Bir il çoxdur ki, zərərçəkmiş tərəf istintaqın birtərəfli aparıldığını iddia edir: narkotik asılılığı, psixi vəziyyət və qətlin motivi ilə bağlı hansı suallar hələ də açıq qalır?
Ötən ilin rezonans doğuran cinayət hadisələrindən biri tanınmış iş adamı Emil Ağacanovun işçisi İradə Oleq qızı Muradovanın ölümü ilə bağlı açılmış cinayət işi oldu. Hadisədən sonra ölkə mediasında çoxsaylı xəbərlər, araşdırma materialları və video-süjetlər yayımlandı.

“Mustaqil.az” olaraq biz də hadisənin ilk günlərindən bu işlə bağlı baş verən prosesləri diqqətdə saxlamışıq. Cinayətin xarakteri, istintaqın gedişi, Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai araşdırma, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadə sona çatdırdığı məhkəmə işi, eləcə də Bakı Apellyasiya məhkəməsinin hakimi Elməddin Mirpaşa oğlu Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasına qədər baş verənlər barədə materiallar hazırlamış, hüquqşünas və ekspertlərin mövqelərinə yer vermişik.
Lakin aradan bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra mühüm suallar hələ də cavabsız qalır.
“İstintaq birtərəfli aparılıb”
Zərərçəkmiş tərəfin bizimlə dəfələrlə söhbətləri zamanı səsləndirdiyi əsas iddialardan biri Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai istintaqın birtərəfli olması ilə bağlıdır.
Mərhum İradə Muradovanın qanuni nümayəndəsi, zərərçəkmiş kimi tanınan bacısı Rəna Muradova bildirir ki, bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara müraciətlər edilib.

Onun sözlərinə görə, cinayətin ilk günlərində hadisəni törətdiyi bildirilən şəxsin verdiyi bəzi ifadələr və etiraf xarakterli məlumatlar sonrakı araşdırmada lazımi şəkildə nəzərə alınmayıb.
Zərərçəkmiş tərəf hesab edir ki, iş üzrə bütün hallar, o cümlədən hadisənin motivi, təqsirləndirilən şəxsin psixi vəziyyəti, narkotik vasitələrdən istifadə edib-etməməsi və bu vasitələri hansı şəraitdə əldə etməsi tam və obyektiv şəkildə araşdırılmalı idi.
23 avqust 2025-ci il: hadisənin baş verdiyi gün
2025-ci il avqustun 23-də tanınmış sahibkar, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən İtaliya brendi “YAMAMAY”ın sahibi olduğu bildirilən Emil Ağacanovun Yasamal rayonunda yerləşən mənzilində onun işçisi İradə Muradova iş adamının özü tərəfindən xüsusi amansızlıqla öldürülüb.
Hadisədən sonra cinayət işi başlanıb və uzun müddət istintaq və məhkəmə araşdırmalarının predmeti olub.
Bu müddət ərzində hadisə ilə bağlı onlarla məqalə hazırlanıb, video-süjetlər yayımlanıb.
Zərərçəkmiş tərəfin iddiasına görə isə məhkəmə prosesinin gedişində əsas mübahisə doğuran məsələlərdən biri təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı olub.
Rəna Muradovanın sözlərinə görə, müdafiə tərəfinin qaldırdığı vəkil vəsatətlərinə, eləcə də işin müxtəlif aspektlərinin araşdırılması ilə bağlı tələblərə lazımi diqqət göstərilməyib. Bəzi hallarda vəsadət rədd edilib.
Bu iddiaların hüquqi qiymətini, əlbəttə, məhkəmə və digər aidiyyəti instansiyalar verməlidir.
“Bacımın qanını batırdılar…”
Redaksiyamızda olarkən Rəna Muradova eyni fikri dəfələrlə təkrarladı:“Bacımın qanını batırdılar.”
Onun fikrincə, hadisənin yalnız təqsirləndirilən şəxsin narkotik tərkibli maddələrin təsiri altında olması və ya psixi vəziyyəti ilə izah edilməsi kifayət deyil. Rəna Muradova hesab edir ki, cinayətin törədilmə şəraiti, motivi və hadisədən əvvəl və sonra baş verən bütün məqamlar ətraflı araşdırılmalıdır.

O, qarşıda apellyasiya və digər məhkəmə instansiyalarının olduğunu, zərərçəkmiş tərəfin öz hüquqlarından istifadə edərək şikayətlərini davam etdirəcəyini bildirir.
Psixi vəziyyətlə bağlı mübahisə
İş üzrə diqqət çəkən məqamlardan biri təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspertiza və müalicə məsələləridir.
Zərərçəkmiş tərəf hesab edir ki, bu məsələyə qiymət verilərkən yalnız bir istiqamətə deyil, bütün faktlara kompleks şəkildə yanaşmaq lazım idi.
Rəna Muradovanın diqqət çəkdiyi digər məqam isə təqsirləndirilən şəxsin narkotik vasitələrə münasibəti və həmin vasitələri hansı yolla əldə etməsi ilə bağlı araşdırmaların aparılmamasıdır.
Onun sözlərinə görə, həm istintaq, həm də məhkəmə prosesində bu məsələ dəfələrlə gündəmə gətirilsə də, zəruri araşdırma aparılmayıb.
Həkimin ifadəsi hansı sualları doğurur?
Məhkəmə araşdırması zamanı səsləndirilən ifadələr arasında Reabilitasiya Mərkəzinin direktoru, həkim Araz Əliyevin bildirdiyi məlumatlar da diqqət çəkir.
Həkimin ifadəsində qeyd olunur ki, o, Ağacanov ailəsinin digər bir üzvünü — təqsirləndirilən şəxsin bacısı Nigar xanımın da müalicə edib.

Həkim həmin şəxsdə kəskin təşviş və psixoloji pozuntu müşahidə etdiyini, bununla bağlı müalicə təyin etdiyini bildirib. Onun ifadəsinə görə, belə pozuntular bioloji amillərlə yanaşı, narkotik vasitələrdən sui-istifadə halları ilə də əlaqəli ola bilər.
Bu ifadə zərərçəkmiş tərəfdə əlavə suallar yaradıb.
Rəna Muradova bildirir ki, təqsirləndirilən şəxsin bacısının kifayət qədər nüfuzlu bir musiqi məktəbində müəllim kimi çalışdığı qeyd olunur. Bu səbəbdən o hesab edir ki, həkimin səsləndirdiyi ehtimalların da aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir. Məktəbdə gənc nəsil təhsil alır və nəzərə almaq lazımdır ki, musiqi sahəsində təhsil alan tələbələr həm həssas, həm də duğusal olur.
Burada xüsusi vurğulamaq lazımdır ki, həkimin ifadəsində səsləndirilən ehtimal hər hansı şəxsin narkotik vasitələrdən istifadə etməsini və ya psixi xəstəliyinin olduğunu avtomatik olaraq təsdiq etmir. Bu kimi məsələlər yalnız müvafiq tibbi və hüquqi araşdırmalarla müəyyən edilə bilər.
“Sən mənim üçün ölməmisən…”
2026-cı il avqustun 23-də İradə Muradovanın ölümündən bir il ötüb.
Faciəli hadisənin ildönümündə diqqət çəkən başqa bir məqam da ortaya çıxıb.
Zərərçəkmiş tərəfin bildirdiyinə görə, Emil Ağacanov müalicə aldığı psixoloji mərkəzdən mərhum İradə Muradovanın məzarına gül çələngi göndərib.

Çələngin üzərində isə bu sözlərin yazıldığı bildirilir: “Sən mənim üçün ölməmisən.”
Bu ifadə Rəna Muradovanı ciddi şəkildə narahat edib.
“Bu nədir?” — deyə o sual edir.
Onun fikrincə, belə bir ifadə bir tərəfdən mərhumun unudulmadığını göstərsə də, digər tərəfdən cinayətin motivi və təqsirləndirilən şəxsin mərhumla münasibətinin xarakteri barədə yeni suallar yaradır, anlaqsız elan edilən qatil bu qədər müddətdə eyni fikirdədirsə, və böyük bir biznes şəbəkəsini qurub idarə edibsə, indi də biznesinə “içəridən” istiqamət verirsə, o heç də anlaqsız kimi tanınmamalıdır .
Bu gül çələnginin məzar üstünə göndərilməsi, həqiqətən də sevgi, psixoloji bağlılıq, peşmanlıq, yoxsa tamamilə başqa motivin ifadəsidir?
Bunu müəyyənləşdirmək üçün hadisədən əvvəl tərəflər arasında hansı münasibətin mövcud olduğu, həmin münasibətin necə inkişaf etdiyi və cinayətə aparan səbəblərin nədən ibarət olduğu araşdırılmalıdır.
Hələ cavabsız qalan suallar
İradə Muradovanın ölümündən bir ildən artıq vaxt keçib. Lakin zərərçəkmiş tərəfin mövqeyindən yanaşdıqda, bir sıra suallar hələ də açıq qalır:
Cinayətin real motivi tam müəyyənləşdirilibmi?
Təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı bütün hallar obyektiv şəkildə araşdırılıbmı?
Onun narkotik vasitələrdən istifadə edib-etməməsi və bu vasitələri hansı yolla əldə etməsi tam müəyyənləşdirilibmi?
Hadisədən əvvəl və sonra baş verən bütün məqamlar araşdırmaya daxil edilibmi?
Mərhumla təqsirləndirilən şəxs arasındakı münasibətin xarakteri cinayətin motivinin müəyyənləşdirilməsi baxımından kifayət qədər araşdırılıbmı?
Zərərçəkmiş tərəfin məhkəmə və istintaq zamanı qaldırdığı bütün vəsatətlərə hüquqi qiymət verilibmi?
Qətli törədən şəxsin işlətdiyi mobil telefondakı danışıqların aşkarlanması üçün vəkilin qaldırdığı vəsadətin rədd edilməsinin hansı məqsəd daşıdığını hakimin izah etməməsinin səbəbi aydınlaşacaqmı
Bu sualların cavabı yalnız istintaq və məhkəmə materiallarının tam təhlili, ekspertiza rəyləri və digər sübutların məcmu halında qiymətləndirilməsi ilə ortaya çıxa bilər.
Zərərçəkmiş tərəfin israrla, ibtidai istintaq zamanı məhkəmə tibbi ekspertizaya cavabdek mütəxəssislərin, həkimlərin ilkin olaraq gəldikləri qənaət niyə arayışda fərqli şəkildə əks olundu və sair…
İradə Muradovanın ailəsi isə hesab edir ki, bacısının ölümü ilə bağlı bütün suallar cavablandırılmalı, cinayətin motivindən tutmuş təqsirləndirilən şəxsin psixi vəziyyətinə qədər hər bir məqam obyektiv və hərtərəfli araşdırılmalıdır.
Çünki bir insanın həyatı sona çatıb.
İndi isə əsas məsələ yalnız hökmün çıxarılması deyil.
Əsas məsələ odur ki, İradə Muradovanın ölümünün bütün həqiqətləri ortaya çıxarılsın.
Ötgün
Müstəqil.Az





















