Təyyarələrin qəzaya düşmə səbəbləri – İlginc faktlar

Xəbər verdiyimiz kimi, fevralın 18-də İranda təyyarə qəzası baş verib. “Aseman Airlines” şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. İsfahan vilayətində qəzaya düşən təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub ki, qəza zamanı onlardan heç biri sağ qalmayıb.

Müstəqil.Az  Musavat.com-a istinadən xəbər verir ki, İranda baş verən bu hadisədən bir həftə öncə, 11 fevral tarixində Rusiyada da təyyarə qəzası baş vermişdi. Həmin qəza nəticəsində də təyyarədə olan 60 sərnişin və 6 heyət üzvü həyatlarını itirmişdilər. Bildirildi ki, bu qəza ilə bağlı əsas səbəb ehtimalı pilotun uçuşdan əvvəl turbinləri lazımınca qızdırmaması və antifrizin lazımi miqdarda olub-olmadığını yoxlamaması olub.

Bəs dünyada təyyarə qəzaları hansı səbəbdən baş verir?

Bir həftədə iki aviaqəza qeydə alınsa da, əslində təyyarələrdə qəza törətmə ehtimalı 11 milyondan birdir. Qəza baş verdikdə isə oradan kimsənin sağ qurtulma şansı da elə bir o qədərdir. Ona görə də təyyarələr təhlükəsiz nəqliyyat vasitəsi hesab edilsə də, bu texnologiyada kiçik bir səhv, böyük problemlərə yol aça bilər. Hazırkı zamanda təyyarələr çox inkişaf edib. Buna görə də pilotlar təyyarəni idarə edən zaman elə də böyük əziyyət çəkmirlər. Pilotun peşəkarlığı əsasən təyyarənin eniş, qalxış və qəza riski yarandığı ortaya çıxır. Elə təyyarələr də əsasən qalxan və enən zaman qəza törədirlər.

İndiyə qədər təyyarə qəzaları zamanı yüzlərlə insan dünyasını dəyişib. Ən çox qəza törədən təyyarələr sırasında Rusiyanın “Tu” tipli təyyarələrinin adı yer alır. Yüksək standartlara cavab verməyən bu təyyarələrdən Azərbaycan da daxil olmaqla bir sıra ölkələr imtina ediblər.

Tarixi ilk təyyarə qəzası, 17 Sentyabr 1908-ci ildə uçağın ixtiraçısı Orville Wright tərəfindən törədilib. Təyyarədə olan iki nəfərdən biri ölüb, biri də ağır yaralanıb. Əlbəttə ki, aviasiya sənayesi o gündən bəri uzun bir yol keçib və 100 illik inkişafdan sonra, təyyarə qəzalarının hər il azalması müşahidə edilir. Yuxarıda da qeyd etdiyimiz kimi təyyarələr çox zaman kiçik bir səhv nəticəsində qəzaya düşürlər.

Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (International Air Transport Association) 2014-cü ildə yaydığı məlumata görə, dünyada təxminən 25 min təyyarə, 50 mindən çox marşrutdan istifadə edir. Bu təyyarələrin təxminən yarısı eyni zamanda uçur. Bildirilir ki, buna baxmayaraq 30 il əvvəl ölümlü qəza nisbəti hər 252 milyon kilometr uçuşda 1 olduğu halda, indi bu rəqəm 2 milyard 520 kilometrdə 1-ə enib. Bu araşdırmaya görə bir sərnişinin təyyarədə həyatını itirmə riski 8 milyonda 1-dir. Daha sadə desək, bir adam 21 il hər gün uçarsa, onun bu illər ərzində qəzaya düşmə riski 1 faizdir. Əlbəttə ki, bütün bu nəticələr yüksək səviyyəli səylərə əsaslanır. Təyyarələr getdikcə inkişaf etdirildiyi kimi pilotlar da daim texniki bilgilərini artırırlar. Hər pilot daim özünü inkişaf etdirməli, yenilikləri öyrənməlidir.
Təyyarələrin qəza törətməsinin səbəbləri sırasında əsas yeri motorda yaranan problemlər tutur. Statistikaya görə qəzaların 50 faizindən çoxu uçuş qrupunun səhvi, 20 faizi təyyarədəki mexaniki səhvlər, 10 faizi təyyarəyə texniki qulluğun əksik göstərilməsi, 5 faizi uçuş xətlərinə nəzarətçinin səhvindən qaynaqlanır. Beləliklə, əsas səbəblər insan səhvi, texniki problemlər və təmir xətasıdır. Meteoroloji şərtlər, quş çarpması, yanğın, təxribat və mübahisəli bir vəziyyət olan cib telefonu istifadəsi kimi faktorlar isə bu mövzuda az risklər sırasında da olsa rast gəlinəndir. Bu səbəblərin bəzilərinə detallı formada nəzər salaq.
Pilotla əlaqədar problemlər hansılardır?
Uzun və yorucu bir təhsil dövründən sonra pilotlar istifadə etdikləri təyyarədə oriyentasiya təlimini alırlar və kifayət qədər təcrübə əldə etdikdən sonra onlara beynəlxalq sertifikatlar verilir. Lakin bütün bunlara baxmayaraq pilotun yaratdığı problemlər hələ də qəzaların təxminən 50 faizini təşkil edir. Bu vəziyyətin əsas səbəbi pilotların texniki problemləri müşahidə etmək üçün gecikməsidir.

Pilotların sağlamlıq vəziyyəti həmişə vacib bir amildir. Hər bir pilotun uçuşdan öncə sağlamlığı yoxlanılır və buna ciddi nəzarət var. Məsələn, yalnız bu səbəbdən, pilotlar zəhərlənmə riskinin qarşısını almaq üçün uçuş zamanı yemək yemirlər.

Pilotun şəxsi həyatı da uçuş təhlükəsizliyi baxımından həyati əhəmiyyətə malikdir. Məsələn, 24 Mart 2015-ci ildə, Fransanın cənubunda 144 sərnişin və 6 heyətin dünyasını dəyişdiyi təyyarə qəzasında pilotların ağır depressiya yaşadığı və müalicə gördüyü ortaya çıxıb. İddia edildi ki, pilotlar intihar məqsədilə bu cür qəzaya yol açıblar.

Texniki səbəblərdən yaranan problemlər…

Təyyarənin ana parçaları qəbul edilən motor, qanad, yanacaq anbarı, gövdə, alt qismə hər uçuş əvvəli nəzarət edilsə də, bəzən problem çıxa bilir. Belə texniki qəzalar hadisənin baş vermə səbəblərinin 20 faizini təşkil edir. Bu baxımdan təhlükəsiz uçuşda mühəndis və texniki heyət əhəmiyyətli rol oynayır.
Təyyarə, aid olduğu ölkənin şirkəti tərəfindən davamlı yoxlanılır. Hətta zaman-zaman təyyarədəki sistemlərdə yaxşılaşdırmalar edilir. Əgər şirkət bunu etmirsə, lisenziyası alına, cəzalandırıla bilər. Ancaq buna baxmayaraq gözdən qaçan məqamlar olur. Çox zaman qəzaya səbəb oxşar səbəblər olur. 1994-2004-cü illərdə ABŞ-da ölümcül qəzaların 42 faizi texniki səhvlərdən yaranıb.

Yuxarıda da qeyd etdiyimiz kimi metroloji şərtlər, havanın necə olması, ildırım və digər bu kimi məsələlər də qəzaya yol aça bilir. Hər kəs üçün maraqlı məqam odur ki, təyyarədə nə üçün mobil telefonun istifadəsinə icazə verilmir?

Uçuş zamanı mobil telefonların istifadəsi mübahisəli məsələdir. Hal-hazırda, uçuşlar zamanı qalxma və enmə zamanı adətən telefonlar tamamilə söndürülür. Bildirilir ki, bəzi aviaşirkətlər və yeni təyyarə modelləri bu məhdudiyyəti aradan qaldırıblar.Amma telefonlarla əlaqədar ümumi söylənilən budur ki, mobil telefonların istifadəsi, havada siqnalların qarışmasına səbəb olur. Nəticədə pilotlar mərkəzlə əlaqədə çətinlik çəkə bilərlər. Buna görə də hazırda bir çox aviaşirkətlər uçuş zamanı sərnişinlərə telefonlarını söndüməyi və ya uçuş rejiminə qoymağı xahiş edirlər. Amma statistikalarda telefona görə hansısa aviaqəzanın baş verməsi ilə bağlı fakta rast gəlmədik.

Müstəqil.Az

Share: