Təranə Fazilqızının “Atılmışlar”ı   

(Esse)

Qışın gəlişi soyuq  küləklər, yağışlarla başladı. Küçələri su basmış, tıxaclardan yaranan gediş-gəliş zülmə dönmüşdü. Kövrək ağacların qaməti əyilmiş, bəzi elektrik xətləri sıradan çıxmışdı. Pəncərəni döyən yağış kədərdən don geyib üstümə gəlirdi. Həmən gün dostlarımla birgə  Binədəki “Ümid Yeri” uşaq evinə getməliydik. İliyə işləyən soyuq  da bir yandan tənbəllik  azarımı  artırır, evdən çıxmağıma mane olurdu. Könülsüz olsa da, geyinib hazırlaşdım. Çətirimi götürüb  qaçaraq görüşə tələsdim.

Xeyli ərzaq, oyuncaq,  müxtəlif geyimlər, uşaq arablarını  maşınlara  yükləyib  yola düzəldik. Yolboyu uşaqları düşünürdüm. Xoşbəxtlikdən yağış dayanmış, şəhər qara buludlardan təmizlənmişdi. Yarım saatdan sonra, torpaqdan gələn nəm qoxunu ciyərlərimizə çəkib göy darvazadan içəri girdik. Gələcəyimizi qabaqcadan xəbər versək də, həyətdə ins-cins gözə dəymirdi. Çox da böyük olmayan, təmizliyi göz oxşayan həyətin bir güncündə sıra ilə əkilmiş qızılgüllər vardı. Nəzərimi daha çox cəlb edən eyvanın sütununa ilan tək dolaşan üzüm meynəsi oldu. Torpağı  kəhraba qumlu, bağ evlərini xatırladan bu həyətdə baş-başa vermiş əncir ağacları, bir də uşaqlar üçün qəribsəyən üç yelləncək vardı.  İkimərtəbəli, uzun şüşəbəndli bu evə giriş iki müxtəlif  qapıdan keçirdi. Kim var, kim yox deyə, xeyli çağırandan sonra, dolu bədənli bir qadın şəpşəplərini sürütləyərək bizə tərəf yeridi. Sağlam görnüşlü, qırmızı yanaqlı qadının mehriban təbəssümü vardı. Paltarın üstündən keçirtdiyi önlük  aşpaz olduğunu bildirirdi. Əllərini önlüyə silib bizə “xoş gəldiz” – deyərək, uşaqların  Ağ şəhərə şənliyə aparıldığını dedi. Narahat olmayın, çoxdan gediblər, indilərdə gələrlər. Gətirdiklərimizi eyvana boşaltdıqdan sonra, uşaqların yaşam şəraitilə maraqlandıq. İkinci mərtəbədə yerləşən yataq otaqları oğlanlar və qızlar üçün uzun dəhlizdən sonra iki hissəyə bölünürdü.  Otaqlarda istilik sistemi, müasir mebellərlə təchiz olunmuş nərdivanlı yataqlar, daimi interneti olan  kompyüterlər,  kino zalı,  idman otaqları  göz-könül oxşayırdı. Bütün bunlara baxmayaraq, bu rahatlıqda  ata-ana sevgisini verməyən boşluq,  kimsəsizlik vardı.

Pilləkənlərlə aşağı düşüb şüşəbəndə bitişik kiçik otaqları da gəzdik. Otaqların birində təxminən 4-5 yaşlı iki oğlan uşağı oyuncaq üstdə bir-birini didirdi. Onları sakitləşdirib həyətə çıxartdım. Məlum oldu ki, hər ikisi uşaq evinə təzə gəliblər. Daha çox ağlayan, mühitə uyğunlaşa bilməyən körpələrdən biri az qala yalvararaq əlimdən tutub: “Apar məni evimizə nolar, mən anamı istiyirəm” – deyəndə dolub qalmış, bir müddət nə deyəcəyimi, necə ovunduracağımı bilməmişdim. Hələ uzun illər qulaqlarında əks-səda verən “atılmışlar” sözünün ağırlığını daşıyacaq bu uşaqlar təkliyə düşəndə göz yaşlarıyla həmdərd olacaqdılar. Ana sevgisindən məhrum  bu körpələrə  tale daha  hansı acıları yaşadacaqdı  görən?

Təzə gətirdiyimiz oyuncaqlarla başlarını qatıb ovundurdum.  Ağrısnın faciəsini dərk etməyən saf uşaqlar hoppanıb-düşür, yellənçəkdə şənlənirdilər. Üzülmüş halda soyuq olsa da, pilləkəndə oturdum. Nəzərimi zivədən uşaq paltarları sərən arıq qadın cəlb etdi. Bayaqdan varlığı belə gözə çarpmayan bu qadın hardan peyda oldu, deyə düşündüm. Yaxınlaşıb hal-əhval tutdum. Onun  təmizləyici olduğunu bildim. Elə yenicə söhbət edirdik ki, ağlayan çağa səsi hər ikimizi diksindirdi. Qadın yan otağa keçib beşikdən  8-9 aylıq körpəni qucağına aldı. Qıvrımsaçlı, qara gözlü çox şirin bu qız diqqətlə mənə baxırdı. Uşağın qeyri-qanuni doğulduğunu bildirən ana  getməyə yeri olmadığı üçün evdən qovulmuş, “Ümid Yeri”nə pənah gətirmişdi. Valideynlərinə üz qaralığı gətirən, günahı olsa belə, övladını ana sevgisindən məhrum etməyən qadın əməlinin peşmançılğını simasında gəzdirirdi. Süd qoxulu körpənin totuq əllərini öpdüyüm zaman ana sevgisinin böyüklüyünü  bir daha yaşadım.

Ətrafa yayılan uşaq səsləri, hay-küy məni duyğulardan ayırdı. Uşaqlar yeni il  şənliyindən  qayıtmışdılar. Təxminən  40- 50 nəfərdən ibarət olan bu uşaqlar müxtəlif  yaş qruplarında idilər. Yeniyetmə qızlar, oğlanlar çoxluq təşkil edirdi. Hay–küy salan 9-10 yaşlı uşaqlar olmaqla hər kəsin geyimi təmiz və səliqəli idi. Məktəbin direktoru Fəridə xanım çıxışının sonunda təşəkkürünü bildirib, bizə söz verdi. Arzularını uşaqlara bildirən böyüklər gətirdikləri hədiyyələri bir andaca paylaşdırdı.

Söhbətə baməzə yanaşan oğlanlar əksər suallara istehza ilə cavab verirdilər. Bir-birindən əzbərləmiş kimi çoxu rəssam, aktyor olacağını deyirdi. Səbəbini soruşanda çiyinlərini çəkib gülür, deməyə söz tapmırdılar. İzahı isə, sonradan mənə məlum olan keçmiş məzunlardan birinin aktyor, digərinin rəssam olması idi. Divar boyu yağlı boya ilə çəkilən təbiət təsvirləri rəssam məzunun əl işi idi. Şagirdlərin uğurları, gəlin köçən qızların xoşbəxt izdivacını  müəllim fərəhlə danışırdı.

Bir neçə ay öncə  Maştağa kəndindən gələn Hacı xanmlar “Ümid Yeri”ndən  qız gözaltı  edib  kasıb bir oğlan üçün elçi düşmüşdülər. Hamılıqla  razılığa gəlib  qıza cehiz verən, toy edən  dindar  xanımlar da,  gənclər də  bu izdivacdan çox məmnun idilər.

 Övladlığa  götürülən, ailə mühitinə alışmayıb qaçan uşaqlar da olmuşdu, yeni  ailəsinə bağlanıb dərdini unudanlar da. Uşaqların hər birinin dünyaya sığmayacaq arzuları var. 10 yaşlı Əli mahnı oxumaqla yanaşı dediyinə görə tütəkdə ifa da edir. Uşaqlarla mübahisə vaxtı tütəyi sındırılan Əli gələn dəfəki görüşümüzdə bizdən tütək gətirməyimizi istədi.

Yeniyetmə qızlara gəlincə  kameradan qaçır, ünsiyyətdən  çəkinirdilər. Pəncərə önündə pıçıldaşan sarışın qızlarla maraqlandım. Məlum oldu ki, onlar bacıdılar. Anaları maşın qəzasında həlak olandan sonra, içkiyə qurşanan ata günlərlə evə gəlmirmiş. Böyük  qızın  on iki,  digərinin yeddi, kiçiyinin  üç  yaşı olub o zaman. Qohumları  yiyə durmadığından qonşların köməkliyi ilə beş il idi ki “Ümid evini” qızlar özlərinə ocaq, isti yuva bilirdilər.  Dərdini içində çəkən bu uşaqların gözlərindəki  kədər adamı üşüdürdü. Onlar  dağılmış  yuvalardan  perik   düşən  körpə   qaranquşlara  oxşayıdılar.

Düşüncələri də tam fərqli idi. Həyat oğlanların gözündə məcara dolu əyləncə, qızların kədərli  baxışlarında isə soyuqluq və tənhalıq  idi…

 

 

Share: