəzi hissələri diqqətlə oxumuram. Məsələn, Tolstoyun, Turgenevin əsərlərində təbiət səhnələrini oxumağa hövsələm çatmir. Amma Əlabbas müəllimin hekayələrində, romanlarında bir cümlənin belə üstündən keçə bilmirəm.
“Sərhəd zolağı olduğundan illərlə istifadəsiz qalan sirli çöl-biyaban, ordan o tərəfə səthi bir qayda olaraq gündüzlər qızılı, gecələr gümüşü rənglə bərq vuran dumduru göl suları, əlini uzatsan, çatacağını güman elədiyin əyriş-üyrüş üfüq xətti indi bir ayrı görkəm almışdı: kimsəsiz düzəngaha axşam toranının hüznü çökmüş, bir-birini qovan boz-bulanıq dalğaların qorxunc uğultusu bütün səs-səmiri udmuş, adda-budda balıqçı komalarının yaxın-uzaq işığı da seyrək dumanda öləziyib şam közərtisinə dönmüşdü. Bir tərəfdən də təzəcə başlayan qar… O cür ki, o yağırdı, deyərdin bəs dəli rüzgar alaçalpo ilə qışın qaralamasını eləyir.” Bax bunu mən necə oxumaya bilərəm? Siz kiçik bir hekayədə olan təhkiyə ustalığına baxın!
“Yolda adam” hekayəsinin məzmununu sizinlə bölüşməyəcəm, çünki hər kəs özü onu oxumalıdır. Bir onu qeyd edim ki, çox maraqlı, ibrətamiz və düşündürücü hekayədir.
Yaxşılığı et at dəryaya, balıq bilməsə, Xaliq biləcək. Bu atalar sözünü çoxumuz əzbər bilirik. Kim nə qədər buna riayət edir, öz işidir. Hər kəs öz vicdanına cavabdehdir.
Əgər dəyərli yazıçı Əlabbas Bağırov adi, bəsit yazılar yazsaydı çox ehtimal ki, “Yolda adam” adlı hekayəsini məhz bu atalar sözü ilə bitirərdi və bəzi adamlar kimi oxucuya dərs verər,onu yaxşılıq etməyə məcbur edərdi.
Amma adını çəkdiyim bu kiçik hekayənin müəllifi söz sərrafı, söz sevdalısı Əlabbas müəllimdir axı. Özünün sinəsi xalq dilinin bəzəyi olan, onu gözəlləşdirən kəlamlarla dolu olduğu halda, hamının əzbər bildiyi bir ifadəni hekayəsində niyə işlətsin ki?
Müəllif əmindir axı, hekayəni oxuyub başa çatan hər bir oxucu mütləq deyəcək: düz deyirlər ki, yaxşılığı et at dəryaya, balıq bilməsə, Xaliq biləcək. Ürəyindən keçəni oxucuya dedirtmək də müəllifin istedadının bir qüvvəsidir.
Bu istedadın daşıyıcısına yeni yaradıcılıq uğurları arzusu ilə:

Təranə Məmməd



















