ƏZİZ DOSTLAR!
Mən heç bir siyasi partiyanın üzvü deyiləm.Lakin mənim vətəndaş mövqeyim var və ölkədə baş verən hadisələri susqunluqla müşahidə etmək mənim xarakterimdə deyil.Odur ki,bir vətəndaş,ziyalı,yazar kimi son hadisələrə öz münasibətimi bildirməyi borc bilirəm.
Səmimi deyirəm, Prezidentin kadr islahatı ürəyimcədir və alqışlayıram.Arzu edirəm bu islahat davamlı,uğurlu olsun.
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi qərarını da razılıqla qarşıladım. Dostlarımdan oxuyanı olubsa, xatırlayarlar,bir müddət əvvəl bu seçkilərin keçirilməsinin labüdlüyü barəsində status yazmışdım. Çox yaxşı ki,belə qərar qəbul edildi.
Lakin bu məsələdə bir incəlik var və o haqda fikrimi bildirmək istəyirəm.
Sözsüz ki,Milli Məclis seçkili orqandır və burda təyinat yox,tövsiyə ola bilər. Bu təbiidir.Diğər tərəfdən, deputat seçilmək hər bir vətəndaşın konstitutsion hüququdur və bu hüquqa qadağa qoymaq qanuna ziddir.Lakin…
Lakin Azərbaycanda bu seçkilər Avropa ölkələrindən fərqlidir. Mənim fikrimcə, Avropa modeli bizim üçün yaramır.Əvvəla,adından bilindiyi kimi Milli Məclis milli dəyərlərimizi qorumaqla formalaşmalıdır. Hər deputat təxminən 100 min vətəndaşı təmsil edir. Və deputatın necə olması millətin simasıdır. Deputatın savadı,istedadı ilə yanaşı əxlaqı olmalıdır. Əxlaqı olmayan sənət adamının,korrupsiyalı məmurların,məslək və əqidəsi sabit olmayanların Milli Məclisə yolu bağlı olmalıdır. Nəyin bahasına olursa olsun! Məgər bizdə yüksək əxlaqi keyfiyyətlərə malik, dövlətə, dövlətçiliyə sadiq görkəmli sənət adamları, ayrı-ayrı sahələr üzrə mütəxəssislərimiz, alimlərimiz azdırmı?! Milli Məclis qanunverici orqandır. Qanundan başı çıxmayanın orda nə işi var?!
Təkrar edirəm, MM bir güzgü kimidir. Orda təmsil olunanlar hamıya, xüsusən gələcək nəslə nümunə olmalıdırlar.
Mən bütün siyasi partiyalara, kütləvi-informasiya vasitələrinə, seçicilərə müraciət edirəm:
-Gəlin,düzgün seçim edək. Milli Məclisin normal tərkibdə seçilməsinə nail olaq. Bu seçim fikrimcə Prezident tərəfindən də normal qarşılanacaqdır!