İNAMIN ÇÖKÜŞÜ
Bir yol çəkmişdim gözlərimin içindən
sənin səsinə qədər,
arzuları düzmüşdüm günlərə,
xəyalları saatlara yığmışdım,
ümidlərim lal sükutdan qoparaq
sənə tərəf açılmışdı yarpaq–yarpaq.
Sən hər kəsdən ayrı idin,
səsindən yağış yağırdı,
səsindən şeir axırdı,
bütün fəsillər yaz idi,
səsindən bahar baxırdı…
Yad səslərin hay–küyündən uzaqlaşıb
səsin düsən yerdə könlüm dirçəlirdi,
çirkli baxışlardan,
saxta sözlərdən,
boyalı üzlərdən,
dünyanın nəfs qoxusundan üşüyən ruhum tək sənin səsində dincəlirdi.
Tanrıya yaxın sandığım səs idin,
hər kəs öz kölgəsində gizlənəndə
tək sən ruhuma bəs idin.
Sənə inandığım qədər dünya ağır gəlmədi,
ucaltdığım yerdən yıxılmaq varmış…
İndi sükut da üşüyür səsindən,
bir yol çəkmişdim gözlərimin içindən,
gözümün yolu uzandı, səsinə çata bilmədim.
31/05/2026.
Şeirin Bədii Təhlil :
Surə Zadenin bu poetik miniatürü lirik qəhrəmanın daxili dünyasını və “inamın çöküşünü” çox incə detallarla təsvir edir.
Əsərin əsas mövzusu sevgidə xəyanət, ümidlərin puç olması və mütləq güvənin itməsidir. Müəllif fiziki ayrılıqdan çox, ruhsal bir qırılmanı ön plana çıxarır.
Mətndə “səs” obrazı sadəcə bir akustik element deyil, sığınacaq, təmizlik və ilahi bir rahatlıq məkanıdır. Səs yağışla, şeirlə, baharla eyniləşdirilir. Dünyanın “nəfs qoxusundan” qaçan ruh yalnız bu səsdə dincəlir.
Yazar mətndə iki fərqli dünyanı qarşı-qarşıya qoyur. Bir tərəfdə saxta sözlər, boyalı üzlər və çirkli baxışlarla dolu xarici dünya, digər tərəfdə isə “Tanrıya yaxın sanılan” saf səs. Bu təzad sondakı çöküşün ağrısını daha da böyüdür.
“Gözlərin içindən səsə çəkilən yol”, “saatlara yığılan xəyallar”, “sükutun üşüməsi” kimi bədii təsvir vasitələri mətni vizuallaşdırır. Ümidlərin “yarpaq-yarpaq açılması” isə hisslərin təbii, canlı və kövrək olduğunu göstərir. “Ucaltdığım yerdən yıxılmaq varmış” cümləsi əsərin emosional zirvəsidir. İnamın dərəcəsi nə qədər uca olubsa, yıxılmağın ağrısı da bir o qədər ağır təsvir edilir. “Səsinə çata bilmədim” ifadəsi ilə yolun sonsuz bir intizara çevrildiyi vurğulanır.
Uğurlar arzulayıram Sizə, dəyərli xanım!
31.05.2026





















