Sükutun səsi 

Narıngül NADİR
(Hekayə)

Qoca həyətdəki yaşıl otların arasıyla uzanan dar cığırla elə var-gəl edirdi ki, gəzişməkdən daha çox ətrafdakı sükutu qovana bənzəyirdi. Kənardan müşahidə edərək: “Bu adam, vaxtın suyunu çıxardır,” qənaətinə də gəlmək olardı.
Həyətin ortasıyla uzanan cığır qocanın ruhuydu, onu çəkib həyətin bu başından o başına aparırdı. Bu həyətdə hər şey onun canına hopmuşdu. Quyunun başındakı su qurğusunu da özü ixtira etmişdi. Buz kimi sərin suyu bu qurğuyla yuxarı vurur, bəh-bəhlə gündə neçə dəfə əl-üzünü yuyub sərinlənirdi. O başda, həm həyətin, həm də cığırın sonunda, ayaqyolu yerləşirdi. Qoca gəzintiyə çıxırmış kimi, ehtiyacı oldu-olmadı gündə neçə dəfə bura gəlməyə həvəsliydi. Həyətdəki irili-xırdalı meyvə ağacları, axar-baxarlı yerdə düzəldilmiş taxta oturacaq – hər şey-ona gün kimi aydın idi. Bu həyətdə qocadan başqa böyük bir sükut da yaşayırdı. Qoca onu səbrlə dinləyir, yoldaşlıq edirdi.
Amma əvvəllər buralar belə deyildi. Həyətdəki haylı-küylü adamların səsi, qarışıq xor kapellasını xatırladırdı. Hamı birlikdə danışıb gülür, birlikdə sevinir, birlikdə nəyinsə üstündə mübahisə edirdi. Onda qoca məmnunluqla böyük izdihamın səsini dinləyirdi. Bəzən ərklə:-nə olub, bir az asta danışın, camaat köçür əlinizdən, -deyərək həyətdəkiləri danlayardı. Eh, yaman gözəl günlərdi… Qoca o günləri xatırlayıb köksünü ötürürdü.
Qoca istəsə yenidən bu həyətdə izdiham yaratmağa qadirdi. Uzaqda yaşayan qızlarını, başqa ölkədə məskən salmış oğlunu çağırıb gətirər, hamını başına yığar, bu həyəti yenidən canlandırardı. Amma nə mənası vardı ki?! Bir müddət sonra yenə hər şey öz əvvəlki halını alacaq, hamı dağılışıb gedəcəkdi. Ona əbədi olmayan heç nə gərək deyildi.
Qızı həmişə şəhərdən gələndə xəbərsiz, çox vaxt da səhər tezdən, çiçəklərin üstündən şeh qurumamış gəlirdi. Gəlişiylə əməlli- başlı işıqlanırdı həyət-baca.Qızın gəldiyi maşın çox bahalıydı, yəqin ki, bu kənddə belə bahalı maşın yoxdu. Əslində, onun gəlişini bir-iki qonum –qonşunun görməsi də pis olmazdı. Amma gəldiyi maşın ərinin dostunun maşını olduğundan bu arzusunun üstündən xətt çəkməli olurdu. Ərinin işi çox idi, odur ki, imkanı yoxdu tez-tez kəndə gəlməyə.
Atasının açıq-aşkar xoşu gəlmirdi, qızın yad kişiylə bir maşında uzaq yol gəlməsindən. İradını bildirmişdi bir dəfə. Qız da öz “dərsini ” almışdı, odur ki, bu səhər qapıda tək görünmüşdü.
Bu gün də qoca adət etdiyi kimi ləng addımlarla, ayağını sürüyə-sürüyə cığırla yeriyirdi. Eyvanın məhəccərinə söykənmiş qız baxışlarını atasının kürəyinə zilləmişdi və hər an onu səsləyib nə isə soruşa bilərdi. Bəlkə də, heç belə deyildi, amma qocaya elə gəlirdi. Bu isə, onun hər günkü yerişinin ləngərini bir qədər dəyişirdi. Əslində, yerişin tabelikdən çıxması heç xoşa gələn hal deyildi. Qoca illər ərzində öz hökmranlığını qoruyub saxlamağa çalışmışdı.
Şəhərdə yaşayan qızını da qoca özü çağırıb gətirtmişdi. Onunla məsləhətləşmək, hər şeyi ölçüb – biçmək istəyirdi. Sonunu danışacaqdı qızıyla: gündəlik vəziyyətini, dolanışığını, xəstəliyini, lap elə öləndən sonra yasının necə təşkil ediləcəyini – hər şeyi müzakirə edəcəkdi. Həyatının axarını, nəticəsini əvvəldən müəyyənləşdirməyə adət etmişdi. Hazırladığı qrafik üzrə hərəkət edirdi həmişə.
Qoca addımlarını yavaşıdıb əncir ağacının altındakı oturacaqda əyləşdi. Burdan həm evin eyvanı, həm də qonşu qadının bostanı görünürdü. Qonşu qadın onun ruh yoldaşıydı, ikisi də tək olduqlarından son vaxtlar günlərini birlikdə keçirirdilər. Balacaboylu, ağbəniz, arıq bədənli qadındı. İllər ötsə də sifətinin cizgiləri öz zərifliyini qoruyub saxlaya bilmişdi. Üzünə baxıb heç cür yaşını təyin etmək olmazdı, zalım qızının saçı da ağarmırdı heç. Təkcə o bilirdi qadının yaşını. Səssiz-səmirsiz, bir kəlmə danışmadan duyurdu qadını, onun varlığına şükürlər edirdi. Qadın, qocanın indiki zamanıydı və bu zaman məvhumu hər ikisi üçün çox vacib idi.
– Deyəsən, qonağın gəlib…
Qadın birdən – birə hasarın arxasından peyda oldu və səsində bir ərköyünlük duyulurdu. Son vaxtlar bu qadın onu hamıdan yaxşı oxuyurdu.
– Gözün elə bizm həyətdə olsun.
Əslində, istəyirdi qadına dil-ağız etsin, bir-iki kəlmə xoş söz desin, qeyri-ixtiyari belə dedi. Həmişə beləydi qoca. Özü də bilmədən şirin- şirin danışdıqları yerdə qəfildən bir – iki zəhərli sözlə sancırdı qadını. Amma qadın incimirdi.
Qadın başını aşağı salıb soğan ləkinin içərisində qurdalandı. Üzündə xoş təbəssüm vardı, xoşbəxtliyə də bənzətmək olardı.
Bu an qocaya daha vacib olan, eyvanda elə hey fırlanan, qab-qacağı o tərəf-bu tərəfə daşıyan qızıyla edəcəyi söhbətdi… Qız əyninə qara rəngli, zərif paltar geyinmişdi, uzaqdan çox gözəl görünürdü. Paltarın açıq yerlərindən ağ, işıqlı və hamar dərisi parlayırdı. Qoca eyvandakı qızını gözaltı süzüb ürəyində onunla qürrələndi.
Qız əlindəki bahalı telefonla kiminləsə danışırdı. Deyəsən, kimləsə mübahisə edirdi.
-Sən məni başa düşə bilmirsən e… Anlada bilmirəm səni, səbr elə, görüşəndə hamısını danışarıq.
Açıq – aşkar bilinirdi ki, xəttin o başındakı adam qızı üçün əhəmiyyətli adamdı.Telefondakı adamla mübahisə etdikcə üzünə qüssə qonurdu. Yəqin ki, bu dəqiqə atasının varlığını belə unutmuşdu, bütün fikri o adamın yanındaydı. Nə olursa-olsun, qoca qızının bikefləməsini istəmirdi. Yaxında olsaydı soruşardı ki, bu kimdir, uzun – uzadı nə danışırsan onunla? Ancaq lüzum görmədi. Onsuz da axır vaxtlar qızı ilə söhbəti heç alınmırdı.
Qoca qızının uşaqlığını xatırladı: tez-tez təpiklərini yerə döyərək ağlayardı. Göz yaşları üzünə yuvarlanar, sarı, qıvrım saçları bir-birinə qarışardı. Qız o vaxtlar da inadcıldı, istədiyini almayınca əl çəkməz, hamını özüylə razılaşmağa məcbur edərdi. Qoca bu qızını o biri uşaqlarından daha çox sevirdi, ərköyün böyütmüşdü onu. Bu ərköyünlük deyəsən get-gedə hökmranlığa çevrilmişdi. Qızı o biri uşaqlara da hökm etməyə, onları idarə etməyə başlamışdı. Əlbəttə, bunun qocaya dəxli yoxdu. Qoca heç… O, özü hokmrandı. Əvvəllər olduğu kimi yenə bu ailənin başçısıdır, nə dəyişib ki…?!
Görəsən, bu gün də bir – birini anlaya biləcəkdilərmi? Bəlkə, heç ümumiyyətlə, nə vaxtdan bəri qəlbini, düşüncəsini zəbt etmiş, həll olunacağını gözlədiyi narahatlığını qızına açıb- tökməyin mənası yoxdu? Ola bilsin ki, qız yenə də: “nə istədiyini özün də bilmirsən”, – deyə onu məzəmmət edəcəkdi. Elə isə, onu çağırıb gətirtməyin nə mənası vardı? Qoca köksünü ötürdü.
Qoca çəpərin alçaq yerindən qonşu həyətin bostanına tərəf boylandı. Qonşu qadın nədənsə gözə dəymirdi, sanki qəsdən evə çəkilmişdi. Qoca yaxınlıqdakı çöl quşlarını hündürdən söydü. Çəpərin arxasından xışıltı eşidildi. “Burdasanmış, burda dayanıb izləyirsənmiş, burda olduğunu özün özün hiss etdirmirsən”. Ürəyində qadınla danışdı. Qadın da onu görmürmüş kimi tərəvəzin dibini boşaltmağa başladı. Amma qoca hiss etdi ki, qadının fikri hasarın bu üzündə, qulağı səsdədir.
İstədi qonşu qadına desin ki, qızım gəlib. Qoy görsün, bilsin ki, tək deyil, onu axtarırlar. Qadın özü çəpəri bu tərəfə adladı.
Qız eyvandan qadını görüb aşağı endi. Onunla çoxdan görüşmədiyi əziz adamlar kimi görüşdü, şirin – şirin söhbət etməyə başladı. Qoca qızının istiqanlılığına həmişə mat qalırdı. O, istənilən adamı dərhal ələ almağı bacarırdı. Qadın da qızla əməlli- başlı söhbətə girişmişdi. Deyəsən, qız atasını ciddi– cəhdlə qadına tapşırırdı.
Qadınla söhbətini bitirən qız tələm – tələs evana qalxdı.
Bir az ləngidikdən sonra qoca da eyvana qalxdı.
Qız yenə telefonla danışırdı, bu dəfə əhvalı yüksəlmişdi:
– Hə… Oldu, yaxşı, incimirəm. Narahat olma, anladım. Qız atasını görüb tez telefonu söndürdü, üzünə laqeyd ifadə verdi.
Qoca dilxor oldu: “ Nə qədər telefonla danışmaq olar. Kimdir axı bu adam?!” Hər halda, Kamal deyidi. O olsaydı qızı belə ehtiyatlanmazdı. Dodaqaltı kürəkəninin dalınca qeyzləndi: “Qadını nəzarətsiz buraxmazlar. Əsl kişi heç vaxt qadına etribar etməz!” Özünü saxlayammayıb bir qədər sərt şəkildə qızına təpindi:
– Kamal səni niyə tək buraxıb, gərək özü gətirərdi.
Qızı dərhal narazılığını biruzə verdi:
– Bilirsən ki, o, iş adamıdır, bir dəqiqə boş vaxtı olmur. Yenə hər şeydən gileylənmə, axır vaxtlar çox deyingən olmusan. Gəl yeməyini ye! Deyəsən, yemək də yemirsən, çox arıqlamısan.
Yeməyi ikisi də könülsüz yedi. Qocanın nəinki yeməyə, heç danışmağa da həvəsi yoxdu. Qızıyla götür-qoy edəcəkləri, danışacaqları – hər şey qeybə çəkilmişdi. Başa düşdü ki, qızı ilə danışmağa elə bir söhbət qalmayıb. Onsuz da lazım olanları uzun müddətdir davamlı görüşlərində hissə-hissə, anbaan danışıb əritmişdilər…
– Nə deyirsən, gedirsən bizimlə şəhərə?
Qoca bu sualı neçənci dəfəydi eşidirdi. Bilirdi ki, bu hər ikisinin arasına bəndsiz, güvənsiz körpü kimi atılmış bir sualdı və heç birinin bundan yapışmaq, xilas olmaq fikri yoxdur. Qız onsuz da atasının nə cavab verəcəyini bilirdi.
Qoca qızının sifətinə baxdı. Onun üzünün hamar, ağ dərisi ilan qabığına bənzəyirdi, par-par parıldayır, adamın gözlərini qamaşdırırdı. Gözlərinin dərinliyində xudpəsəndlik və hiylə qarışıq bir ifadə vardı. Bu gözlərin dərinliyindən umduğu sevgi və nəvazişi axtarıb tapmağa qocanın hövsələsi çatmadı.
– Həyətdən meyvə dər uşaqlar üçün.
Qız əlindəki selofan torbanı götürüb dinməz-söyləməz atasının arxasınca həyətə endi. Ağacların üstü meyvəylə doluydu. Hər ikisi həvəslə yetişmiş meyvələri torbaya yığdılar.
Qoca xeyli dirçəlmiş kimi görünürdü. O, sevinclə ağacların arasında gəzişir, uşaq kimi suallar verir, ağacların budağını silkələyərdi. Kənardan baxan elə düşünərdi ki, qızının getməyinə, tezliklə bu həyətdə azad olacağına sevinir.
Qoca artıq ürəyindəcə qızı ilə sağollaşmış, onu yola salmışdı. İndi qalan şeylər barəsində düşünürdü. Düşünürdü ki, həyət – bacanı səliqəyə salmaq lazımdı. Evin arxasını ağartmaq da olar, nə vaxtdır əl dəymir. Bilmək olmaz dünyanın işini. Əcəldi, birdən sabah qapını döydü… Ürəyində yas üşün qurulacaq mağarın yerini də müəyyənləşdirdi. Hər halda adam çox olacaqdı. Şəhərdən gələnlər, qohumlar, tanışlar, hamı tökülüşüb gələcəkdi.
Qızı meyvə dolu torbalarını gətirib qapının ağzına qoymuşdu, yol tədarükü görürdü. Sürətlə o tərəf- bu tərəfə qaçır, heç nəyi yaddan çıxarmamağa çalışırdı. Telefonu qocanın yanında həyətdə qalmışdı. Telefonun zəngini eşidən kimi tez özünü ora çatdırdı.
– Yəqin Kamaldır, – deyə atasına izahat verdi.
Qocanın ürəyindən qızını uşaq vaxtlarda olduğu kimi cəzalandırmaq, əməlli-başlı tənbeh etmək keçdi. Yüngülcə köksünü ötürdü.
Qızı onu qucaqlayıb kövrəldi:
– Özünə fikir ver, dərmanlarını iç! Yenə tək qaldın, ürəyim sənin yanında qalacaq.
Qoca istədi ki, həyəti göstərib soruşsun: “Mən heç, bəs bu sükutu, sükutu neyləyim?” Bildi ki, qızı həmişəki kimi, yenə onu anlamayacaq. Bir söz demədən qızını sinəsinə sıxdı. Ürəyinə bir doğmalıq, hərarət axdı.
Qız yolun ortasına çatıb yenidən səsləndi:
– Tez qayıdacağam. Yenə gələcəyəm.
Qoca artıq onu eşitmirdi. Fikri başqa yerdəydi. Həyətə qayıdıb bir xeyli aşağı – yuxarı var-gəl etdi. Evə çıxmağa tələsmədi. Qonşu qadının qapıdan səsi gəlirdi. Qocanı görüb çəpərin bu üzünə adladı.
– Qız getdi?
Qoca başının işarəsiylə onu yanına çağırdı, əliylə işarə edərək yanında yer göstərdi. Qadın on beş yaşındakı qız kimi nazlanaraq gəlib onun yanında əyləşdi.
– Gözün bizim həyətdə olsun. Birdən ölüb eləsəm xəbər tut. Qəfildən ölüb evin içində qalaram, heç kim bilməz, biabır olaram. Axşam eyvanda işığı yanılı qoyacağam. Əgər görsən ki, lampa uzun müddət sönməyib, deməli, ölmüşəm. Qalanını özün bilirsən…
Qoca bu sözləri bəlkə yüzüncü dəfəydi söyləyirdi, hər dəfə də qadın onun “cavabını” lazımınca verirdi:
– Ölən deyilsən, qorxma, yalandan hay-küy salma. Sən bizim hamımızı öldürüb sonra öləcəksən!
Qadın əlləriylə dizlərini ovuşdurdu. Deyəsən getməyə hazırlaşdı. Qoca onun qolundan tutub saxladı:
– Hərdən acılamışam səni. Amma xətrini çox istəyirəm, lap çox! Ən əziz, ən yaxın adamsan mənə, inan buna. Qoca əməlli-başlı kövrəlmişdi.
Qadın da kövrəldi, həm də nədənsə utandı. Sanki qoca ona evlənmək təklif edirdi, başını aşağı saldı. Bu dəfə həmişəki günlərdən fərqli olaraq xeyli ləngidi qocanın yanında. Birlikdə soğan ləklərinə baxdılar, bostanı gözdən keçirdilər, həyət-bacanı gəzdilər. Hasardakı keçiddə qadın yenə də özünəməxsus şəkildə sağollaşdı:
– Bir də belə sarsaq-sarsaq danışma! Səhər tez dur, yatıb qalma! Əncirləri yığmaq lazımdır, belə getsə quşlar axırına çıxacaqlar. Səsləyərsən gəlib kömək edərəm.
Qoca bir söz demədən evə tərəf addımladı. Ev başdan –başa sükutla dolmuşdu.Yerinə girib yorğanı başına çəkdi, nədənsə ürəyi titrəyirdi. Uzun, quyu kimi dərin, sonsuz bir gecə başlandı.
Ertəsi gün qocanın eyvanında yanılı qalmış lampanın közərən işığı uzun müddət sönmədi. Sonra günəş dağların arxasından şaxələnmiş şüalarını inadla kəndə doğru uzatdı. Şüalar get-gedə böyüdü, işıq selinə döndü. Gur şüaların altında əriyən lampa işığı get – gedə öləziyib tamamilə görünməzə çevrildi.

Share: