Tünzalə Ağayeva: “Məni musiqiyə ədəbiyyat gətirdi” – Müsahibə

Müstəqil.Az bildirir ki, Kulis.az yeni layihəyə start verib. “Ulduzlu Çərşənbə” adlanan rubrikada sənət və şou adamları ilə ədəbiyyat və yaradıcılıq mövzusunda söhbətlər olacaq. Kulis.az ilk qonağı Xalq artisti Tünzalə Ağayevadır.

– İstərdim söhbətimizə ədəbiyyatdan başlayaq. Ədəbiyyatla aranız necədir?

– Mən ədəbiyyatla tanış olanda 12-13 yaşım vardı. Əlağa Vahid, Mikayıl Müşfiq, İmadəddin Nəsimi, Nigar Rəfibəyli, Məməd Araz, Səməd Vurğun kimi ədiblərimizin poeziyası ilə tanış olanda nə müğənniliyi, nə Bakını xəyal edirdim. Mənim xəyallarım mahnılarım idi. Bu eşqi də mənə ədəbiyyat vermişdi. Mən hər zaman bunu xüsusi vurğulayıram ki, məni musiqiyə, xüsusilə də mahnı janrına Azərbaycan ədəbiyyatı gətirib.

– Bu gün kimləri oxuyursunuz?

– Açığını deyim ki, son illər bədii ədəbiyyat nümunələrindən daha çox fəlsəfi-psixoloji kitablar oxumağa köklənmişəm. Hal-hazırda Türkiyəli yazar Deniz Egecenin “Yataraq arıqlamaq” adlı kitabını oxuyuram. Kitabın adı çox bəsitdir. Amma içindəkinin kitabın adı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu təbii ki, bazara hesablanan bir addır. Amma kitabın içərisində fərqli bir dünyaya qapı açır müəllif. Kitabın əsas məğzi insanın özünü kəşf edib tanımasıdır. İnsanın şüuraltına sahib çıxmasından gedir söhbət. Dəniz bəy bunu yaşayan insan kimi çox maraqlı paylaşıb. Son kəşf etdiyim yazarlardan biri də yenə türkiyəli Hakan Mengücdür. Çox yaxşı lakonik bir dildə, rahatlıq verən yaxşı mesajlarla dolu iki kitabı çıxıb. Hər ikisini də almışam. Bunlar “Mən nəyəm” və “Gözəl niyyətlərin sonu xoşbəxtlikdir” kitablarıdır. Jurnal oxumağı çox sevirəm. Bizim iki jurnala “Baku” və “Nərgiz” jurnallarına abunəyəm. “Baku” jurnalının sayəsində tarixdə yaşamış məşhur ziyalı azərbaycanlılarımız haqqında maraqlı məlumatlar oxuyuram. Uşaq vaxtı anamın məcburiyyəti ilə xarici ədəbiyyat nümunələrini çox oxuyurdum. Xüsusilə də ingilis ədəbiyyatını. Mən həmin ədəbi nümunələrdə ingilis cəmiyyətinin necə çirkab bir cəmiyyət olduğunu görürdüm.

Gallery

– Yerli yazarlardan heç kimi oxumursunuz?

– Hələlik bədii ədəbiyyatdan uzağam. Gənc şairlərin şeirləri qarşıma çıxdıqca oxuyuram. Amma bu saat onların adlarını yadıma sala bilməyəcəyəm. Əlbəttə könül istəyər ki, daha rahat şəraitdə, daha çox kitab oxuyum. Amma buna təəəsüf ki, zamanım çatmır.

– Həyatımın kitabı dediyiniz bir kitab varmı?

– Mənim həyatımın kitabları mənim dostlarımdır. Belə bir söz var ki, “İnsan elə yaşamalıdır ki, canlı “Quran” olsun”. Onların yaşam tərzi insanlara münasibəti mənə kitab qədər dəyərlidir. Cəfər Cabbarlı, Rəsul Rza, Mikayıl Müşviq kimi müəlliflərdən də çox şey öyrənmişəm.

 Son illər müğənnilərimiz arasında qələmini sınayanlar oldu. Kimisi şeir yazdı, kimisi roman yazdı. Sizin necə, belə bir istedadınız varmı?

– Təəssüf ki, belə bir istedadım yoxdur. Mən bəstəkaram, ifaçıyam. Düşünürəm ki, mən məhz bunun üçün gəlmişəm dünyaya. Əsas peşənin diktə etdiyi şeylər var. O çərçivədən çıxmaq olmur. Onu yerinə yetirəndən sonra qalan digər zamanı PR-a, bərpa olunmağa sərf edirik.

Gallery

– Bu gün nə istədiyini bilən, keyfiyyətli musiqidən başı çıxan dinləyici kütləsi azdır. Sizcə bu nədən qaynaqlanır?

– Bunun səbəbləri çoxdur. Amma deməzdim ki, onlar azdır. Onlar var. Sadəcə həmin dinləyicilər internetdə aktiv deyillər, ona görə geri qalırlar. Onlar sosial mediada fikir paylaşmadıqları üçün meydan cahiliyyətə qalıb. Özfəaliyyət səviyyəsində özünü təbliğ edən bir çox şəxslərə meydan verilməsə, onlar pul müqabilində efirə çıxarılmasalar, keyfiyyətli musiqi dinləyən, keyfiyyətli tamaşaçının sayı artar.

– Müsahibələrinizin birində demisiniz ki, sənətkarlar susduqca sənəti olmayanlar meydan sulayır. Sənətkarlar niyə susurlar?

– Mən öz adıma deyim ki, susmuram. Çünki mümkün qədər həqiqətləri demək lazımdır. Bəzən əşyaları, hadisələri və hadisələrin birbaşa iştirakçılarını adı ilə təqdim etmək lazımdır. Məsələyə sağından, solundan yanaşmaq lazım deyil. Bəzən mənim səsləndirdiyim fikirlər bir qədər sərt çıxır, amma düşünürəm ki, biz bunu deməliyik. Biz səssiz qalmaqla heç nə qazanmırıq. Problemlərimizi müzakirə etməliyik. Biz bir ailəyiksə, cəmiyyətin problemi də bizimdir. Müzakirə edəndə hansısa kənar cəmiyyəti müzakirə etmirik ki, özümüzü, evimizin içini müzakirə edirik. Bu gün gündəmi aşağı səviyyəli xəbərlər, aşağı səviyyəli oxucular doldurur.

– Deyəsən, söhbət internet vasitəsi ilə gündəmə gələn “sənətçilərdən” gedir?

– Mən bunu bir dəfə də demişəm, yenə deyirəm, internet müğənnilərinə hörmət etmirəm. İnternet hər kəsin istədiyi kimi istifadə edə biləcəyi, azad bir platformadır. Hamı evində kamera qarşısına keçib oxuyub internetdə yayaraq gündəmi tuta bilər. Prosesin bura qədər hissəsinə normal yanaşıram. Amma əgər biz bu prosesi sənət adlandırıb, həmin oxuyanı sənətçi kimi təqdim edib, hələ bir üstəlik əlinə mikrofon verib efirlərə dəvət ediriksə, günah bizdədir. Cəmiyyətin fikir sahibi olan, sözlərinin çəkisi olan ziyalı təbəqəsi buna reaksiya verməlidir.

Gallery

– İnternet vasitəsiylə məşhur olan ifaçıların hamısına istedadsız demək olarmı?

– Təbii ki, aralarında istedadı olanlar da var, amma təhsil almaq mütləqdir. Yol göstərilməlidir.

– Kim göstərməlidir o yolu? Sizin kimi sənətkarlar bu istedadlı gənclərə nə dərəcədə dəstək olur?

– Məni tanıyanlar bilir ki, hər zaman bacardığım qədər istedadlı gənclərə dəstək olan bir sənətçiyəm. Təcrübəmin mənə verdiklərini gənclərlə paylaşmağı sevirəm. Bu gün zaman qıtlığı səbəbindən təəssüf ki, pedaqoji fəaliyyətlə məşğul ola bilmirəm. Amma keyfiyyətli müraciəti dəyərləndirməyə çalışıram. Amma şərtim olur. Deyirəm əgər keyfiyyətli musiqi, keyfiyyətli iş ortaya qoymaq istəyirsənsə, mən sənin yanındayam. Yox əgər üç günlük musiqilərlə gündəmi tutmaq istəyirsənsə, məndən əlini üz.

– Müğənni üçün peşəkarlığın göstəricisi nədir; məşhurluq, yoxsa istedad?

– Peşəkarlıq məşğul olduğun peşənin sənə gəlir gətirməsidir. Əgər o peşə sənə qazanc gətirmirsə burda peşəkarlıqdan söhbət gedə bilməz. Peşəkarlıq sadəcə keyfiyyətlə, təhsilin, təcrübənin yüksək təbəqəsi ilə ölçülmür. Sən bu işi sata bilmirsənsə peşəkarlıqdan danışa bilməzsən. Mən bu gün peşəkar kimi deyə bilərəm ki, mənim işim mənim gəlirimdir.

Gallery

– Musiqiçinin peşəkarlığı yalnız toylardan deyil, həm də onun alın təri tökdüyü işdən gəlir qazanması deyilmi?

– Bu gün biz müğənnilər, nə albomdan, nə konsertdən gəlir əldə edə bilmirik. Bu işlərin tənzimlənməsi lazımdır. Bunun üçün isə prodakşnlar olmalıdır. Artist hansısa iş üçün cibindən pul xərcləməməlidir. Bu işi prodakşnlar etməlidir. Maya qoymalı, investisiya ayırmalıdır. Baxmayaraq ki, mənim hər layihəmdə sponsorlar var, yenə cibimdən xərcləyirəm. Çox çətin məsələdir, bizim sferanın tənzimlənməyən çox şeyləri var. Müğənninin toyu olmasa müğənni batır. Bu çox dəhşətli bir situasiyadır.

– Bu gün Tünzalə Ağayeva toy bazarı üçün mahnı yazdırırmı?

– Mən hesab edirəm ki, bizim çox gözəl toy mahnılarımız var. Toy üçün xüsusi mahnı yazdırmağa ehtiyac duymuram. Çünki mənim bu gün imic üçün gördüyüm işlər toya girir. Bu məni sevindirir. Cəmiyyət məni toya Tünzalə Ağayeva kimi çağırır. Mənim əlimə saz vermir ki, gəl aşıq mahnıları oxu. Mən heç onu etmərəm də. Çünki hərənin bir istiqaməti var.

– Müəllif hüquqlarınız yetərincə qorunurmu?

– Məsələyə dünya səviyyəsində baxsaq, əlbəttə ki yox. Bu gün mənim mahnılarım hitdir. Bütün otel və restoranlarda, mağazalarda, radiolarda səslənirsə, mənim müəllif hüququm qorunmalıdır. Amma qorunmur. Bizim bilmədiyimiz minlərlə məkan var ki, mənim mahnılarım səslənir, amma xəbərim yoxdur. Halbuki mənim orda müəllif kimi payım var. Heç bir ölkədə müğənni müəllifliyinin arxasınca qaçmır. Onun müəllif hüquqlarını qoruyan prodakşnlar, layihələr, platformalar və qanunvericilik var.

Gallery

– Yaradıcılığınızda caz musiqisinə xüsusi yer ayırırsınız. Bu gün caz musiqisinə maraq hansı səviyyədədir?

– Bu gün caz musiqisinə maraq deyərdim ki, əvvəlki illərə nisbətən xeyli yüksəlib. Stinq Poznora verdiyi müsahibəsində də bildirir ki, “Cazı kütlənin sevməsi mümkün deyil”. Bizim istiqamətimiz caz deyil. Ona görə biz geniş kütlədən cazı sevib, biməsini gözləyə bilmərik. Elə ölkələr var ki, orda əsas prioritet klassik musiqilərdir. Avstriya kimi bir cəmiyyət bu gün ancaq klassik musiqi ilə yaşayır. Bizdə caza maraq var, amma təbii ki, Avstriya Amerika ilə müqayisədə azdır.

– Avroviziyada bunun üçün şərait yarandı. Selin Dion, “ABBA”, Sezen Aksu, Sertap Erener, Kenan Doğulu və bir çox populyar müğənnilər ölkələrini zaman-zaman Avroviziyada təmsil ediblər. Bizim sənətçilər o arenada ölkəni təmsil etməyi niyə özünə sığışdırmır?

– Çünki Avroviziyanın ovaxtkı dəyərləri ilə indiki dəyərləri bir-birindən tamamilə fərqlidir. Mən o biabırçılığa getməyi özümə rəva bilmərəm. Dəyərləri dəyişsinlər, gedim. Gənclərin həvəsini, ölkənin o müsabiqədə iştirakını da hardasa anlamağa çalışıram. Amma ifrat şoular artıq Avroviziyanı gözdən salıb. Bu çərçivə İsraildə o qədər dağıldı ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Mən sadəcə şokda idim.

– Məşhur “Mehriban” şeirinə fərqli bir yanaşmanız oldu, amma mahnı birmənalı qarşılanmadı. Bu, sizi ruhdan salmadı?

– Mən onsuz da bilirdim ki, bu belə olacaq. Amma bizim tamaşaçılara deyəsən hələ də aydın olmayıb ki, mən Türkiyədə məşhur olan “Mehriban” mahnısını ifa etməmişəm. Mən Əbdürrəhman Karakoçun “Mehriban” şeirinə mahnı bəstələmişəm. O türkü ilə məni birləşdirən sadəcə sözlərdir. Əbdürəhman bəyin ailəsinin xeyir duasını almışam. Onlar da mahnını bəyəndilər. Mən heç vaxt belə həyəcan keçirtməmişdim. Çünki hər zaman özümə əmin bir ifaçı olmuşam, amma artıq möhürü qoyulmuş, hekayəsi, tarixi olan bir şeirə müraciət etmək məsuliyyətli idi. Qardaş ölkə olsaq da, bizim fərqli spesifik tərəflərimiz var. Buna görə də həyəcanlı idim ki, onlar buna nə dərəcədə demokratik baxacaqlar. Etiraz edənlərə də bir daha bildirmək istəyirəm ki, istənilən klassik şeirə istənilən zaman yeni mahnılar yazıla bilər, heç kim bunun qarşısını ala bilməz.

Gallery

– Bu gün ölkəmizdə tez-tez qadın cinayətləri baş verir. Sənətçi kimi sizi qorxudurmu, bu vəziyyət?

– Əlbəttə qorxudur, narahat edir. Çünki mən hər şeydən əvvəl anayam. Çox təəssüf olsun ki, qadınların öldürülməsi, qızların əzilməsi son illərdə adi hala çevrilib. Hətta Türkiyə kimi böyük ölkə belə hələ də bu problemlə mübarizə aparır. Cahillik min illərdir bitmir. Hərdən düşünürəm ki, biz – ilk dəfə qadına azadlıq verən Şərq ölkəsi necə oldu ki, bu nöqtəyə gəlib çıxdıq? Təmələ gedən problemlər var ki, onkoloji xəstəlik kimi təməldə kök salıb. Toplumun gözü açıq olmalıdır, ailələrdəki münasibətlər doğru qurulmalıdır.

– Bu, əslində bütün dünyanın problemidir. Dünyada sənətçilər həm də sosial məsuliyyət hiss edirlər. Qadına şiddət əleyhinə sosial çarxlara çəkilirlər, layihələr həyata keçirirlər.

– Biz də edirik zaman-zaman. Amma sosial çarxlar bu problemi yüz faiz həll etmir. Ailələrin təməlində ciddi problemlər var. Onlar həll olunmalıdır. Mən müğənni olaraq cəmiyyətimin bu faciəsinə necə səssiz qala bilərəm? Bir ana uşaqlarının gözü qarşısında öldürülürsə, buna necə reaksiya verməyə bilərəm? Biz Xocalı soyqırımından danışırıq bu gün. Ötən əsrdə ermənilər millətimizin bir qismini evlərində yatdığı yerdə qətl etdilər. Həmin vəziyyət bu gün Bakıda baş verir. Və ən dəhşətlisi odur ki, bu dəfə erməni yoxdur, biz özümüz özümüzə soyqırımı yaşadırıq. Ər arvadını öldürür. Bunun adı vandalizm deyil, bəs nədir? O kişinin mənim gözümdə ermənidən fərqi yoxdur. Bu gün qadınlar özlərini əzdirməmək üçün yalnız və yalnız oxumalıdırlar. Qadınlarımız təhsili buraxıb sadəcə ərə getmək xəyalı, varlı oğlan tapmaq xəyalı ilə yaşamasınlar. Qadın missiyasını anlamalıdır. Ana kimi öz vəzifəsini yerinə doğru yetirməlidir. İctimai qadınlar həm də evlərində xanım, ana olmağı bacarmalıdır. Övlada tərbiyəni qadın verir. Görünür ki, doğru övlad yetişdirə bilmirik. Bu qatilləri də özümüz yetişdiririk. Zeynalabdin Tağıyevin qızıl dəyərində bir sözü var. Deyir ki: ”Ağıllı oğlan yetişdirərsən, ağıllı şəxs qazanarsan, ağıllı qız yetişdirərsən ağıllı cəmiyyət qazanarsan”.

news-inner-user

Günel Musa
Share: