“Tovuzda vətəndaşların cəsarəti məni qürurlandırdı”

Sabir Rüstəmxanlı: “Kəndin erməni əsgərləri tərəfindən atəşə tutulmasına rəğmən sakinlərin əhval-ruhiyyəsi yüksəkdir”

“Tanınmış ziyalıları, şair və yazıçıları, millət vəkillərinin düşmənlə sərhəddə yaşayan insanlarla görüşməsi, onların problemləri ilə maraqlanıb mənəvi cəhətdən dayaq olmasına ciddi ehtiyac var”
İyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatlarının qarşısı  ordumuzun  qətiyyətli əks-hücum tədbirləri nəticəsində alınıb. Xeyli sayda canlı qüvvə və hərbi texnikasını itirən düşmən ordusu son nəticədə geri çəkilmək məcburiyyətində qalıb.
Əslində, Ermənistan silahlı qüvvələrinin son həmləsini yalnız təxribat saymaq da düzgün deyil.  Döyüşlərin bir neçə gün davam etməsi fonunda atəşkəs pozulmasının sıradan bir  sərhəd toq-quşması deyil, məqsədli şəkildə  həyata keçirilən hərbi təca¬vüzkarlıq olduğunu deyə bilərik.
Dünyanın diqqətinin Tovuz sərhədində  gedən döyüşlərə yönəldiyi bir vaxtda  paytaxt Ba¬kı və respublikamızın bir sıra şəhər və rayonlarında  döyüşən Azərbaycan ordusuna məhəbbət, şəhidlərimizin ru¬huna ehti¬ram ifadəsi olaraq keçirilən dəstək yü¬rüşləri, gursəsli çağırışlar da beynəlxalq ictimaiyyətin diqqətindən yayınmadı.
Bu mənada iyulun 12-dən etibarən başlayan döyüşlər dünya azərbaycanlıları tərəfindən  Azərbaycan o¬rdusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üs¬tünlüyünün, əsgər və zabitlərimizin döyüş şücaətinin yeni örnəyi kimi dəyərləndirildi.
 Qeyd edək ki, ermənilərin Tovuzda törətdiyi təxribatla bağlı ilk gündən narahatlığını ifadə edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Tovuz rayonuna səfər edərək atəşə tutulan kənd sakinləri ilə təmasda olub ümumi ab-havanı öyrənib, döyüşdə həlak olan şəhidlərimizin ailələrinə baş çəkib.
 Səfər təəssüratlarını “Şərq”lə bölüşən millət vəkili kənd sakinlərinin  sərhəd xəttinin  200-300 metr aralığında məskunlaşdığını və düşmən təxribatından qorxmadan orada yaşadıqlarını deyib:
“Mərd və qorxmaz xalqımızın bu cəsarəti məni qürurlandırdı. Kəndin erməni əsgərləri tərəfindən atəşə tutulmasına rəğmən   sakinlərin əhval-ruhiyyəsi yüksəkdir. Öz işində-gücündə olan ailələr  gündəlik həyatına davam edir.
Kənd sakinləri ilə görüşdən sonra  şəhid əsgərimiz Elşad Məmmədovun və şəhid gizir İlqar Zeynallının yas məclisində iştirak edib, ailələrinə başsağlığı verdim.  Şəhidlərin evləri də atəşə tutulan ərazidən  çox da uzaqda deyildi. Şəhidlərimizin məclisində böyük bir izdiham vardı,  müxtəlif kəndlərdən, rayonlardan axın edən insanların olması deməyə əsas verir ki, bu itki bir evin, bir ailənin yox, bütünlükdə elin yasıdır.
Hətta orda olarkən yerli sakinlər mənə  ordu ilə xalqın birliyini özündə əks etdirən maraqlı əhvalatlar da danışdılar. Elşadgilin həyətində digər şəhidlərimizin fotoları da öz əksini tapmışdı. Mən bu insanlarla söhbət əsnasında bir daha əmin oldum ki, bizim ölkə sərhədlərini qorumağa və Vətən uğrunda şücaətlə mübarizə aparmağa qadir ordumuz və xalqımız var”.
İctimaiyyət üzvlərinin  tez-tez yerlərə səfər etməsinin, cəbhə xəttində yaşayan sakinlər, əsgərlərlə  görüşməsinin  ölkədə vətənpərvərlik və milli birlik ruhunun inkişafında əhəmiyyətli rol oynadığını vurğulayan deputat 1990-cı illərin əvvəllərində də bu cür görüşlərin olduğunu xatırladıb: “Son zamanlar bu istiqamətdə fəallıq azalıb. Hesab edirəm ki, respublikamızın tanınmış ziyalıları, şair və yazıçıları, millət vəkillərinin düşmənlə sərhəddə yaşayan insanlarla görüşməsi, onların problemləri ilə maraqlanıb mənəvi cəhətdən dayaq olmasına ciddi ehtiyac var”.
Son olaraq  Bakıda keçirilən orduya dəstək yürüşünün əhəmiyyətinə toxunan millət vəkili deyib ki,  şəhid xəbərlərindən sonra onminlərlə Azərbaycan gəncinin səhərə qədər paytaxt küçələrində “Şəhidlər ölməz, Vətən bölünməz”, “ya Qarabağ, ya ölüm” şüarları səsləndirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmələri şəhid ailələri tərəfindən də yüksək rəğbətlə qarşılanıb:
“Ölkədə sərt karantin rejiminin tətbiqi və pandemiyanın yoluxma dinamikasındakı artıma rəğmən Azərbaycan gəncliyinin  ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi əvəzsiz hadi¬sədir!  Gənclərin küçələrə axışıb ordumuza və dövlətimizə dəstək nümayişi şəxsən məni də çox qürurlandırdı.
Bütün dünya, ilk növbədə, düşmən və düşmənin ha¬vadarları gördü ki, Azərbaycan xalqı quru şüarçılıqla məşğul deyil – zarafat eləmir – Azər¬bay¬canın ərazi bütövlüyü təxirəsalınası, gözardı ediləsi məsələ deyil və ola da bilməz!
 Azərbaycan gəncliyi  bir daha  istənilən vaxt düşmən üstünə getməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Sonda yaşanan təxribata rəğmən bu yürüş xalqın  döyüş əzminin  sınmadığını göstərdi”.
Müstəqil.Az
mənbə: şərq qəzeti

 

Share: